Politoloq Qabil Hüseynli Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Artıq qardaş ölkədə - Türkiyədə keçiriləcək prezident və parlament seçkilərinə saatlar qalıb. Fikrinizcə, nəticələr necə ola bilər?
- Yarış çox gərgin keçəcək. Bu, cümhuriyyət tarixinin, 1947-ci ildə demokratiya keçiddən sonra baş tutacaq ən gərgin seçkilər olacaq. Seçkilər cümhuriyyətin 100 illiyində keçirilir, üstəgəl, mübarizə aparan tərəflər arasında çox ciddi ideoloji-siyasi ixtilaf var. Zənnimcə, bizi mayın 14-də çox gərgin gün gözləyir.
- Bəs namizədlər haqda nə düşünürsünüz: yarışda kim önə keçəcək - Prezident Rəcəb Tayyib Ərdoğan, yoxsa CHP sədri Kamal Kılıçdaroğlu?
- Sorğuyla məşğul olan müxtəlif mərkəzlər var. Bunlardan bəziləri Ərdoğan, bəziləri də Kılıçdaroğlunun mövqeyindən rəy formalaşdırmağa çalışdılar. Amma cəmiyyət arasındakı ümumi atmosferə baxdıqda görə bilərik ki, Cümhur İttifaqı və ya AKP-MHP koalisiyası öndədir. Bu ittifaqın seçiciləri sorğularda Millət İttifaqı və onun namizədi Kılıçdaroğlunu geridə qoymağı bacarıblar. Əlbəttə, bu, ilkin təəssüratdır. Belə sorğuların keçirilməsi üsullarını hesablayan mütəxəssislər belə hesab edirlər ki, Kılıçdaroğlu və onun ətrafında toplaşan müxtəlif partiyaların hay-küylərinə baxmayaraq, seçkilərin favoriti yenə də Cümhur İttifaqının namizədi hörmətli Rəcəb Tayyib Ərdoğandır.
Seçkilərin birinci, yoxsa ikinci turda yekunlaşacağı məsələsi də gündəmdədir. Bəziləri belə hesab edirlər ki, prezident seçkiləri ikinci turda həllini tapacaq, 600 üzvün seçilməli olduğu parlament seçkiləri isə birinci turda başa çatacaq. Parlament seçkiləri ilə bağlı əsas fikir budur ki, AKP, MHP və onların ortaqları olan digər partiyalar parlamentdəki yerlərin yarıdan çoxunu tutacaqlar. Söhbət 301-304 yerdən gedir. Parlament seçkilərində kim üstünlük əldə edirsə, o zaman prezident seçkilərinin ikinci turunda onun namizədinin seçilməsi şansı böyük olur. Bu baxımdan, birinci turda inamlı qələbə qazanmış AKP-nin namizədinin ikinci turda daha böyük fərqlə qələbə qazanacağı proqnozlaşdırılır.
- Məmləkət Partiyasının sədri Məhərrəm İncənin az vaxt qalmış geri çəkilməsi prosesə necə təsir göstərə bilər?
- Məhərrəm İncə o qədər də populyar siyasətçi deyil. Üstəgəl, seçkilərdən çəkilməsinin səbəbi təkcə səhhəti ilə bağlı yox, həm də şəxsi həyatı ilə əlaqədar və onun nüfuzuna mənfi təsir edə biləcək videogörüntülərin olduğu iddiası ilə bağlıdır. Bu səbəbdən insanların qarşısına çətin çıxa bilərdi, ona görə də geri çəkildi. Amma seçkilərdə kimi dəstəkləyəcəyi ilə bağlı açıqlaması olmadı.
Araşdırmaçılara görə, Məhərrəm İncənin əsas seçici kütləsi Qara dəniz bölgəsindədir. Özü də Trabzon doğumludur. Demək olar ki, bu baxımdan onun elektoral bazası ilə Ərdoğanın elektoral bazası üst-üstə düşür. Ərdoğan da Qara dəniz bölgəsindən – Rizə şəhərindəndir. Buna görə də hörmətli Məhərrəm İncənin səslərinin əksəriyyətinin Ərdoğana gedəcəyi ehtimalı böyükdür.
Bizim həmyerlimiz Sinan Oğan da ikinci tura keçməyəcəyi təqdirdə, onun səslərinin də Ərdoğana gedəcəyini düşünürəm. Ola bilsin, Sinan Oğan seçkilər ikinci tura qalsa, Ərdoğana dəstək bəyanatı ilə də çıxış edə bilər. Ümumilikdə isə Ərdoğanın birinci turda qazanmaq şansı var. Amma bəzi məqamları nəzərə aldıqda ikinci tura keçəcəyi ehtimalı da önə çıxır. Bu durumda AKP parlament seçkilərinin birinci turunda inamlı qələbə qazanacağı üçün Ərdoğanın da prezident seçkilərinin ikinci turunu öndə tamamlayacağını demək olar. Belə bir şey olarsa, təkcə Sinan Oğan yox, Məhərrəm İncənin seçicilərinin də Cümhur İttifaqına dəstək verə biləcəklərini düşünürəm. Bütün bunları nəzərə aldıqda əminliklə demək olar ki, mümkün ikinci turun mütləq qalibi də hörmətli Ərdoğan olacaq.
- İncənin özü şantaja görə PKK və FETÖ-nü, Kılıçdaroğlu isə Rusiyanı ittiham etdi. Rusiya buna gedərdimi?
- Rusiyanın buna getdiyinə inanmıram. Kılıçdaroğlunun buna görə Rusiyanı ittiham etməsi ciddi səhvdir. Çünki indi Rusiya-Türkiyə münasibətləri yüksək səviyyədədir. Rusiyanın özü də Ərdoğana olan rəğbətini gizlətmir və bunu açıq ifadə edir. Kılıçdaroğlu bu və digər iddiaları, eləcə də “Yeni İpək Yolu” ilə bağlı təklifinə görə gülüş obyektinə çevrilib. Kılıçdaroğlunun sərtiştəsizliyi və heç bir hesab-kitaba sığmayan fikirləri ilə bağlı tənqidlər var. Zənnimcə, o, Azərbaycandan yan keçən “Yeni İpək Yolu” projesini irəli sürməklə ciddi səs itkisinə məruz qaldı. Bu onun seçkilərdəki mövqeyinə ciddi zərbə vuracaq amillərdən biri hesab oluna bilər.
- Bəs mümkün hakimiyyət dəyişikliyində Türkiyə-Azərbaycan münasibətləri necə ola bilər?
- İnanmıram ki, lap Kılıçdaroğlu hakimiyyətə gəlsə, Türkiyə-Azərbaycan münasibətlərini Şuşa Bəyannaməsindən kənara çıxara bilsin. Düzdür, könlündən Azərbaycanla bağlı müəyyən dəyişikliklərin edilməsi keçir, amma nəzərə almaq lazımdır ki, Türkiyə-Azərbaycan qardaşlığının dərin kökləri var və bu, böyük bir tarixi keçmişdən gəlir. Bu, xalqların yaddaşına hopub. Hesab edirəm ki, Türkiyə əhalisinin ən azı 70 faizi Azərbaycanla müttəfiqlik əlaqələrinin davam etdirilməsini və daha da gücləndirilməsini tələb edir. Buna görə də hakimiyyətin başında kim olur-olsun, Türkiyə-Azərbaycan qardaşlığı daimi və əbədidir. Bunun möhkəm bünövrəsi var. Bu möhkəmlik də xalqların iradəsinə bağlıdır. Bu bağ xalqların bir-birinə olan istəklərindən doğur.