"Bakı" politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Zaur müəllim, Azərbaycan Laçın-Xankəndi yolunun girişində nəzarət-keçid məntəqəsi qurduqdan sonra ölkəmizə qarşı əsassız iddialar səslənir. Sülh müstəvisində də proseslərin arxa plana keçdiyi deyilir. Bu iddiaları nə dərəcədə əsaslı sayırsınız?
- "Postun qurulması sülh müqaviləsinə zərbədir" anlayışı yanlışdır. Əslində bu yolda nəzarət-keçid məntəqəsinin qurulacağını Nikol Paşinyan çox gözəl bilirdi. Çünki Azərbaycan dəfələrlə qeyd edirdi ki, Zəngəzur dəhlizi açılmayacaqsa, Laçında da dəhliz anlayışı aradan qalxmış olacaq. İndiki halda faktiki olaraq nəzarət-keçid məntəqəsinin qurulması Qarabağ məsələsinin keçmişdə qalması deməkdir. Artıq Azərbaycan-Ermənistan arasında delimitasiya-demarkasiya və digər proseslərin həllinin asanlaşması istiqamətində mühüm addım atılıb. Ermənistanın baş naziri özü də qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Artıq Bakı və İrəvan arasında olan digər məsələləri müzakirə edə bilər.
- Ölkəmizə qarşı olan bəyanatların mahiyyəti necə şərh edilir?
- Azərbaycanın atdığı addımlara verilən beynəlxalq şərhlər o qədər də radikal deyil. Müəyyən mənada ittihamlar var. Amma bunlar hər zaman bu ifadələri səsləndirən ölkələrdən eşidilir. Fransadan sözsüz ki, biz digər addım gözləyə bilməzdik. Amma bu ittihamlar daha çox bəyanatlar formasında olacaq. Bu bəyanatlardan da irəli keçməyəcək. Bir çox ölkələrin bəyanatlarına da baxanda görürük ki, bunlar ikibaşlı xarakter daşıyır. Məqsədləri ölkələri daxilində olan erməni diasporasını sakiləşdirmək və Ermənistanda öz nüfuzlarını qorunmaq üçün verilən bəyanatlardır. Artıq bütün dünya başa düşür ki, Qarabağ Azərbaycanın daxili işidir. Əslində Brüssel, Soçi, Vaşinqton danışıqlarını aparmış ölkələr daha yaxşı bilir ki, Azərbaycanın istəkləri və tələbləri nədən ibarətdir. Bu, Rusiya və ABŞ-a da yaxşı məlum idi.
- Üçtərəfli razılaşmanın bəndləri ilə bağlı məsələ yenidən gündəmə gəlib. Keçid məntəqəsinin qurulmasının buna nə dərəcədə aidiyyatı var? Bu addımın atılması bəyanata necə təsir edə bilər?
- Kənardan səslənən fikirlər daha çox formal xarakter daşıyır. Burada söhbət heç də Rusiyanın vasitəçiliyi ilə əldə edilən razılıqların reallaşmasından getmir. Bu, sadəcə olaraq ifadə olaraq qeyd edilir. Əslində isə üçtərəfli bəyanatının heç bir müddəası Azərbaycan tərəfindən pozulmayıb. Əksinə nəzarət-keçid məntəqəsinin olması üçtərəfli razılaşmalarda olan müddəaların həyata keçməsinə zəmin yaradacaq. Bu eyni zamanda Zəngəzur dəhlizinin açılmasına da təkan verəcək. Eyni zamanda Qarabağda hələ də qalmaqda olan qanunsuz silahlıların ləğvi məsələsi gündəmdədir. Digər qanunsuz qurumların də ardıcıllıqla ləğvi həyata keçiriləcək.
- Hazırkı mərhələdə Azərbaycanın əsas tələbi nədən ibarətdir?
- Ölkəmizin mövqeyi ondan ibarətdir ki, Qarabağda olan ermənilər ya Azərbaycana inteqrasiya olmalı ya da bölgəni tərk etməlidir. Amma ümumilikdə separatçıların da tez bir zamanda təslim olacağını düşünmək olmaz. Ruben Vardanyan və Araik Arutunyanın bəyanatları onu göstərir ki, onlar hələ də müəyyən ölkələrə ümid bəsləyirlər. Nəticədə isə onlar da bu reallığı dərk edərək başqa yollarının olmadığını anlayacaqlar. Faktiki olaraq bu gün Qərbi Zəngəzurda 125 min erməni sakini yaşayır. Belə olan halda onların Qarabağa iddialarla çıxış etməsi çox gülünc görünür. Burada Nikol Paşinyanın ötən həftə etmiş olduğu çağırışına erməni tərəfi qulaq asmış olsa idi onlar üçün daha yaxşı olardı.
- İndiki halda Zəngəzur dəhlizinin açılmasına daha çox kimlər maneə olur?
- Zəngəzur dəhlizinin açılması Azərbaycan-Ermənistan sərhədinin Laçın rayonu istiqamətində girişdə keçid məntəqəsi qurulduqdan sonra sonra sürətlənə bilər. Burada Rusiyanın da razılığı var. Amma bu prosesə İran mane olmağa çalışır. Digər tərəfdən Qərb və Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı baxış bucağında olan fərqlərdir. Bu fərq Ermənistanın hələ də sülh sənədinə imza atmamasına gətirib çıxardır. Rusiya Zəngəzur dəhlizinin üçtərəfli bəyanata uyğun olaraq açılması və yolda onun təhlükəsizliyə nəzarət etməsində maraqlıdır. Qərb isə buradan tamam əks mövqedədir. Çünki Qərb heç bir halda Rusiyanın Zəngəzur dəhlizinə nəzarət etməsini istəmir. Onların əsas istəyi bu dəhlizə ermənistanın nəzarət etməsidir.