Ermənistan hakimiyyətinin, Nikol Paşinyanın son anti-Rusiya demarşları, münasibətləri korlaması nəticədə qarşı tərəfdən daha sərt reaksiyaların verilməsinə səbəb oldu. Beləliklə də Rusiya xarici işlər naziri Sergey Lavrov ilk dəfə olaraq Ermənistanı Azərbaycanın 7 rayonunu işğal etmiş bir ölkə adlandırdı. Məhz keçmiş Minsk Qrupu dövlətləri içərisində ilk dəfə olaraq Rusiya tərəfindən Ermənistan öz adıya işğalçı terminindən istifadə olaraq adlandırıldı.
Bunu Teleqraf.com-a "Bakı" politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov deyib.
O qeyd edib ki, Lavrovun səsləndirdiyi həmin termin Şərqi Zəngəzur torpaqlarına aid edilirdi: “Bu, Qarabağa aid edilməyib. Qarabağla bağlı Lavrov Ermənistanı Almatı razılaşmalarını qəbul etməkdə günahlandıraraq bu məsələdə Azərbaycana güzəştə gedildiyini dolayısı yolla qeyd etdi. Əslində hər bir tərəf başa düşməlidir ki, Qarabağ və Şərqi Zəngəzur Ermənistan tərəfindən işğal edilmişdi”.
Politoloq Ermənistanın danışıqlarda Azərbaycanla imzalanmış Almatı sazişini dəstəklədiyini bildirib: “Burada Qarabağ Azərbaycan ərazisi kimi öz təsbitini tapıb. Çünki Azərbaycan və Ermənistanın keçmiş SSRİ sərhədləri məhz Almatı sənədlərinə uyğun tanınıb. İndiki dövrdə isə Azərbaycanla Ermənistan arasındakı sülh müstəvisində aparılan danışıqlarda Rusiyadan başqa Qərbin nə dərəcədə maraqlı olduğu açıq-aşkar görünür. Hazırda Rusiyadan fərqli olaraq Qərbin Cənubi Qafqazdakı proseslərə baxış bucağı ondan ibarətdir ki, Azərbaycan və Ermənistan sülh əldə etsin. Amma Qərbin istəyi odur ki, bu sülh əldə edilərkən Rusiyanın bölgədən çıxarılmasına daha tez nail olunsun. Çünki Qərb üçün indiki məqamda Qarabağaın heç bir önəmi yoxdur. Burada vəziyyətin uzanıb-uzanmayacağı Qərbi o qədər də maraqlandırmır”.
Zaur Məmmədov hesab edir ki, hazırda Azərbaycanla Ermənistan arasında sülh danışıqlarında heç bir proqres yoxdur: “Danışıqlar dalana dirənib. Bu danışıqların dalana dirənməsinin ən böyük səbəbkarı N.Paşinyan iqtidarıdır. Çünki onlar iradə nümayiş etdirib prosesi irəliyə aparmaqda maraqlı olmadığını göstərdi. Bu azmış kimi qarşı tərəf regionu yeni müharibəyə yuvarlatmaq istəyir. Hətta bu regionda yeni müharibənin başlanmasında bəzi böyük dövlətlərin də maraqlı olduğu görünür”.
Siyasi ekspertin fikrincə, Rusiyanın Ukraynadan sonra əsas hədəflərindən biri Ermənistan olacaq: “Ona görə də, N.Paşinyan Ermənistanı xilas etmək üçün Rusiyaya qarşı demarşlar etməyə çalışır. Qərbi bu bölgəyə gətirərək ondan mümkün qədər kömək umur. Düşünür ki, Qərb ona kömək edəcək”.