"Bakı" politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Zaur müəllim, hazırda Azərbaycanla Ermənistan arasında gərgin bir ab-hava var. Yenidən hərbi əməliyyatların başlaması ehtimallarını necə dəyərləndirirsiniz? Nəzərə alsaq ki, ABŞ dövlət katibi tərəflər arasında sülhə yaxın mövqenin olduğunu açıqlayıb...
- Yaxın günlərdə ABŞ-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri, eyni zamanda iki ölkə liderləri arasında görüşün keçirilməsi ilə bağlı müəyyən informasiyalar var. Bu görüşlər baş tutarsa, konkret olaraq Vaşinqtonun da iştirak etdiyi sülh planı və onun mətni masada olacaq. Bununla bağlı müxtəlif yanaşmalar var. Azərbaycan və Ermənistanın bir-birinin sərhədlərini və ərazi bütövlüyünü tanıması ilə bağlı sülh sazişindən bəhs edilir. ABŞ dövlət katibi Entoni Blinken bunu vurğulayarkən sanki həqiqəti deyirmiş. Amma sanki ABŞ dövlət departamenti hadisələri bir qədər qabaqlayıb. Çünki bu kimi hadisələrdə mane olan tərəflər də olur. Əgər doğurdanda Bakı və İrəvan arasında sülh müqaviləsinin imzalanması realdırsa, bunu səssiz, ani şəkildə həyata keçirmək lazımdır. ABŞ tərəfindən açıqlanan bu bəyanat Azərbaycan və Ermənistan arasında masada həqiqətən də belə bir sülh sənədinin olduğunu təsdiqləyir.
- Sülhməramlılarla bağlı Azərbaycan tərəfindən sərt mövqe səslənib. Azərbaycan Qarabağda olan hadisələrə nə vaxta qədər sadəcə olaraq bəyanat verməklə kifayətlənə bilər?
- Sözsüz ki, bütün bu amillər Qarabağ ətrafında toqquşma ehtimallarının real olduğunu göstərir. Əgər ABŞ-da Azərbaycanla Ermənistan arasında görüş iflasa uğrayarsa və nəticəsi çox pis bitərsə, bu yeni hərbi əməliyyatların başlamasına gətirib çıxaracaq. Azərbaycanın anti-terror əməliyyatlarına başlaması bu mənada daha da artmış olur. Bundan öncə Blinkenin iştirakı ilə Münxendə baş tutan üçtərəfli görüşdə əldə edilən razılığa görə, hələlik Azərbaycan tərəfindən səbr nümayiş etdirilir. Burada söhbət Ermənistanın şərti dövlət sərhədində, Ordumuzun mövqelərinə atəş açmasından gedir. Eyni zamanda Qarabağın dağlıq hissəsinə qanunsuz yol çəkilişləri, Ermənistandan Xankəndiyə hərbi təyinatlı yük maşınlarının keçməsi də diqqətdən yayınmayıb.
- ABŞ-da nəzərdə tutulan görüşün nəticəsiz başa çatması fonunda hansı hadisələr izləniləcək?
- Burada əsas amil ABŞ tərəfindən sülh mətninin razılaşdırılmasıdır. Ona görə də baş tutacaq görüşün nəticəsi burada önəm kəsb edir. İkincisi, dünya ictimaiyyətinə eyni zamanda Rusiya tərəfinə xəbərdarlıq edilib ki, Qarabağın dağlıq hissəsində baş verən hadisələr yolverilməzdir. Burada istənilən davranışa görə məsuliyyət erməni tərəfinin üzərinə düşür. ABŞ-da baş tutacaq görüş nəticəsiz başa çatan kimi Azərbaycan Ordusu Qarabağda lazımi hərbi nöqtələri vuracaq.
- Rus sülhməramlılarının Azərbaycanın hərbi davranışları fonunda yanaşması necə olacaq?
- Sülhməramlılar erməni hərbi maşınlarını müşahidə edirsə və Azərbaycanın həmin hədəflərə atəş açmayacağını düşünürsə, yanılır. Azərbaycan dəqiq zərbələrlə ermənilərin bütün hərbi təyinatlı avtomobillərini məhv edəcək.
- Qərbi Azərbaycan İcması Ermənistan hakimiyyətinə müraciət edib. Paşinyan bu müraciəti az qala ərazi iddiası kimi dəyərləndirib. Bu nə dərəcədə məntiqli bir yanaşmadır?
- Əslində, Qərbi Azərbaycan İcmasının Ermənistanın Baş naziri Nikol Paşinyana müraciətində heç bir ərazi iddiasından söhbət getmir. Burada söhbət Qərbi azərbaycanlıların ata-baba yurdlarına qayıdışından, əzizlərinin, doğmalarının qəbirlərini ziyarətdən gedir. Keçmiş sovet və Ermənistan rəhbərliyi tərəfindən azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılıb. Bu müxtəlif bəhanələrlə edilib. Azərbaycanlıların indiki Ermənistan ərazisindən deportyasiyası 1988-ci ilin sonunda müharibə ehtimalı ilə baş tutmayıb. Onlar bilərəkdən Azərbaycanın qədim torpaqlarını azərbaycanlılaradan təmizləyiblər. Ermənistan ona görə də, bu məsələlərə cavab verməlidir. Burada Qərbi Azərbaycan İcmasının tələbi sülh yolu ilə o ərazilərə qayıtmaqdan ibarətdir. Amma Ermənistanın son davranışları göstərir ki, bu ölkənin varlığı Azərbaycan üçün təhdiddir. Çünki Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımayacaqsa, Azərbaycan da öz növbəsində Ermənistanın ərazi bütövlüyünü tanımayacaq. Belə olan halda Azərbaycan öz tarixi torpaqları ilə bağlı məsələni gündəmə gətirəcək.