Politoloq Qabil Hüseynli Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Ermənilər Laçın sərhəd-keçid məntəqəsi istiqamətində də təxribat törətdilər. Üstəgəl, son günlərdə aktiv şəkildə Naxçıvan, Qarabağ və digər istiqamətlərdə atəşkəsi pozurlar. Sizcə, Azərbaycan separatizmi birdəfəlik bitirmək və Ermənistan əl-qolunu bağlamaq üçün hansı addımları ata bilər, ümumən, proses hara gedir?
- Zənnimcə, bölgə və sülhyaratma prosesi üçün ciddi təhlükə yaranıb. Bu, ilk növbədə, Rusiyanın bölgədə dağıdıcı və pozucu fəaliyyəti ilə qırılmaz surətdə bağlıdır. Rusiya bunun üçün Ermənistandakı “5-ci kolon”unu – revanşistləri və “Qarabağ klanı”nı da hərəkətə gətirib. Nəticədə həm sərhəddə təxribat törədilir, həm də Laçındakı sərhəd-buraxılış məntəqəsinə atəş açılır.
Bunlar çox ciddi faktlardır. Bunun ilk nəticəsi o ola bilər ki, sülhyaratma prosesi dayansın. Bundan əvvəl xarici işlər nazirlərinin Vaşinqtonda planlaşdırılan görüşü baş tutmadı. Amma iyulda liderlər səviyyəsində Brüsseldə görüş olacaq.
Sərhəddə toqquşmalar və Rusiya hərbçilərinin bölgədəki pozuculuq fəaliyyətləri davam edərsə, gərginlik daha da arta bilər. Üstəgəl, Rusiyanın əvvəllər saman altından gördüyü işləri aşkar formada etməsi gərginliyi daha da tətikləyir. İndi Nikol Paşinyanın prosesin bu şəkildə getməsini istəyib-istəmədiyini demək asan deyil. Çünki Nikol bir yandan pozitiv açıqlamalar verir, digər tərəfdən isə revanşistlərin pozucu fəaliyyətlərinin qarşısını ala bilmir. Bu da hakimiyyət boşluğundan qaynaqlanır. Paşinyan baş verənləri seyirçi mövqedən izləyir.
Axır vaxtlarda o tendensiya da müşahidə olunur ki, Paşinyan yenidən moskvayönlü siyasi xətt götürüb. Tez-tez Putinlə məsləhətləşir, onun görüşünə gedir. Artıq onun ruspərəst siyasəti açıq formada görünür. Son bir ayda dörd dəfə Rusiyada Putinlə görüşüb. Bu da anlaşılan bir təəssürat yaratmır. Eyni zamanda, Ermənistan Rusiyanın xeyrinə beynəlxalq sanksiyaları pozur, Qərbdən aldığı strateji əhəmiyyətli avadanlıqları Moskvaya ötürür və öz banklarında Rusiya adına maliyyə əməliyyatları keçirir.
Məncə, bunlar Qərbi ciddi düşündürür. Brüssel və Vaşinqtondan bununla bağlı İrəvana müəyyən mesajlar verilib. Bunun zamanla xəbərdarlıq xarakterini alacağını düşünürəm.
Bir sözlə, Rusiya bölgəni qatıb-qarışdırır. Moskva Ermənistandakı “5-ci kolon”u vasitəsilə Paşinyan və komandasını çaşdırır. Rusiya Brüssel və Vaşinqton proseslərini pozmaq niyyətini gizlətmir, bunu açıqca bəyan edir. Üstəgəl, Qarabağ ermənilərinin Azərbaycana inteqrasiyası prosesini və Bakının bununla bağlı proqramını pozmağa çalışır. Rusiya bölgədə sülh və sabitlik yox, müharibə vəziyyətinin davamını istəyir. Görünən budur ki, bunun qarşısını almadan bölgədə vəziyyəti nizama salmaq asan olmayacaq.
- Rusiya dövlət mediası isə prosesdə ABŞ amilini önə çəkir. Rus mənbələri iddia edirlər ki, Amerika Qarabağ ermənilərinin Azərbaycana inteqrasiyasına çalışır. Bunu “yanlış bir şey”miş kimi təqdim edən rus mediası erməniləri qızışdıracaq ifadələrə yer verir. Rusiya niyə ABŞ məsələsini ortaya atıb, bölgəyə müdaxilə üçün “zəmin” hazırlayırmı, ya başqa hesabı var?
- Rusiya mediası Azərbaycan əleyhinə dezinformasiya ilə məşğuldur. ABŞ isə Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyasını bölgədə sülhün təmin edilməsinin mühüm elementlərindən biri kimi görür. Hətta onları Azərbaycanın mərkəzi hakimiyyəti ilə danışıqlara getməyə çağırır.
Rus mətbuatda yayılan bir iddiaya görə, ABŞ bu danışıqların üçüncü bir ölkədə baş tutması üçün hərəkətə də keçib və bu məqsədlə Qarabağ ermənilərinə təzyiqlər edir. Rusiya mediasının heç bir mənbəyi göstərilməyən bu informasiyasını ermənilər həvəslə yayırlar. Bundan aranı qızışdırmaq üçün istifadə edirlər.
ABŞ da, Avropa Birliyi də anlayır ki, ərazi bütövlüyü və bunun üzərində suverenliyin tanınması nizamlamanın başlıca elementidir, bu yolla prosesi dayanıqlı sülhə çevirmək olar. Bu səbəbdən də, demək olar ki, obyektiv sayıla biləcək mövqeyə çatıblar. Rusiya isə pozucu fəaliyyəti ilə həm ictimai rəyi çaşdırır, həm də Ermənistan və separatçılara qızışdırıcı fikirlər təlqin edir.
Bu baxımdan Rusiya sülhməramlılarının “fəaliyyət”ləri açıq görünür. Rus sülhməramlıları Ermənistanda yaşamaq istəyən ermənilərə bölgədən çıxmağı qadağan edib. Separatçı rejimlə birlikdə bunu nəzarətdə saxlamağa çalışırlar. Rusiya separatçıları qızışdıraraq onları beynəlxalq təşkilatlara, xüsusən də Vladimir Putinə müraciət etməyə təşviq edir.
Rusiya destruktiv planlar həyata keçirməklə sülhyaratma prosesinin önündə ciddi əngəllər yaradır. Dünyada hər kəs bilir ki, bölgədə sülhün bərqərar olması Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə inteqrasiyasından keçir. Bu məsələ həll edilmədən bölgədə dayanıqlı sülh mümkünsüz olacaq. Rusiya da separatçılar və Ermənistandakı “5-ci kolon”u vasitəsilə həm bunun qarşısını almaq üçün, həm də Nikol Paşinyanın devrilməsini nəzərdə tutan təhlükəli planlar qurub, həyata keçirməyə çalışır.
- Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İranın Zəngəzur dəhlizinin açılmasına mane olmağa çalışdığını dedi. Türkiyə liderinin bu mesajı Ermənistanda, xüsusən də İranda təşviş yaradıb. Erməni-fars ekspertləri və mediasının fikrincə, Ərdoğanın bu mesajında həmin maneənin (İran) aradan qaldırılmasının və bu yöndə hərəkət anonsu var. Siz necə düşünürsünüz: Zəngəzur dəhlizinin açılması yönündə praktiki addımlar ola bilərmi?
- Zəngəzur dəhlizinin açılması qərarı Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin Moskvada 9 saat davam edən görüşündə verildi. O səbəbdən də Türkiyə liderinin bu açıqlamasının “pis niyyət” kimi yozulması ədalətsizlikdir. Zəngəzur dəhlizi Ermənistanın blokadadan çıxması üçün çox böyük önəmə malikdir. Rusiya da Qərblə əlaqələr tam kəsildikdən sonra özünün strateji istiqaməti kimi Cənubu seçdiyini, bu yöndəki strateji kommunikasiya xətlərinin Azərbaycandan keçdiyini açıqca bildirir.
Zəngəzur dəhlizi təşəbbüsü Azərbaycandan gəlsə də, Türkiyə bunu müdafiə etsə də İran Ermənistanın rəhbərliyini yoladan çıxararaq buna əngəl yarada bilmişdi. İndi Rusiya Şimal-Cənub dəmir və avtomobil yollarını işə salmaq istəyir. Bunun açılması ehtimalı da kifayət qədər yüksəkdir. Rusiya başa düşür ki, bu məsələdə hər şey Azərbaycanın razılığından asılıdır.
Azərbaycanın strateji maraqları Rusiyaya da bəllidir. Bu baxımdan Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı maraqları Rusiyanın istəkləri ilə üst-üstə düşür. Buna görə də bu xəttin açılması ilə bağlı verilən qərar və İranın buna sərt təpki göstərməməsi, Rusiyanın ona müəyyən məqamları çatdırması ilə bağlıdır. Rusiya İrana deyə bilər ki, yol mənim nəzarətimdə olacaq. Amma nəzarət məsələsində Rusiya və Ermənistan arasında ciddi fikir ayrılıqları var.
Sadəcə Ərdoğan o faktı təsdiqlədi ki, erməniləri uzun müddətdir qızışdırıb yoldan çıxaran və bu prosesin müsbət həllinə mane olan İrandır. Qardaş ölkənin prezidenti Zəngilan hava limanının açılışında iştirak edəndə bildirdi ki, heç kəs narahat olmasın, bu yol mütləq açılacaq və bu yol öz missiyasını həyata keçirəcək. Bunu təmkinlə və birmənalı şəkildə söylədi.
Türkiyə prezidenti qlobal nizamda baş verən dəyişikliyi və regiondakı yeni reallıqların ehtiyaclarını yaxşı bilir. İndi isə bu haqda danışarkən prosesə mane olmağa çalışanların məkrli niyyətlərini açır. Bu, Türkiyədən İrana verilmiş ciddi bir mesajdır. Bu, təkcə kommunikasiya xətləri ilə bağlı yox, həm də İranın Azərbaycanla bağlı məkrli planları ilə bağlı xəbərdarlıqdır. Yəni özünü yığışdır və özünə çəki-düzən ver, başqa cür olsa, bu, sizinlə ciddi konfliktə səbəb ola bilər.
Əgər Zəngəzur dəhlizi ilə bağlı Avropa Birliyinin, ABŞ-ın, o cümlədən Rusiyanın maraqları üst-üstə düşürsə, Azərbaycan da burada həlledici rollardan birini oynayırsa, o zaman digər kiçik əngəllər də aradan qalxacaq. Eyni zamanda, bu, Ermənistanın dünyaya açılmasında böyük rol oynaya bilər. Bir sözlə, yolun açılmasına qərar verilib, buna Rusiya da razıdır, İran nə qədər buna mane olmağa çalışsa da, istəyinə nail ola bilmədi.