12 Aprel 2023 09:05
4 876
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Şərq-Qərb” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Qarabağ erməniləri Azərbaycan rəsmiləri ilə görüş üçün müraciət ediblər. Sizcə, bundan əvvəl görüşdən imtina edən ermənilərdəki bu ani fikir dəyişikliyinin son uğurlu əməliyyatlarımızla bir əlaqəsi varmı?

- Belə başa düşürəm ki, Qarabağın dağlıq hissəsində yaşayan istər sıravi ermənilər, istərsə də onların separatçı liderləri reallığı anlayırlar. Görürlər ki, Paşinyan hökuməti bunu açıq şəkildə bəyan edir, Azərbaycanla sülh danışıqlarında Qarabağ məsələsini ən azı prioritet kimi önə çəkməyəcək. Bunu bilirlər.

İkincisi, Rusiyanın durumu o qədər qeyri-müəyyəndir ki, onlar hansısa zamanda Rusiyanın təsirinin kəskin kəşkildə zəifəyə, ümumiyyətlə, heç ola biləcəyini anlayırlar. Ehtiyat variant kimi Bakı ilə danışıqlar aparmaq onlar üçün əlverişlidir. Amma düşünmək ki, məqsəd ancaq budur, bu, bir az sadəlövhlük olardı. Onlara həm də göstərmək lazımdır ki, biz sülh prosesinə, danışıqlara razıyıq, baxın, biz təkliflər veririk və sair. İstənilən halda danışıqların olması və buna qarşılıqlı marağın ifadə edilməsi, müsbət haldır.

Əlbəttə, nə qədər ki, Rusiyanın Qarabağa təsiri aradan qalxmayıb, proses onun nəzarətində olacaq. Həm də ən pis danışıqlar belə, ən yaxşı müharibədən yaxşıdır. Ona görə də düşünürəm ki, bunun yaxın gələcəkdə real nəticə verməyəcəyinə rəğmən (buna əminəm, çünki ortada çoxlu ziddiyyətli və mübahisəli məqamlar var), hər halda təmaslar vacibdir.

Diplomatik danışıqlar, təmaslar, masa arxasında əyləşib müzakirələr aparmaq cüzi də olsa, arada müəyyən etimad yaradır. Bu məqamlarda hansısa ortaq maraqlar tapılır, təmaslar yaranır, bunlar çox vacibdir.

Məsələn, vaxtilə Sovet İttifaqı strateji silahların məhdudlaşdırılmasına getmişdi. Həmin təmaslarla yaradılmış düşmən obrazı aradan qalxdı. Bu, 1991-ci ildə nəylə yekunlaşdı? Hamı bunu yaxşı xatırlayır. Məhz hər şey oradan başladı, sonradan keçmiş SSRİ-nin rəsmiləri də etiraf etdilər ki, həmin danışıqlar Sovet İttifaqının məğlubiyyəti ilə bitdi. Niyə məğlub oldu? Çünki rəqibindən zəif idi.

Qarabağ erməniləri də heç bir halda Azərbaycandan güclü ola bilməz. Azərbaycanın onlara verdikləri təkliflərin heç bir faizini ona verə bilməzlər. Bu baxımdan, danışıqların aparılması bizim üçün son dərəcə önəmli məsələdir.

Hərdən bizi dünyada ittiham etməyə çalışırlar ki, guya Azərbaycan bu prosesi pozmaqda, onları “blokadada” saxlamaqda maraqlıdır. Bütün bu sterotipləri dağıtmaq üçün təmaslar olduqca vacibdir.

Bəs nəticə verə bilərmi? Yaxın zamanda nəticə verəcəyini düşünmürəm. Çünki ziddiyyətlər çox dərindir. Unutmayaq ki, o qondarma rejimin başında duranlar hərbi cinayətkarlardır.

- Laçın yolunda, Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsinin qoyulması haqda məlumat yayılıb. Bundan gözləntiniz necədir, Laçında postun qurulması hansı gəlişmələrə yol aça bilər? Məsələn, buna Qarabağın dağlıq hissəsində suverenliyimizin tam bərpası yönündə atılan mühüm addım kimi baxmaq olarmı?

- Bu, çox vacib məsələdir. Dəfələrlə demişəm ki, Qarabağın dağlıq hissəsinin reinteqrasiyası Laçın dəhlizinə nəzarətin (gömrük, hərbi və sair) bərpa edilməsindən keçir. Hələlik bununla bağlı rəsmi məlumat yoxdur, amma belə bir addımın atılmasının zəruriliyini dəfələrlə bildirmişəm. Bu da həmin inkişaf və güc amillərindən biridir. Güc elə bir şeydir ki, bunu duymayana qədər heç kim sizinlə danışıqlara getməyəcək. Proseslər paralel getməlidir. İlk növbədə, güc göstərilməlidir, daha məqbul olardı ki, bu, “yumşaq güc” olsun. O biri tərəfdən də yaxınlaşma prosesi davam etdirilməlidir.

Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin qurulması zəruri prosesdir. İlk növbədə bu, Azərbaycana imkan verəcək ki, o yoldan keçən Qarabağ ermənilərinə diskriminasiya və nifrətin olmadığını göstərsin. Bu da son nəticədə mövqelərin yaxınlaşmasına xidmət edə bilər.

- Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri arasında görüşün keçiriləcəyi də bildirilir. Növbəti görüşün ünvanı ABŞ ola bilərmi və belə bir gəlişmə prosesə necə təsir göstərə bilər?

- Mümkündür, hər şey mümkündür. Niyə də yox? Bizim bölgə, xüsusən də Azərbaycan geosiyasi maraqların toqquşma mərkəzindədir. Vaşinqtonun da bu məsələdə fəallıq göstərməsi anlaşılandır. ABŞ sülh prosesində maraqlıdır.

Ümumiyyətlə, hesab edirəm ki, Ermənistanla Türkiyə və Ermənistanla Azərbaycan arasındakı sülh danışıqlarını Qarabağ məsələsinə bağlamaq lazımsızdır. Artıq görürük ki, Paşinyan da bunu istəmir, dəfələrlə bu barədə bəyanat verib. Nə qədər səmimidir, bu, başqa mövzudur. Hər bir halda Ermənistan tərəfindən bu bəyanatlar səsləndirilib.

Sülh prosesi bütün hallarda mövqelərimizi gücləndirəcək. Bunun da tezliklə baş tutacağı inandırıcı görünmür, bu da tez olmayacaq. Unutmayaq ki, Brüsseldə, xüsusən də Vaşinqtonda sülh prosesi ilə bağlı danışıqların aparılması Moskva və Tehranda qıcıq yaradır. Düzdür, Tehranın təsiri bir qədər şişirdilib, düşünmürəm ki, İran belə bir çapda və böyük geosiyasi oyunda oyunçudur, amma hər halda ürək bulandıra bilər.

Rusiyanın reaksiyasının tam fərqli olması isə mümkündür. Məsələn, Rusiya Brüssel prosesini pozmağa müvəffəq oldu. İndi bu mərhələdə belə bir təşəbbüs olarsa, Azərbaycan əlindən gələni etməlidir ki, Vaşinqton görüşü baş tutsun. Çünki Brüsselə müqayisədə Vaşinqtonun Moskva qarşısında kozırları daha güclüdür. Buna əminəm.

- Tehrandan söz düşmüşkən, İranla Azərbaycan arasındakı gərginlik fonunda tərəflər arasında çoxsaylı danışıqlara baxmayaraq, hərarət aşağı düşmür. Bu yöndə baş verənləri necə şərh etmək olar?

- Birmənalı olaraq, gərginliyin artmasında maraqlı tərəf var: o Rusiyadır. Rusiya İran-Azərbaycan gərginliyindən, mümkün olarsa, hərbi qarşıdurmasından istifadə edərək, Cənubi Qafqaza nəzarətini bərpa etməyə çalışır. Bu işdə Rusiyanın hər iki tərəfdə “5-ci kolon”ları var. İrandakı “5-ci kolon” daha güclü tərəfdaşdır, bu İnqilab Keşikçiləri Korpusudur (SEPAH).

Son vaxtlar bu gərginlik Şimal-Cənub dəhlizi məsələsindən qaynaqlanır. Həm Rusiya, həm də İranda bu işin sürətləndirilməsi prosesi gedir. Bu tərəfdən də, bu dəhlizin son dayanacağı kimi Hindistan prosesə qoşulur. Bütün dava bunun üstündədir. Bu məsələdə daha çox maraqlı olan Rusiyadır. İranda sadəcə xarici tərəfdaş seçimində mövqelər parçalanıb. Məsələn, görünən budur ki, Rəisi hökuməti daha çox Çin və Qərblə, ilk növbədə, Avropa ilə əməkdaşlıqda maraqlıdır.

Amma Qərblə nüvə danışıqlarını bərpa etməmiş bu, mümkün olmayacaq. Ona görə də zaman-zaman Tehrandan bəyanatlar verilir ki, buna hazırdırlar. İnqilab Keşikçiləri Korpusu isə bunu istəmir.

Məsələ budur ki, Şərq-Qərb dəhlizini əvəzləməyə yönəlmiş və Rusiyanın ideyası olan Şimal-Cənub nəqliyyat dəhlizi İrana da perspektivsiz görünür. Çünki İran bu projeyə qoşulsa, nüvə danışıqları belə üzərindəki sanksiyaları götürməyə kömək etməyəcək. Rusiyanın özü sanksiya altındadır. Bu dəhlizin məqsədi nədir? Hind-Çin yarımadasından (Çin və Hindistandan) daşımaların Avropaya çatdırılması.

İndi sanksiya altında olan Rusiya üzərindən yüklər Avropaya çatdırıla bilərmi? Tehranda başa düşürlər ki, yox. Tehranda onu da anlayırlar ki, bu məsələdə Çin və Avropa daha əlverişli tərəfdaşdır. Bu dəhlizin bir hissəsi də İran və Türkiyə üzərindən Avropaya çatdırılmalıdır.

Dediyim budur ki, İranda mövqelər haçalanıb. Rusiya da hər iki ölkədə çalışır ki, Azərbaycanla İran arasındakı gərginlik artsın. Hesab edirəm ki, bütün bu amillər nəzərə alınaraq, dövlətlərarası münasibətlər başqa formatda nəzərdən keçrilməlidir. Dediyiniz kimi, danışıqlar gedir, bunda cəhdlər edilir, amma hələlik nəticə yoxdur. Görünür, kənardan edilən müdaxilələr güclüdür.

Bütün hallarda İranla Azərbaycan arasındakı gərginliyin müharibəyə qədər gedəcəyinə inanmıram. Bu, mümkün deyil. Belə bir müharibə təkcə Azərbaycan üçün yox, ilk növbədə İran üçün dağıdıcı nəticələrə səbəb olardı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər