Avropa İttifaqının Ermənistan ərazisinə göndərdiyi “missiyanın” əsl mahiyyəti getdikcə üzə çıxır. Çünki onlar Ermənistan ərazisinə heç də sağlam düşüncə və məntiqlə gəlməyiblər. Onların əsas məqsədi mümkün qədər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının qarşısını almağa hədəflənib.
Bunu Teleqraf.com-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.
O qeyd edib ki, regionda yaranacaq mümkün gərginlik fonunda həmin “missiyanın” üzərinə mühüm “vəzifələr” qoyulub:
“Bu günlərdə açıqlanan məlumata görə, Aİ-nın həmin “missiyası” Azərbaycanla Ermənistan arasında sərhəd xətti tam dəqiqləşmədən onlar “sərhəd zastavaları” tikmək fikrinə düşüblər. Aİ-nin hansı əsasla burada “zastava” yaratması məlum deyil”.
Komitə sədrinə görə, Aİ-nin Ermənistana gələn “missiyasının” sağlam məntiqdən uzaq olduğu artıq özünü büruzə verir:
“Burada digər məqam erməni tərəfinin törətdiyi hərbi təxribatların Azərbaycanın üzərinə atılması da diqqətdən yayına bilməz. Çünki Onlar sonradan Avropa İttifaqının mərkəzi ofisində təxribatın Azərbaycan tərəfindən törədilməsi ilə bağlı qondarma hesabat hazırlayırlar. Amma fakt odur ki, Azərbaycan tərəfindən heç bir təxribat törədilmir”.
Ziyafət Əsgərov vurğulayıb ki, Azərbaycan həmişə olduğu kimi sülhün tərəfdarıdır:
“Fakt odur ki, Aİ-nın “missiyası” heç də bölgədə sülh yaratmağa hədəflənməyib. Əslində bu missiyanıən bölgəyə göndərilməsi Azərbaycanla razılaşdırılmış formada edilməli idi. Sadəcə olaraq Azərbaycan bu “missiyanın” ərazimizə gəlməsinə razılıq vermədi. Belə olduğu halda onlar Ermənistana da getməli deyildi. Burada paritet saxlanmalı idi. Məqsədləri sağlam məntiqə əsaslanmış olsa idi, prosesə də məhz bu cür yanaşa bilərdilər”.