"Bakı" politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Zaur müəllim, diplomatik təmaslar çoxaldıqca erməni tərəfinin təxribatları da artır. Təxribatlarla qarşı tərəf nəyə nail olmaq istəyir?
- Son zamanlar ermənilər tərəfindən təxribatların həm Qarabağda, həm də şərti sərhəddə çoxalmasının məqsədi bəllidir. Çünki Qərb platformasında keçirilən bütün görüşlərdə bu analogiya izlənilir. Bu da mümkün qədər nəticə əldə etməyə mane olmaqdan ibarətdir. Eyni zamanda tərəflər arasında qarşıdurma yaratmağa hesablanıb. Amma bu cür təxribatların artıq effekti yoxdur. Azərbaycan və Ermənistan rəhbərliyi arasında bu və ya digər məsələlər ətrafında bir baxış bucağı formalaşıb. Nikol Paşinyanın rəhbərliyi ilə Ermənistanla Azərbaycan arasında üçüncü tərəflərin münasibətləri gərginləşdirmək cəhdlərinin hansı məsələlərə görə baş tutmadığı da bəllidir.
- Kişinyov görüşləri ilə bağlı fərqli yanaşmalar var. Almaniyanın iştirakı burada nəyə hesablanıb? Bu, Brüssel formatında aparılan danışıqların istiqamətini dəyişdirmək cəhdi kimi də izah edilir ...
- Kişinyov görüşlərinin keçirilməsi ona görə vacibdir ki, burada Fransa Prezidenti Emannuel Makron da iştirak edəcək. Eyni zamanda burada Makron Azərbaycanın tələblərinin nədən ibarət olmasını eşidəcək. Çünki bundan öncə Paşinyan Almatı sənədlərini qəbul etdiyini və bunun fonunda Azərbaycanın ərazi bütövlüyünü tanıdığını qeyd edib. Bu dəfə Kişinyovda Ermənistan tərəfi ümumi bəyanatla olsa belə bir daha Azərbaycan ərazisini, yəni Qarabağ da daxil olmaqla 86,6 min kv km ərazini tanımasını etiraf etməlidir.
- Burada hər hansı bir sənədin imzalanması gözlənilirmi?
- Hələ ki nə Zəngəzur dəhlizi istiqamətindəki dəmir yolu xətti, nə də sərhədlərin dəqiqləşməsi ilə bağlı bir sənəd imzalanmayacaq. Bu, Ermənistan baş nazirinin vaxtı uzatmaq üçün etdiyi gedişlərdir. Münasibətlərin normallaşmasına dair sülh sənədi ona görə imzalanmır ki, Ermənistan əlavə təkliflərlə çıxış edir. Bu təklifləri irəli sürməkdə məqsəd ərazi bütövlüyü məsələsi kontekstində məsələləri mümkün qədər yubatmaqdır. Çünki erməni tərəfi də çox yaxşı bilir ki, Azərbaycan onların bir çox təkliflərini qəbul etməyəcək.
- Sülh sazişi olmasa belə, Zəngəzur yolu müstəvisində dəmir yolu xəttinin açılması ehtimallarını necə dəyərləndirirsiniz?
- İndiki reallıqda bu qaçılmaz görünür. Gec-tez dəmir yolu xətti açılacaq. Sadəcə olaraq erməni tərəfi bu yolda müvafiq dövlət strukturlarının, yəni gömrük və sərhəd məntəqəsinin qurulmasını təmin etmək istəyir. Bu variant çoxdandır ki, müzakirə predmetidir. Sadəcə olaraq Ermənistan-Rusiya arasında olan fikir ayrılığı burada başlıca təsirə malikdir. Görünən isə odur ki, Rusiya müəyyən məsələlərə görə konsensusa gəlib. Bu məsələdə də müəyyən nəticələr əldə edilib.
- Fransanın yer aldığı halda, Almaniyanın iştirakı ilə baş tutacaq görüşün effektivliyi haqqında nə demək olar?
- Almaniya və Fransa Avropa İttifaqının lider dövlətləri hesab edilir. Ona görə də, danışıqlarda hər iki dövlətin iştirak etməsi düşünülüb. Əslində bu, ABŞ-ın təklifidir. Amerika Fransa və Almaniyanı danışıqlarda iştirakçı ölkələr qismində görmək istəyir. Bu, prinsip etibarı ilə Azərbaycan üçün əhəmiyyətlidir. Azərbaycan onsuz da Fransanı danışıqlardan kənarlaşdırıb. Ona görə də, Fransanın burada iştirakı formal xarakter daşıyır. Eyni zamanda Fransa heç bir halda öz maraqlarını burada diqtə edə bilməyəcək. Əksinə Almaniya və Fransa liderinin Kişinyov görüşlərində yer alması fonunda Paşinyanın öz üzərinə hansı öhdəlikləri götürdüyünün əyani şahidi olmaları daha vacibdir.