ABŞ-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında baş tutan görüşlərdə sülh gündəliyinə dair müxtəlif fikirlər səslənir. Amma Ermənistan növbəti dəfə prosesi pozur və olması mümkün olmayan məsələləri gündəmə gətirir. Erməni tərəfinin iddiasına görə, əldə ediləcək sülh sənədində hansısa bir formada “etnik azlıq” termini öz əksini tapmalıdır. Sözsüz ki, burada Azərbaycanın barışmaz mövqeyi ortadadır.
Bunu Teleqraf.com-a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.
Onun fikrincə, Azərbaycanla Ermənistan arasında əldə ediləcək sülh müqaviləsi Azərbaycanın daxili işləri ilə heç bir halda əlaqələndirilə bilməz:
“Bu, beynəlxalq hüquqa və ölkə qanunlarına ziddir. Ona görə də, bu məsələ heç bir halda Azərbaycan tərəfindən qəbul edilməyəcək. ABŞ-da indiki məqamda bu məsələnin bir daha gündəmə gəlməsi onu göstərir ki, Vaşinqton iki ölkə arasında sülhün əldə edilməsində maraqlı deyil. İki dövlət arasında münasibətlər yoluna qoyulan zaman digər bir ölkənin daxili işi beynəlxalq münasibətlər səviyyəsinə qaldırılır. Bu isə o deməkdir ki, ABŞ-ın bu regionla bağlı niyyəti başqadır”.
Partiya sədri hesab edir ki, Ermənistana Qarabağda indiyə kimi törətdiyi hərbi cinayətlərə görə, ABŞ-dan heç bir reaksiya verilməyib:
“Azərbaycanlıların hüquqları ABŞ-ı maraqlandırmırsa, onun sülh məsələsində vasitəçi və təşəbbüskar olması da mümkün deyil. Bu gün əgər Azərbaycan daxilində hansısa bir “etnik azlıq" ABŞ tərəfindən önə çəkilirsə, bu, tamam başqa məntiqə sığmır. Bütün bunlar onu deməyə əsas verir ki, ABŞ və digərlərinin proseslə bağlı vasitəçilik missiyasına adı altında burada yer almasına ehtiyac qalmayıb. Çünki bu tərəflər heç bir halda səmimiyyət üzərindən prosesə yanaşmır”.