Digər dövlətlərdə siyasi rəqiblərin təqibini tənqid edən ABŞ-ın ölkənin keçmiş prezidenti Donald Trampla bağlı addımları başucalığı gətirmir. Proseslər bu cür davam edərsə, Tramp 2024-cü ildə keçiriləcək prezident seçkilərinin favoritinə çevriləcək.
Bu sözləri siyasi analitik Natiq Cəfərli Teleqraf.com-a ABŞ-ın sabiq prezidenti Donald Trampa qarşı açılan cinayət işini şərh edərkən deyib.
Onun sözlərinə görə, dünyanın bir çox yerində müəyyən təzyiqlərə məruz qalan şəxslərə cəmiyyətin sevgisi yaranır:
“Trampın 2000-ci illərin əvvəllərində olan hadisəyə və sübut olunmamış faktlara görə cinayət məsuliyyətinə cəlb edilməsi cəhdi Amerikanın bir nömrəli gündəminə çevrilib. Nyu-York demokratların mərkəzi sayılır, amma dünən minlərlə insanın ayağa qalxdığını və Trampın hüquqlarını müdafiə etdiklərinin şahidi olduq”.
Natiq Cəfərli qeyd edib ki, ABŞ-da bu tipli məhkəmə prosesləri illərlə davam edə bilər, seçkilərə isə il yarım qalıb və bu müddətdə məhkəmə prosesinin yekunlaşması qeyri-mümkündür:
“Əgər məhkəmə qərarı yoxdursa, Trampın namizəd kimi qeydiyyata alınması və seçkilərdə iştirak etməsinin qarşısında heç bir maneə yoxdur. Demokratlar isə bunu başqa cür təqdim etməyə çalışırlar. Amerika hüquqi dövlətdir, vəzifəsindən asılı olmayaraq hər kəs qanun qarşısında bərabərdir, yəni bu hekayəni qurmağa çalışırlar. Amma inandırıcı deyil, çünki, tərəfdarlarının, konqresmenlərin, senatorların və medianın bir qisminin sabiq prezidenti müdafiə etməsi Trampın şansını artırır. Düşünürəm ki, Demokratlar Partiyası belə bir addımla Trampı oyundan kənarda qoymağa çalışırlarsa, bu, alınmayacaq. Əksinə əks effekt verəcək. Bu vəziyyət Trampın gələcək seçkilərin əsl favoritinə çevrilməsinə səbəb olacaq. Belə bir yanaşma da var ki, əslində Trampın namizəd olması demokratlara da sərf edir. Respublikaçılar Partiyasının namizədi Ron Desantisin şanslarını daha yüksək qiymətləndirirlər, ona görə də gənc qubernatordansa, Trampla yarışmağın daha yaxşı olduğunu düşünürlər.
Trampla bağlı ən sərt qərar ölkədən və yaxud ştatdan çıxışına məhdudiyyət qoyulması ola bilər. Düşünmürəm ki, yaxın gələcəkdə həbsi mümkün ola bilər. Ən azından seçkilərə qədər həbs olunması hüquqi və prosedur cəhətdən də mümkünsüz görünür”.