26 Aprel 2023 09:05
1 244
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Yeganə Hacıyeva Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Nəhayət, Laçın-Xankəndi yolunun başlanğıcında, Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəmiz quruldu. Bu gəlişmə haqda nə düşünürsünüz?

- 44 günlük müharibədən sonra verilən proqnozların hamısı özünü doğruldur. Azərbaycan öz dövlət strategiyası var. Konstitusiyamızın da tələbi budur ki, bütün sərhədlərimizi bərpa edək. Bu, dövlət strategiyasına daxil olan bir məsələdir. Bu, regional və qlobal səviyyədə Azərbaycanın güc və nüfuzunun möhkəmlənməsinə xidmət edən strategiyadır, hədəfləri də bəllidir.

Amma baş verən proseslərə uyğun olaraq, cüzi korrektlərə məruz qalır, heç vaxt əsas xətt və hədəf dəyişmir. 44 günlük Vətən Müharibəsində torpaqlarımızın azad edilməsi də bu strategiyadan irəli gələn prosesin bir hissəsi idi. Paralel olaraq, Azərbaycanın bütün ərazilərində öz suverenliyini bərpa etmək, Konstitusiyanın şərtlərini formalaşdırmaq və sair. Bunu Azərbaycan Konstitusiyası tələb edirdi.

Artıq azad edilmiş ərazilərdə quruculuq işləri gedir, insanlar öz rorpaqlarına geri dönürlər. Bu, çox maliyyə tələb edən bir prosesdir, amma daş yerindən tərpənib.

Əlbəttə, Azərbaycan torpaqlarını azad etdikdən və həmin ərazilərimizə bu qədər maliyyə vəsaiti cəlb etdikdən sonra bölgədə dayanıqlı sülhdə maraqlıdır. 44 günlük müharibədən sonra bu yöndə addımlar atıldı, bu istiqamətdə siyasi-iqtisadi konsepsiyalar tətbiq etməyə başladı. Amma üçtərəfli anlaşmanın imzalanmasından sonra Azərbaycanın öz ərazilərinə sızmağa çalışan diversantları yaxalaması və dünyanın onları bizdən tələb etməsindən sonra məlum oldu ki, sülh quruculuğu bir az çətin olacaq və məsələyə iqtisadi yanaşma özünü tam doğrultmur.

Biz sərhədlərimizin təhlükəsizliyi mövzusunda iqtisadi bufer zona fikirləşirdik. İndi dünyada ən çox yayılan konsepsiyalardan biri də budur, amma bu, ermənilər və havadarları ilə işləmədi.

- Bəs niyə?

- Bununla bağlı məsələ təkcə Ermənistanla bağlı deyil, daha çoxu var. Məsələn, zaman-zaman Rusiya, Avropa Birliyi, İran və ABŞ-dan qaynaqlanan sərhəd gərginliyi görürük. Əlbəttə, sifariş haradan gəlirsə, bu, həmin siyasi mərkəzlərin maraqlarına xidmət edir. Əgər Avropa Birliyi və ABŞ burada sifarişçidirsə, Rusiya və İran isə həm sifarişçi, həm də icraçıdır.

Məsələn, Rusiya sülhməramlıların müvəqqəti yerləşdikləri ərazilərdə zaman-zaman gərginliyin yaşanması, ora silahların daşınması və sair. Eləcə də sərhəddə təxribatların baş verməsi, bu an İran dronlarının erməni ordusunu müşayiət etmələri ilə bağlı məlumatların yayılması. Hələ konkret məlumatımız yoxdur ki, əsgərlərimizə atəşi erməni hərbçiləri atəş açıb, yoxsa İran dronları.

Hadisələrin sonrakı gedişində Azərbaycan hərbi bufer zona yaratmaq məcburiyyətində qaldı. Bu da Ermənistanın təxribatları ilə əlaqəlidir. Əlbəttə, biz bununla bağlı planlarımız var və hər erməni təxribatından sonra bu planların həyata keçdiyini görürük. Atdıqları hər təxribatçı addım ermənilərin öz əleyhinə işləyir. Bunların hamısının bir əsası var: bizim atdığımız addımlar və tələblərimiz beynəlxalq hüquq tərəfindən də tanınır.

Həmin beynəlxalq hüquqa görə, təxribatçı tərəf Ermənistandır. Onların dəstəkləyərək, hansısa maraqlarını həyata keçirmək istəyən dairələrə baxmayaraq, haqsız tərəfdirlər. Çünki bu ərazilər Azərbaycana məxsusdur.

Son bir neçə gündə Azərbaycan daxilində və xaricində “anklav məsələsi”nin qaldırılmasının özü bir koalision oyundur. Bu proses də kənardan idarə olunur.

Hələ 44 günlük Vətən Müharibəsindən əvvəl də deyirdik ki, Laçın dəhlizinin girişində Azərbaycan əsgəri dayanmasa, burada sülh olmayacaq, Qarabağa cəlb etdiyimiz milyardlarımız təhlükədə qalacaq, eyni zamanda, ora yatırılmış beynəlxalq investisiyalar. Nəhayət, bu durumda Qarabağın dağlıq hissəsindəki resurslarımızın talanması davam edəcəkdi, həmin ərazilərdə Konstitusiyamızın bərpası şübhə altında qala bilərdi.

Hələ ora gəlmələrinin ilk günündən rus sülhməramlılarının hansı addımları atacaqlarını bilirdik. Sülhməramlıların ilk beş ayda ona görə “sakit” dayandılar ki, başları hələ Ukraynaya qarışmamışdı. Ukraynada müharibə başladıqdan sonra isə Rusiya hakimiyyəti daxilindəki erməni lobbisi və ya qrupu konkret tələblər irəli sürəcək qədər fəallaşdı. Bunu mütəmadi olaraq görürük.

İndi Ukraynaya görə Rusiyaya sanksiya tətbiq olunur, Ermənistan isə Rusiyaya kömək edir. Amma biz Avropa Birliyində sanksiyadan yayınmaq haqda danışanda məcbur qaldıqca Ermənistanın adının çəkildiyini görürük.

- Bu, nə ilə əlaqəli ola bilər?

- Artıq kartlar o qədər açılıb ki, deməyə bilmirlər. Nəhayət, iki il yarımdan sonra Avropa Şurasının komissarı Azərbaycanın xeyrinə (əsgərimizin döyülməsi ilə bağlı) nəsə bir söz dedi. Çünki bunu deməyə məcbur oldu. Komissar Dunya Myatoviç 44 günlük müharibədə Bərdə, Tərtər və Gəncəyə ermənilər tərəfindən ballistik raketlər atılanda susan adamdır. İndi daxildə özlərinə qarşı bir proses gedir və başa düşürlər ki, obyektivliyi qurmadıqları üçün nüfuzdan düşürlər və gediş edirlər.

Laçın yolunda sərhəd-buraxılış məntəqəsinin qoyulmasından sonrakı addımımız Qarabağın dağlıq hissəsində Konstitusiyamızın şərtlərini bərpa etmək olacaq. Bu məsələnin həllində ekofəallarımız da mühüm rol oynadılar.

İndi Avropa və Asiya arasındakı daşınmalarda yeni konfiqurasiyalar formalaşıb. Köhnə konfiqurasiyalar təhlükəsizlizlik, iqtisadi səmərəlilik və digər anlamlarda öz aktuallığını itirib. Nə Şimal, nə də Cənubdan gedən xətlər cəlbedicidir. Bu məqamda aralıq dəhlizin önəmi artır. Bu dəhlizin ən önəmli keçidi (Gəncə) də Azərbaycandır. Əslində, 2018-ci ildə Gəncədə baş verən olaylar da böyük bir planın tərkib hissəsi idi və vaxtında qarşısı alındı. Beş ildən sonra bu planın icraçıları və müəllifləri təxribatçı “Kərimə dövlət” ideyası ilə üzə çıxdılar.

Aralıq xətti müdafiə edən beynəlxalq qüvvələr də anladılar ki, daşınmalar üçün aralıq dəhliz önəmlidir. Çünki Şimal və Cənub şantajla məşğuldur, bu durumda aralıq dəhliz qalır. İran öz kommunikasiyaların aktuallığını artırmaq üçün Gəncədə sonradan öz əleyhinə işləyən bir oyun qurmuşdu.

İndi bu regiondakı mühüm gəlişmələrdə xüsusi önəmə malik olan Laçın dəhlizinə nəzarəti bərpa etdik. 1980-ci illərin sonu – 90-cı illərin əvvəllərində Laçınla bağlı proseslər yenə də Avropa və Asiya arasında yükdaşımalar üzərindən başlamışdı. Bu, etnik konfliktlə yanaşı, həm də iqtisadi rəqabətlə bağlıdır. Zamanında ermənilərin burada yerləşdirilməsi də, Rusiyanın sonradan onlardan tarixi İpək Yolundakı maraqları naminə istifadə etmək hədəfləri ilə bağlıydı. Dünya əvvəldən necə idisə, indi də elədir, sadəcə alətlər və silahlar dəyişib.

İndi Laçın istiqamətində sərhədimizdə şəffaflığı təmin etmişik. Bundan sonra bir məqama diqqət yetirməliyik: digər qonşu dövlətlərlə müəyyən səbəblərdən (pandemiya) sərhədlərimiz bağlı olduğu halda, Ermənistanla sərhədimizin açıq qalmasının bir məntiqi qalmır. Məsələn, necə olur ki, Türkiyə ilə sərhədimiz bağlıdır, Ermənistanla isə açıq. Bu o deməkdir ki, bu mərhələdə sərhəd bağlanmalıdır. Ya sərhədlərin hamısı açılanda bu da açılacaq, ya da bu da bağlanmalıdır.

Sərhəd məntəqəsi qurulduqdan sonra oradan avtomobillərlə keçən ermənilər mobil telefonlarla çəkib sosial mediada yaymağa başladılar ki, zorla keçirik və sair. Bəs ümumiyyətlə keçə bilmədiyinizi deyirdiniz? Bəs hansı o “blokada”? “Blokada” varsa, necə keçirsiniz? Özlərini yenə özləri ifşa etdilər.

- Bəs bundan sonra nə olacaq?

- Hesab edirəm ki, sərhədlərin bağlı olduğu dövrə qədər bu sərhəd də bağlı olacaq. Ermənilər Ermənistana uçmaq istəyirlərsə, orada hava limanları var. Biz necə təyyarələrlə uçuruqsa, onlar da zəhmət çəkib, belə edəcəklər. İndiki mərhələ üçün bu belədir. Uzunmüddətli dövrdə isə Xankəndi və ətrafında yaşayan ermənilər Azərbaycan vətəndaşlığını və Konstitusiyasını qəbul etməlidirlər. Qəbul etməyənlər də qeyri-qanuni miqrantlar kimi ölkəmizdən çıxarılacaqlar, ondan sonra hara istəyirlər, ora getsinlər. Bizim qanunlarımıza tabe olaraq, miqrant kimi də yaşaya bilərlər. Bütün hallarda burada yaşamaq istəyirlərsə, qanunlarımıza tabe olmalıdırlar, başqa yolu yoxdur.

- Son gəlişmə Ermənistandakı revanşist qüvvələri fəallaşdırıb, onlar Baş nazir Nikol Paşinyanı devirməklə hədələyirlər. Revanşistlər Paşinyanı Bakıyla anlaşmada ittiham edirlər. Sizcə, baş verənlər Ermənistanın ictimai-siyasi həyatında nələrə yol açacaq?

- 2016-cı ildə Aprel döyüşlərində Paşinyan və digər əleyhdarları Sərkisyan hakimiyyətini Bakıyla anlaşmda günahlandırmışdılar. Amma sonradan məlum oldu ki, Sərkisyan döyüşlərin dayandırılmasını üçün Moskvaya xahiş etmişdi, buna bənzərini 44 günlük müharibədə Paşinyan təkrarladı. Müharibəni dayandıra bilməsə də, ən azı Rusiyanın qarant olmasına nail oldu. Yəni bu kartdan Sərkisyana qarşı ən çox istifadə edən elə Paşinyanın özü idi.

İndi hər kəs Xankəndi ilə bağlı “blokada”dan danışır. Əgər söhbə bundan gedirsə, bəs niyə Naxçıvanın blokadasından bəhs edilmir? Laçın dəhlizi varsa, Zəngəzur dəhlizi də olmalıdır. İran və digər dövlətlər Zəngəzur dəhlizinə başqa don geyindirməyə çalışırlar. İndi məlum olur ki, bölgədəki kommunikasiyalardan narkotik qaçaqmalçığı üçün istifadə edənlər Zəngəzur dəhlizinin açılmasına qarşı çıxırlar. İran da bunun başında durur.

Paşinyana gəldikdə, hesab edirəm ki, hakimiyyətinin müddətinə qədər qalacaq. Rusiya ilə bağlı ciddi problemlərinin olduğu deyilir, zənnimcə, belə bir ciddi problem yoxdur. Nə də bu mərhələdə Rusiyanın Paşinyanı dəyişmək istəyi var. Çünki Rusiyanın sanksiyalardan yayınmasında ən aktiv rol oynayan ölkələrdən biri Ermənistandır. Ermənistanda bu işlə Paşinyanın ətrafındakı biznes dairələri məşğuldur. Hətta Paşinyan bildirdi ki, Rusiyaya Avrasiya İqtisadi Birliyi və Gömrük İttifaqına üzv olduqları üçün yardım edirlər, yəni buna məcburdurlar. Bununla Avropa Birliyinə minnət qoydu ki, bunu istəmirlərsə, Ermənistanı bu birliklərdən çıxarsın. Bununla özünü və Ermənistana “təmiz”ə çıxarmağa çalışır. Nə Rusiya, nə də Qərbin Paşinyanla bir problemi var.

İndiki mərhələdə baş verənlərin Ermənistan daxilində Paşinyanın əleyhinə çevriləcəyini düşünmürəm. Özü üçün ən pis halda parlamenti yenidən buraxa bilər. Amma bunu iki dəfə əvvəl də etmişdi, hər ikisində də parlamentdə yerini gücləndirmişdi. Hətta müharibədən sonra da seçkilərdə qələbə qazanmışdı. Bunlar da onu göstərir ki, Ermənistanda siyasi proseslər Paşinyanın nəzarətindədir.

- Hazırda durum necədir?

- İndi Ermənistan parlamentində Rusiya və ABŞ-dakı erməni lobbilərinə bağlı deputatlar var. Eləcə də İran və digər bir sıra dövlətlərə bağlı olanlar. Parlamentlə yanaşı, hakimiyyət və yerli idarəetmə strukturları da belı bölünüb. Hakimiyyətdə ən azı üç qrup var, bu qruplar arasında balans yaradan bir nəfər var – o da Nikol Paşinyandır. Ona görə də, mövqeləri sement qədər möhkəmdir.

Rusiyanın 1998-ci ildə Levon Ter-Petrosyanı hakimiyyətdən uzaqlaşdırdığı kimi, Paşinyana qarşı da eyni addımı atacağını deyənlər var. Məsələ budur ki, indi Rusiya Ermənistandakı proseslərə təsir edə biləcək qədər güclü deyil. Ümumiyyətlə, nə Rusiya, nə də İranın belə güclü təsisatları və ya vasitələri var. Təsəvvür edin ki, dünyanın ilk əlliliyində olmayan Ukrayna ordusu bir ildən çoxdur, dünyanın ikincisini – Rusiya ordusunu yerdə sürüyür. Rusiya Ukraynada həm də ona görə uduzdu ki, siyasi proseslərdə zəif idi. Ermənistanda da eyni situasiyadır. Bu, İrana da aiddir.

Bizdə də onlarla bağlı sadəcə xof vardı. İddia edirdilər ki, guya daxildə güclü şəbəkələri var və sair. Bunlarla cəmiyyəti, hökuməti qorxutmağa çalışırdılar. İndi bu təsisatların heç biri yoxdur. İndi fərqli qərarlar verən cəmiyyətlər var və bu cəmiyyətlər real liderlərə inanırlar, onların arxasındadırlar. Məsələn, 44 günlük müharibədə həmin liderin arxasında durmuşdular, ondan sonra da belədir. Digər cəmiyyətlər də belə lider istəyirlər.

Nikol Paşinyana gəldikdə, o, cəmiyyətin ağıllı hissəsi ilə oynayır. Erməni olsalar da, orada da ağıllıları var. Onlar anlayırlar ki, Qarabağ onların deyil. Paşinyan da bunu söyləyir. Deyir ki, gəlin, Ermənistanı dirçəldək, Qarabağdan yapışmaqla Ermənistanı uduzuruq. Əslində, düz deyir. Biz də deyirik ki, siz uduzursunuz. Biz elə belə yaxşıdır. Qoy Qarabağdan yapışsınlar, belə olduqca, inkişaf edə bilməyəcəklər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər