Azərbaycan iki yüksəkliyi ona görə indi nəzarətə götürdü ki, Laçın istiqamətində ölkə ərazisinə girişdə qurulmuş nəzarət-buraxılış məntəqəsinin qarşı təxribataların qarşısı alınsın. Çünki bu təxribat həm rus sülhməramlıları, həm də ermənilər tərəfindən ola bilərdi. Elə yenicə təyin edilmiş rus sülhməramlılarının komandanı Aleksandr Lentsov əraziyə gələn kimi separatçıların rəhbərliyi ilə görüşüb. Bu da yaxın zamanlarda təxribat elementlərinin olacağı ehtimalını gücləndirib. Bu baxımdan da Azərbaycan Ordusu önləyici addımlar atıb.
Bunu Teleqraf.com-a hərbi ekspert, ehtiyyatda olan polkovnik Üzeyir Cəfərov deyib.
O qeyd edib ki, Azərbaycan Ordusunun həmin yüksəkliklərə nəzarəti ələ alması bizim üçün müəyyən təminat yaradacaq:
“Bu, Laçın-Xankəndi yolunun girişində qurulmuş nəzarət-keçid məntəqəsinə də hər hansı bir təhlükənin qarşısını öncədən almağa hesablanıb. Çünki onların məqsədi Azərbaycana növbəti dəfə problem yaratmaqdır. Belə niyyətləri də var ki, Laçının girişində qurulmuş nəzarət-keçid məntəqəsində rus sülhməramlıları da Azərbaycanla bərabər dayansın. Xidməti birlikdə aparmağı təklif ediblər. Sözsüz ki, Azərbaycan buna razı olmayıb. Laçın şəhəri ilə Kiçik Qaladərəsi arasında iki strateji yüksəkliyin də Azərbaycan Ordusunun tam nəzarətinə keçməsi də mümkün təhlükələrə qarşı ən sərt addımların atılacağını ehtiva edir”.
Polkovnik hesab edir ki, Lentsovun vəzifəsinin icrasına başlayan kimi separatçıların rəhbəri Araik Arutunyanla görüşü açıq təxribatdır:
“Azərbaycanlı eko-fəalların qarşısına çıxıb onların tələblərinə qulaq asmadan, onları yerinə yetirmədən gedib separatçılarla görüşmək tamam başqa mətləblərdən xəbər verir”.
Üzeyir Cəfərova görə, Azərbaycan Laçın istiqamətdə ölkəyə girişdə sərhəd-buraxılış məntəqəsi qurmaqla yanaşı, gömrük-nəzarəti də yaratması Lentsovun separatçılarla görüşünə ən tutarlı cavab oldu:
“Əslində bununla növbəti dəfə ərazimizdə qalmış olan qanunsuz silahlılar bloklanmış oldu. Onların yeganə çıxış yolu Azərbaycana təslim olmaqdır”.