Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Fazil bəy, Azərbaycanla Ermənistan arasında sülh müstəvisində proseslərin dayandığı müşahidə edilir. Sülh yoxdursa, digər variantın, yəni müharibə ehtimalının güclənməsi də qaçılmaz görünür. Ermənistanın xarici işlər naziri də Laçın yolu ətrafındakı məsələləri şərh edərkən bu ehtimalın qaldığı demişdi. Siz necə düşünürsünüz?
- Sülh yoxdursa, sözsüz ki, müharibə riski hələ də qalır. Çünki Ermənistan sülh danışıqlarına hələ də maraq göstərmir. Bu ölkə Fransa və İranın himayəçiliyi ilə nələrinsə dəyişəcəyinə ümid bəsləyir. Amma Azərbaycan onu nümayiş etdirir ki, Ermənistanın hərbi ritorikadan çıxış etməyə real potensialı yoxdur. Bu, Ermənistan üçün böyük bir fəlakətə səbəb ola bilər. Sözsüz ki, bu dəfə Azərbaycanın daha sərt üslub ortaya qoyacağı qaçılmazdır. Sadəcə olaraq indi Ermənistanı arxayın salmağa çalışırlar. Məqsədləri prosesi bir az uzatmaqla guya reallığı dəyişməkdir. Amma fakt odur ki, Azərbaycan bütün sahələrdə öz təşəbbüskarlığını qoruyub saxlayır.
- Avropa Parlamentinin absurd qərarından sonra Beynəlxalq Ədalət Məhkəməsi erməni tərəfinin Laçın yolu və digər məsələlərlə iddialarını rədd etdi. Hər iki qərarın Qərbdən verildiyini əsas gətirsək, yaranmış təzadı necə şərh etmək olar?
- Avropa Parlamentinin çıxardığı absurd qərar ermənilərin pulu ilə ələ alınmış deputatların təşəbbüsü ilə ortaya qoyulmuşdu. Amma Avropanın bir çox sistemində bu məsələlərə ciddi ağılla yanaşan insanlar var. Onlar bu məsələyə dair konkret mövqe bildirir. Düşünürlər ki, Azərbaycan ərazisinə yönəlmiş bir təklifi səsləndirmək və bununla bağlı hansısa qərar çıxarmaq yolverilməzdir. Ola bilsin, Avropada bəziləri düşünür ki, hansısa bir zəif dövlətə qarşı belə bir yanaşma ortaya qoymaq olar. Amma onlar unudurlar ki, Azərbaycan zəif dövlət deyil və bu kimi məsələlərdə ölkəmizin reaksiyası daha sərtdir. Təbii ki, onlar bunu İspaniya, Fransaya deyə bilməzlər. Ona görə də, bu, boş və məntiqsiz yanaşmalar idi. Azərbaycan isə məsələlərə sağlam məntiqlə yanaşır.
- Avropa İttifaqı Ermənistan ərazisinə uzunmüddətli bir missiya göndərib. Belə olduğu halda Azərbaycanın Avropa İttifaqının sülh təşəbbüslərinə münasibəti necə olacaq?
- Ermənistan öz ərazisinə kimi istəyir gətirsin. İran da bu ölkədə öz çirkin maraqları üçün boş-boş işlər görür. Bunlar mənasız məsələlərdir. Ümumilikdə bunlar prosesi dəyişmir. Çünki bizim üçün əsas olan Azərbaycan sərhədlərinin təhlükəsizliyidir. Əvvəllər ATƏT-in Minsk Qrupu formatında və sair bura kimlərsə gələ bilirdi. Amma indi Azərbaycanın icazəsi olmadan kimsə bizim ərazimizə daxil ola bilməz. Belə bir vəziyyətdə Avropa İttifaqı Ermənistan daxilində nə qədər istəyir müşahidə aparsın. Həmin missiya gəlib Cermuxda oturub erməni konyakından içib, əyləncə təşkil edib, 10 il də qala bilər. Bununla heç nə dəyişməyəcək. Onlar Ermənistanda insan hüquqları və sair məsələlərlə məşğul ola bilər. Əsas odur ki, bu cür məsələlərdə Azərbaycana təsir etmək imkanına sahib deyillər. Belə bir imkana sahib olmayacaqlar. Onlar da Azərbaycanın öz mövqeyini qorumasında olan israrını görür. Artıq özləri də qeyd edirlər ki, Azərbaycanın razılığı olmadan burada hər hansı bir missiyanın uğur qazanacağına ümidlər azdır. Bunu əslində Rusiya tərəfi də etiraf edib.
- Azərbaycanın İrandakı səfirliyinə qanlı terror hücumundan sonra ölkə daxilində din pərdəsi adı altında fəaliyyət göstərən media və digər qurumların fəaliyyəti ilə bağlı məsələlər gündəmə gəlir. Sizcə, İranın Azərbaycanda agentura şəbəkəsi qurmaqda məqsədi nə olub?
- İran Azərbaycanda uzun müddətdir ki, özü üçün geniş agentura şəbəkəsi qurub. Bu şəbəkənin genişlənməsində ölkəmizdə bir çox rəsmi qurumların biganə yanaşmasının təsiri var. Amma son 5-6 ildə bu istiqamətdə konkret addımlar atılıb. Dövlət təhlükəsizliyinin qorunması ilə bağlı çox ciddi, prinsipial bir xətt izlənilir. Bu da müsbət bir tendensiyadır. Çünki hər bir dövlət öz təhlükəsizliyini bu formada qorumalıdır. Başqa ölkə burada özü üçün qurumlar yaradıb. Hətta Azərbaycanda evdar qadınları, ziyarətə gedən insanları, xüms yığanları İran özünün nüfuz dairəsinə daxil edərək agentura şəbəkəsi formalaşdırıb. Bu şəbəkənin ifşasına, zərərsizləşdirilməsinə ehtiyac var idi. Azərbaycan dövləti birmənalı şəkildə bu addımı atmalıdır. Çünki dövləti qorumaq hamımızın borcudur. Amma məsələ tək bu addımlarla bitməməlidir. Təbliğat işi də mütləq ki güclənməlidir. Ağıllı formada sadəlövcəsinə, bilmədən bu şəbəkənin içərisinə düşmüş insanların maarifləndirilməsinə ehtiyac var. Çünki onlar başa düşməlidir ki, bizim ən böyük inancımız Azərbaycan dövlətidir.