6 Mart 2023 19:39
2 036
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik

- Ziyafət müəllim, növbəti dəfə Azərbaycan ərazisində erməni silahlı birləşmələri tərəfindən təxribat törədildi. Sülh məsələsinin gündəmdə olduğu, Qarabağda yaşayan erməni icması ilə danışıqların baş tutduğu ərəfədə bu cür təxribatlar prosesə necə təsir edəcək?

- Allah şəhidlərimizə rəhmət etsin. Xalqımızın, vətənimizin başı sağ olsun. Şəhidlərimizin valideynlərinə, yaxınlarına, əzizlərinə baş sağlığı verirəm. Sözsüz ki, bu cür təxribatlara Azərbaycanın güclü, qalib Ordusu tərəfindən layiqli cavab verilib. Bu eyni zamanda digər faktları, yəni belə gizlin yollarla Azərbaycanın Qarabağ iqtisadi rayonuna daxil olan Xankəndiyə silah-sursat daşınmasını bir daha təsdiqləmiş oldu. Azərbaycan tərəfi olaraq biz rus sülhməramlılarına, beynəlxalq təşkilatlara, dünya ictimaiyyətinə Ermənistanın hələ də Azərbaycan ərazisinə qanunsuz olaraq daşımalar həyata keçirdiyini, minalar, terrorçular gətirdiyini demişik. Açıq şəkildə tələb edilib ki, 10 noyabr 2020-ci ilda imzalanmış üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq qanunsusuz silahlı birləşmələr ərazimizdən çıxarılmalıdır. Amma təəsüf ki, bu gün günə qədər nə Ermənistan, nə də ki, Rusiya tərəfi bu məsələlərə əməl etməyib.

- Bəyanatda hər bir məsələ açıq şəkildə qeyd olunduğu halda Azərbaycandan başqa iki öhdəlik götürmüş tərəfin bunu icra etməməsi nədən qaynaqlanır?

- Burada hər bir tərəfin öhdəliyi qeyd edilib. Rusiya və Ermənistanın burada üzərinə düşən vəzifələr var. Azərbaycan Prezidenti Münxen Təhlükəsizlik Konfransında məhz haqlı olaraq qeyd etdi ki, Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqələri yaradılmalıdır. Bu çox haqlı tələbdir. Rusiya xarici işlər naziri Sergey Lavrov bu yaxınlarda Bakıya səfərində bunun üçtərəfli bəyanatda nəzərdə tutulmadığını iddia etdi. Amma onun özündən soruşmaq lazımdır ki, onlar həmin bəyanatla üzərinə düşən vəzifələri niyə icra etməyib? Çünki bəyanatda qeyd edilib ki, Azərbaycan ərazisində olan erməni silahlıları tamamilə çıxarılmalıdır. Sual olunur ki rus sülhməramlıları niyə bunu təmin etməyib? Eyni zamanda Rusiya tərəfi də bilməlidir ki, o yolda nəzarət-buraxılış məntəqəsinin yaradılması nəzərdə tutulmayıbsa, qadağan da deyil. Bura Azərbaycan ərazisidir. Azərbaycan da bu yolda nəzarət-buraxılış məntəqəsi yarada bilər. Bunun heç kəsə də aidiyyəti yoxdur. Sülhməramlılar sadəcə olaraq təhlükəsizliyə baxa bilər. Hərçənd reallıqda biz görürük ki, rus sülhməramlıları bu funksiyanı da uğurla icra etmir.

- Laçın-Xankəndi yolunda Azərbaycan tərəfindən nəzarət-buraxılış məntəqəsinin yaradılması necə təşkil ediləcək? Buna qarşı hansısa bir maneənin olması mümkündürmü?

- Bura azərbaycan ərazisidir və orada hansısa bir postun qurulmasının kənar qüvvələrə heç bir aidiyyəti yoxdur. Eyni zamanda bu yolda Azərbaycan tərəfindən postun qurulması üçtərəfli razılaşma ilə heç bir ziddiyyət təşkil etmir. Ona görə də, qısa zamanda bu yolda nəzarət-buraxılış məntəqəsinin yaradılması mümkündür. Azərbaycan dövləti öz ərazisində bu addımları atacaq. Bununla da bölgəyə qeyri-qanuni daşımaların, terrorçu qrupların gətirilməsinin qarşısı ciddi şəkildə alınmış olacaq. Sözsüz ki, bu təxribatları törədənlər Azərbaycanın atmış olduğu addımlara, Qarabağda olan erməni icması ilə aparılan dialoqa kölgə salmağı da düşünürlər.

- Sizcə, bu təxribatlar fonunda prosesin gedişində hansı dəyişikliklər baş verə bilər?

- Belə təxribatların baş verməsində əsas məqsəd Azərbaycanla Ermənistan arasında mümkün sülhün baş tutmamasına nail olmaqdır. Amma bu cür hallar baş versə, Azərbaycanın “Dəmir Yumruğu” işə düşə bilər. Çünki bunlar siyasi-diplomatik dili başa düşmür. Görünür bunlarla ancaq Dəmir Yumruğun gücü ilə danışmaq lazımdır. Sözsüz ki, bütün baş verənlərə görə, məsuliyyət Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Təxribatlar bundan sonra da baş verəcəksə Azərbaycan tərəfindən məsələyə birdəfəlik son qoyulacaq. Ermənistanın nə vaxtsa, ağıllanacağını və nəhayyətdə sülh müqaviləsinə imza atacağını gözləmək mənasız olar. Bunlar baş aldatmaq, manipulyasiya və imitasiyadır. Ərazi Azərbaycana məxsusdur. Azərbaycanın dövləti terrora, qanunsuz silahlı birləşmələrə qarşı mübarizə aparmaq süveren hüququdur. Bununla belə Azərbaycan üçtərəfli bəyanatda nəzərdə tutulan bütün öhdəliklərə sadiqdir və onun müddəalarını icra edib. Amma qarşı tərəfdən hələ də ki, bu cür analoji addımlar müşahidə edilməyib. Rus sülhməramlıları və erməni tərəfi birdəfəlik qəbul etməlidir ki, burada hərəkət ancaq Laçın yolundan olmalıdır. Bunlar isə ona alternativ olan gizlin yoldan istifadəyə cəhd ediblər. Azərbaycan üçətərəfli bəyanatla onlara ancaq Laçın yolundan istifadəyə razılıq verib. Belə olan halda onların hansı ixtiyar və əsasla digər yollardan istifadəsi də suallar yaradır. Məsələnin qısa konkret məğzi ondan ibarətdir ki, ərazinin Azərbaycana məxsusluğunu nəhayət erməni tərəfi anlamalıdır.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər