26 May 2023 13:56
552
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkədə səfərdə olan ABŞ-ın Yuta ştatında yerləşən “İsa Məsih Sonuncu Günlərin Müqəddəsləri” Kilsəsinin 12 Həvarilər Kvorumunun üzvü Devid Bednarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Teleqraf.com-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Görüş zamanı nazir çoxmillətli və multikonfessional ölkə olaraq Azərbaycanın bütün dinlərə etiqad edənlərin sülh və əmin-amanlıq içərisində yaşadığı ölkə olduğunu və hazırda Azərbaycanın mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qlobal mərkəzlərindən birinə çevrildiyini qeyd edib. Bu istiqamətdə Azərbaycan Respublikasının Prezidentinin müəllifliyi ilə “Bakı prosesi” təşəbbüsü də daxil olmaqla bir sıra qlobal əhəmiyyətli təşəbbüslərin irəli sürüldüyü, BMT-nin Sivilzasiyalararası Alyansının Qlobal Forumu da daxil olmaqla Azərbaycanın bir sıra mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etdiyi bildirilib.

Müxtəlif xalqların mədəni və dini irsinə hərtərəfli diqqət və qayğının təmin edildiyi Azərbaycanın nümunəvi dövlət-din münasibətlərinin mövcud olduğu ölkələrdən biri olduğu, belə bir şəraitdə xristian həmvətənlərimizin öz adət-ənənələrini, dini inanclarını, mədəniyyətlərini sərbəst şəkildə yaşadaraq ölkəmizin sosial-mədəni həyatının bütün sahələrində fəal iştirak etdikləri müqabil tərəfin diqqətinə çatdırılıb.

C.Bayramov eyni zamanda 30 illik dövrdə ərazilərimizin Ermənistan tərəfindən işğalı və etnik təmizləmə fəaliyyəti, eləcə də post-münaqişə dövründə ölkəmizin sülh və sabitliyin təmin edilməsi, bərpa və quruculuq işləri barədə məlumat verib. Ermənistan tərəfindən prosesə törədilən maneçilik cəhdləri və davam edən mina təhdidləri vurğulanıb.

Devid Bednar Azərbaycanın tolerantlıq və multikulturalizm ənənələri və dinlərarası dialoqa töhfə verən mühüm təşəbbüsləri barədə məlumatlı olduğunu və beynəlxalq müstəvidə dini, irqi və etnik zəmində ayrı-seçkiliyin xüsusilə kəskin miqyas aldığı hazırkı dövrdə Azərbaycan cəmiyyətinin sahib olduğu dəyərlərin olduqca əhəmiyyətli olduğunu bildirib. O, kilsənin müxtəlif proqramları çərçivəsində ölkəmizlə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb.

Tərəflər görüş zamanı eyni zamanda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər