Artıq 3 ildir ki, Silahlı Qüvvələr Gününü möhtəşəm və əsl bayram ab-havasında qeyd edirik. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Müzəffər Ordusu 44 günlük Vətən müharibəsində möhtəşəm zəfər qazandı. 30 illik işğala son qoydu, tarixi ədaləti bərpa etdi. Vətən müharibəsində əldə etdiyimiz qələbə ilə Prezident İlham Əliyev qalib və dahi sərkərdə kimi adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdırdı.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
Onun sözlərinə görə, Qafqazın ən müasir ordusu hesab olunan Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsində erməni təcavüzünü qəhrəmancasına dəf etməsi və əks-hücuma keçərək düşmənə sarsıdıcı zərbələr endirməsi xalqımızın qələbə əzminin nümayişi oldu: "Azərbaycan Ordusu 28 il icrasını gözləyən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin təmin etdi. Ədalətin və beynəlxalq hüququn mövcudluğunu dünyaya bəyan elədi. Bəyan edildi ki, Ermənistanda revanşist qüvvələr “Dəmir Yumruğun” hər zaman yerində olduğunu yaddan çıxarmasınlar".
Deputat qeyd edib ki, milli ordumuzun inkişaf tarixi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır: “Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədə ordu quruculuğu sahəsində əhəmiyyətli addımlar ata bilib. Xalq Cümhuriyəti süqut etdikdən sonra ölkəmizdə ordu quruculuğu prosesi dayandı. Yalnız ulu öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan verdi, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratdı. Heydər Əliyev 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin - görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Əlbəttə, SSRİ hakimiyyəti belə mühüm bir məsələ qarşısında laqeyd qala bilməzdi. Moskvadan Bakıya belə bir məktəbin açılmasına ehtiyac olmadığını əsaslandırmağa çalışan komissiyalar göndərilməsinə baxmayaraq, Ulu Öndər Heydər Əliyevin mahir diplomatiyası və uzaqgörən siyasəti bütün bu cəhdlərin qarşsını ala bildi.
Bu məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxarmışdı. Təsadüfi deyil ki, C.Naxçıvanski adına Hərbi Lisey Azərbaycan müstəqilliyini bərpa edəndən sonra ordu quruculuğunda əsas bazalardan birinə çevrildi. Ulu öndər Heydər Əliyevin sayəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxuması, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunması mümkün oldu”.
Millət vəkili hesab edir ki, müstəqillik illərində ordu quculuğu sahəsində həyata keçirilmiş işlər ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır: “1993-cü ilin yayında ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı. 1990-cı illərin ortalarından başlayaraq Azərbaycanın NATO ilə sıx və səmərəli əməkdaşlığı ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə, Silahlı Qüvvələrimizin modernləşdirilməsinə, müasir standartlara uyğunlaşdırılmasına səbəb oldu.
Sözsüz ki, bu gün ordu quruculuğu sahəsində ulu öndər Heydər Əliyev tərəfindən həyata keçirilən qətiyyətli və uzaqgörən siyasət Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın hərbi qüdrətinin artırılması dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi qəbul edilib. Müstəqil Azərbaycanda ordu quruculuğu prosesi Prezident İlham Əliyevin hakimiyyəti dövründə tamamilə yeni mərhələyə qədəm qoydu. Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanıldı”.
Tamam Cəfərova bildirib ki, Prezident İlham Əliyevin bu ali diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi:
“Təsadüfi deyil ki, nüfuzlu “Global Fire Power” mərkəzinin 55 göstərici əsasında hazırladığı hesabatda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada ilk əlli ordu sırasında yer aldı. Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda hərbi sənaye kompleksi də yaradılıb. Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur. Bu cür nailiyyətlər Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb.
Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması daim diqqət mərkəzindədir. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur.
Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla Ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Silah və hərbi texnikaların satın alınması və hərbi məhsulların istehsalına dair bir sıra ölkələrlə müqavilələr imzalanaraq hərbi əməkdaşlıq əlaqələri genişləndirilib”.