İki halda danışmağa ehtiyac olmur. Birinci halda sülh mətni razılaşdırılır, imzalanır, keçmişdə, tarixdə qalır. O zaman onu müzakirə etmək olmur. İkinci məsələdə isə sülh mətni hazır olmur və belə halda görüşüb, danışıb onu razılaşdırmaq lazımdır. Bu mənada növbəti Brüssel görüşündə Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri indiyə qədər razılaşdırılmamış sülh mətninin şərtlərini müzakirə edəcəyi gözlənilir.
Bunu Teleqraf.com-a politoloq Zərdüşt Əlizadə deyib.
O qeyd edib ki, bu gün Cənubi Qafqazla bağlı Avropa və ABŞ-ın mövqeyi dəyişməyib:
“Sadəcə onların indiki davranışları və bizim dəyişiklik kimi qələmə verdiyimiz yanaşmalar həmin tərəflərin strateji maraqlarına cavab verir. Amma burada Qərbin maraqları məsələsi olduqca diqqət çəkəndir. Çünki Vaşinqton bu gün Qarabağ ermənilərinin Azərbaycanın tərkibində yaşamasını deyirsə, burada digər ikinci amil nəzərdən qaçmamalıdır. Çünki onlar bunun ancaq Qərbin nəzarəti ilə olacağını iddia edirlər. Bunun üçün də müəyyən mexanizlər və razılaşmalardan danışılır”.
Politoloq hesab edir ki, bu günlərdə Bakıda Qoşulmama Hərəkatının toplantısında Fransa ilə bağlı verilən mesajlar da vacib idi:
“Çünki Frankofoniya təşkilatının üzvləri də burada iştirak edirdi. Bu ölkələrin rəhbərlərinin Emannuel Makronla sıx təmasları var. Bu baxımdan Azərbaycan Prezidentinin Makronla bağlı arqumentləri olduqca təsirli idi. Bakıdan verilən mesaj həm də Fransa ilə bütün körpülərin yandırılması deməkdir. Burada da Fransa günahkardır. Görünən odur ki, Azərbaycan bundan sonra heç bir halda Fransa ilə işləməyəcək. Eyni zamanda sülh müstəvisində Azərbaycan Fransanı heç bir halda yaxına buraxmayacaq. Bununlada Fransanın vasitəçilik nağılı bitmiş oldu”.