Ermənistan dövləti yarandığı gündən ümumiyyətlə ikili siyasət yürüdüb. Hazırda bu ölkə bir tərəfdən Rusiya, digər tərəfdən Qərbpərəst siyasət aparır. Hər ikisindən maksimum istifadə etməyə, hər iki tərəfin dostu olduğunu göstərməyə çalışır. Təbii ki, siyasətdə bu cür yanaşma iki stulda oturmaq adlanır.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
Onun fikrincə, hakimiyyətlər, komandalar dəyişir, amma Ermənistanın ana xətti dəyişmir:
“Bu mənada Ermənistanın necə siyasət yürütməsi onun daxili işidir. Azərbaycanı maraqlandıran isə ancaq ərazi bütövlüyü məsələsidir. Eyni zamanda Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması, Qarabağ istisadi zonasında olan hərbi kontingentini çıxarması əsas prinsipdir. Bu məsələdə də Ermənistanın vaxtaşırı mövqe dəyişməsi, fərqli fikirlər söyləməsinin şahidi oluruq. Hətta Ermənistan rəsmilərinin ayrı-ayrılıqda bir-birinə zidd mövqelərdən çıxış etməsini də görürük”.
Millət vəkili hesab edir ki, bütün bunlara baxmayaraq, Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyini qorumaq əzmindədir və bunu edə bilir:
“Dünya da bunu görür. Ermənistanın baş naziri Nikol Paşinyan Qərblə Rusiya arasında olan yanaşmanı isə həmin tərəflərin özləri aydınlaşdırsın”.
Aydın Mirzəzadə həmçinin Ermənistan son günlər artan təxribatlarına da münasibət bildirib:
“Hətta Ermənistanla sülh müqaviləsi bağlandıqdan sonra da onun hərbi təxribatlara əl atacağı gözlənilir. Bu erməni tərəfinin yüz illərdir ki, formalaşan, özlərinin müstəsnalığı, Azərbaycan və Türkiyəyə qarşı torpaq iddiası ilə bağlıdır. Sözsüz ki, bu, birdən-birə beyinlərdən çıxan deyil. Ona görə də, Ermənistan tərəfi hərbi-siyasi təxribatlar edəcək. Bütün bunların hamısına Azərbaycanın cavab vermək gücü var. Reallıq isə odur ki, biz çox çətin, mürəkkəb, hər an fikrini dəyişən bilən ölkə ilə qonşuyuyuq. Bu xüsusiyyətləri nəzərə alaraq Azərbaycan özünün milli maraqlarını qorumaq siyasətini çoxdan müəyyənləşdirib”.