4 Fevral 2023 17:00
1 234
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sirr deyil ki, istənilən dövlətin əgər bir regionda, ölkə içərisində maraqları varsa, onu reallaşdırmaq üçün müəyyən vasitələrdən istifadə edir. Bunlardan biri sözsüz ki, mediadır. Yəni, mediada müəyyən adamlar ələ alınır, onlarla “iş” aparılır. Bu cəhətdən Azərbaycanda ən aktiv “işləyən” ölkələr Rusiya və İrandır. Hadisələrin gedişi də bunu təsdiq edir.

Bu sözləri Teleqraf.com-a mediada yer almış, başqa ölkələrin casus və agentura şəbəkəsi ilə bağlı mövzunu şərh edən media üzrə ekspert, professor Qulu Məhərrəmli deyib.

O qeyd edib ki, İranla Azərbaycanı bir çox tarixi, mənəvi tellər bağlayır:

“Müştərək tariximiz, dinimiz var. İranda 30 milyondan artıq azərbaycanlı yaşayır. Eyni zamanda bu dövrlərdə İranla Azərbaycan əlaqələrinin intensivliyi də sözsüz ki, zəruri olur. Məhz bu gediş-gəlişdən İran kəşfiyyatı “məharətlə” isifadə edə bilib. Bir ölkədə oturub ABŞ, İran, Rusiya haqqında yazmaq heç də ona agent deməyə əsas vermir. Bu, o işlə məşğul olan adamlardır ki, onlar həm təşkilati baxımından, həm yazılarında ardıcıl olaraq müəyyən bir dəsti-xətti irəlilədirlər. Belə yazılar da konkret tapşırıqlar və tezislər əsasında olur. Yəni, başqa bir ölkənin burada olan maraqlarını, siyasi iddialarını bu və ya digər formada əsaslandırmağa çalışan əməlli-başlı bir şəbəkə formalaşır”.

Media eksperti hesab edir ki, İran da məhz bu sistemlə işləyir: “Görünür ki, Azərbaycanın xüsusi xidmət orqanları da bu məsələyə qarşı adekvat addımlar atır. Bu minvalla da belə proseslər gedir. Beləliklə də onları aşkarlamaq mümkün olur. Amma bu o demək deyil ki, ucdan tutma böyük bir agentura şəbəkəsi sistemi var. Çünki qurunun oduna bəzən yaş da yana bilir. Adamlar bəzən bilmədən bu prosesdə iştirak edir. Əslində bu cür faktlar da var”.

Qulu Məhərrəmli deyib ki, İran ən müxtəlif üsullarla bu prosesi aparır:

“Bu sözsüz ki, təkcə media sahəsində deyil. Bu ölkə Azərbaycana qarşı xüsusi psixoloji, mənəvi, "humanitar” müharibə aparır. Misal üçün Azərbaycan musiqisinə, iqtisadiyyata, təhsilə müdaxilə faktları var. Eyni zamanda müxtəlif formalarda kütlələrin şüuruna mümkün təsir imkanları nəzərdən keçirilir. Bütün bunların hamısı isə İranın Azərbaycana qarşı aparmış olduğu müharibənin bu və ya başqa formada ifadəsidir. Ona görə də, yaşadığımız dövrün həssaslığını, gedən prosesləri bilmək çox vacibdir. İnsanları, medianı, cəmiyyəti məlumatlandırmaq vacibdir. Hazırda media savadlılığı məsələsi gündəmdədir. Əslində bu çox önəmli bir məsələdir. İndi ABŞ, Çin, Yaponiya və başqa ölkələrdə media savadlılığı ilə ciddi şəkildə məşğul olunur. Bu baxımdan insanların bəlli bir səviyyədə media düşüncəsi, informasiya savadı, mədəniyyəti olmalıdır ki, ağı-qaradan fərqləndirə bilsinlər. Çünki insanlar bu cür məlumatlar niyə, nə üçün, kim tərəfindən verilir, hansı məqsədlə yayılır kimi məsələləri dərk etmək üçün müəyyən bir bilgiyə, savada malik olmalıdır. Bizlər də media təmsilçiləri olaraq bu məsələyə diqqət yetirməliyik”.


Müəllif: Tapdıq Qurbanlı