22 Fevral 2023 09:05
2 593
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Natiq Miri Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Münxen Təhlükəsizlik Konfransına Xameneyi rejiminin nümayəndələrinin yox, İranın sonuncu şahı Məhəmmədrza Pəhləvinin ailə üzvlərinin çağırılması müzakirə mövzusuna çevrilib. Sizcə, konfransın təşkilatçıları niyə belə bir seçim etdilər?

- Əslində, bu, qlobal səviyyədə baş verən proseslərin məntiqi nəticəsi, həm də qlobal böhrana səbəb olan dövlətlərə - İran və Rusiyaya verilən gözdağı idi.

Münxen Təhlükəsizlik Konfransına yalnız iki dövlət – Rusiya və İran dəvət edilmədi. Bu konfransın əsas leytmotivi məhz Rusiyanın Ukraynadakı işğalçı müharibəsi oldu. Məzlumun – Ukraynanın yox, işğalçı Rusiyanın yanında yer almağa qərar verdiyi və bu yöndə rus ordusunu silahlandırdığı üçün İran bu konfransa dəvət almadı. Beləliklə, Rusiyanın yer aldığı siyahıya daxil edildi.

Bu kontekstdə Qərbdə İrandakı mövcud mollakratiyaya qarşı alternativ kimi önə çıxarılan Pəhləvi rejiminin qalıqları konfransa dəvət olundu.

Yenə deyirəm: bu, bir gözdağı və İrana verilən mesaj idi. İndi dünyadan təcrid edilmiş iki dövlət varsa, biri Rusiya, digəri İrandır. Bu da gələcəkdə İrana qarşı daha sərt məhdudiyyətlərə, daxildə kütləvi iğtişaşlara və molla rejimini dəyişmək üçün hərbi seçimlərin gündəmə gəlməsinə yol aça bilər. Artıq buna hazırlığın getdiyi görünür.

- Bəs İrandakı kütləvi etirazlar fonunda fəallaşan Pəhləvi ailəsinin yenidən hakimiyyətə gəlməsi ehtimalı nə qədərdir? Şahın oğlu Rza Pəhləvinin özü də belə bir niyyətlərinin olduğunu gizlətmir.

- Zənnimcə, bu, Qərbdə qəbul edilmiş qərar deyil. Ola bilsin ki, müəyyən dairələrin marağında olan bir sülalədir. Bəlkə də onlar gələcəkdə molla rejimini əvəzləmək üçün bir alternativ kimi təqdim etmək istəyirlər. Ancaq hələlik bunun real plan olduğunu demək çətindir. Çünki Pəhləvi rejiminin qalıqları və ya Rza Pəhləvi İran toplumunda birləşdirici fiqur kimi qəbul olunmur. Bu, çox ciddi amildir.

Bu gün birləşdirici fiqur ola bilməyən hansısa qüvvənin İranda hakimiyyəti dəyişdirə biləcəyinə inanmıram. Vaxtilə Pəhləvi rejimi xalqa rifah, iqtisadi inkişaf, sosial ədalət və zülmün aradan qaldırılması ilə bağlı çoxlu vədlər vermişdi. Amma bunların heç biri yerinə yetirilmədi. Əksinə, Pəhləvi rejimi İranda yaşayan digər xalqları farslara xidmət edən kölə olaraq görürdü, insanlara haqq tanınmadı. Bunlar da Pəhləvi rejiminin devrilməsini asanlaşdıran amillərə çevrildi.

Məsələ budur ki, pəhləvilərdən sonra hakimiyyəti qəsb edən mollakratiya rejimi də onlardan fərqli olmadı. Pəhləvilər necə digər xalqları istismar edirdilərsə, hüquqlarını tapdalayırdılarsa və Güney Azərbaycan türklərinə qarşı sərt assimilyasiya siyasəti aparırdısa, eyni şeylərin ikiqatını molla rejimi etməyə başladı. Pəhləvi rejimi kimi mollalar da Güney Azərbaycana verdikləri vədləri yerinə yetirmədilər, yetirmirlər. Əksinə, türklərə etdikləri zülmü bir qədər də sərtləşdirdilər.

İran cəmiyyəti yenidən hakimiyyətə qayıdacağı təqdirdə Pəhləvi rejiminin mollalardan fərqli siyasət yürüdəcəyinə inanmır. İnsanları bu yalana inandırmaq mümkün deyil. Çünki İran cəmiyyəti artıq ayılıb. Ayrıca, bu gün etirazçı elektoratın önündə gedənlər heç də yaşlı insanlar deyillər, onlar gənclərdir. İndi İranda aparıcı qüvvələr dinamik gənclərdən ibarətdir. Bu gənclər İranın gələcəyini müəyyən edəcəklər. Bu gəncləri də Pəhləvi rejiminin yalanlarında inandırmaq mümkün deyil.

Ayrıca, 1979-cu il “islam inqilabı”nın əsas aparıcı qüvvəsi güneyli soydaşlarımız idi. İranda hakimiyyəti onlar dəyişdilər. Yəni Pəhləvi rejimini devirən güneyli qardaş-bacılarımız idi. Bu gün güney azərbaycanlılar qlobal imperializmin nökərlərini hakimiyyətə gətirməyə hazırlaşmırlar. Artıq Güney Azərbaycanda milli dövlətçilik şüuru oyanır. Düzdür, bu, istədiyimiz sürətdə deyil, amma proses irəli doğru gedir. Yavaş da olsa, Güney Azərbaycan cəmiyyəti ideoloji baxımdan təşkilatlanır, bütövləşir.

Molla rejimini əvəz etmək istəyən pəhləvilər ondan fərqli deyil, eyni qafadadırlar. Bu xəmir hələ çox su aparacaq. Hesab edirəm ki, Güney Azərbaycanın milli dövlətçilik istiqamətində irəliləməsini sürətləndirmək və onu buna hazırlaşdırmaq üçün hər kəs öz əlini daşın altına qoymalıdır. Zaman həm Güney, həm də Quzey Azərbaycan dövləti üçün çox qiymətlidir.

- Sizcə, Güney Azərbaycan üçün çıxış yolu hansıdır: İranda hakimiyyət dəyişikliyi, yoxsa müstəqillik?

- Əvvəla, müstəqil olmaq üçün mövcud rejim dəyişməlidir. Zənnimcə, müstəqilliyi qazanmaq üçün təkcə Güney Azərbaycandakı etiraz dalğası kifayət etməyəcək. Bunun üçün Güney Azərbaycan İrandakı bütün türk etnosunu bir bayraq və bir ideologiya altında birləşdirməyi bacarmalıdır. Məlumdur ki, orada təkcə Azərbaycan türkləri yox, türksoylu bir çox xalqlar yaşayır. Onların maraqları bir çətir altında birləşə bilər. Belə insanların sayı 50 milyona qədərdir. Yəni İranda əsas güc türk etnosudur.

Digər yandan, müasir dəyərlərə, demokratiyaya açıq digər etnosları da bu ideologiya ətrafında birləşdirməyə ehtiyac var. Məsələn, ərəblər və bəlucları. İranda molla rejimini qəbul etməyən, onu düşmən hesab edən digər etnoslar da var. Düşünürəm ki, bütün bu xalqların bir bayraq altında birləşməsi çıxış yolu ola bilər və bu gəlişmə türkləri daha da gücləndirəcək. Yalnız bundan sonra rejimi devirib, müstəqil dövlət yaratmaq mümkündür. Artıq buna hazırlaşmaq lazımdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər