Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayev Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Razi bəy, Ermənistanın son təxribatları fonunda baş verən gərginlik pik həddə yaxınlaşır. Artıq tərəflər qarşılıqlı ittihamlar müstəvisinə keçib. Sizcə, baş verənlər prosesi sülhdən nə qədər uzaqlaşdırır?
- Əslində, Azərbaycvanla Ermənistan arasında heç vaxt sülhə yaxın olunmayıb. Sadəcə olaraq sülhə yaxın olmağın illuziyası yaradılıb. Bunu da erməni tərəfi yaxşı bacarır. Hər dəfə sülh gündəliyinə sadiqik, sülh istəyirik deyən erməni tərəfi söz oyunları ilə davam edir. Əgər Ermənistan tərəfi bu gün Azərbaycana hər hansı bir təklif veribsə, o müzakirə olunur, götür-qoy edilir. Bu da sözsüz ki, günlərlə, bəzən də həftələrlə çəkə bilər. Azərbaycan Xarici İşlər Nazirliyinin də erməni tərəfinə bu məsələ ilə bağlı cavab arqumenti yüksək qiymətləndirilir. Bu gün Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamaq niyyəti yoxdur. Səbəb isə hələlik birdir. Çünki ermənilərin ayağının altına daş qoyanlar var. Hələ də ümidlidirlər. Düşünürlər ki, bəlkə də nəyəsə nail ola, nəyisə dəyişə bilərlər. Ona görə də, zaman qazanmağa çalışırlar. Amma unudurlar ki, kəndir artıq boğazlarındadır. Çırpındıqca bu kəndirin halqası getdikcə daralacaq. İnanırıq ki, Azərbaycan istədiyini edə biləcək. Nəhayət, Ermənistan Azərbaycanın şərtləri ilə razılaşacaq. Çünki erməni tərəfi döyüşdə məğlubiyyətə uğrayıb, kapitulyasiya aktına imza atıb.
- Erməni tərəfi Qarabağdakı qondarma rejimlə Azərbaycan arasında görüşlərin nəticəsi olaraq hansısa bir sənədin imzalanmasını iddia edir. Bu nə dərəcədə məntiqli yanaşmadır?
- Azərbaycan tərəfi Ermənistanla sülüh müqaviləsi imzalaya abilər. Əgər bu sülh müqaviləsində erməni tərəfi Qarabağda yaşayan ermənilərlə bağlı hansısa bir məsələni qeyd etmək istəyirsə, buna israr edirsə, analoji olaraq Azərbaycan da vaxtilə Ermənistandan qovulan azərbaycanlıların geri qayıtması tələbini qoyacaq. 350-400 minə yaxın azərbaycanlı Ermənistana qayıtmalıdır. Bu şərtlər daxilində o mümkündür. Əks halda buna razı olunmayacaq. Azərbaycan tərəfi belə olduğu halda həmin sülh sənədinin masaya qoyulmasına razılıq verməyəcək. Bu sənəd bizim tərəfimizdən cırılıb atıla bilər. Ermənistan tərəfi isə bunu bilə-bilə yenə də bu tip açıqlamalar verməklə əslində sülh danışıqlarını birmənalı olaraq pozmuş olur.
- Yevlaxda Qarabağın erməni sakinlərinin təmsilçiləri görüş son anda təxirə salındı. Növbəti dəfə Bərdədə belə görüşün baş tutması ilə bağlı fikirlər var. Bununla bağlı gözləntilər nədən ibarətdir?
- Azərbaycanla Qarabağda yaşayan erməni sakinləri arasında dialoqun olması mümkündür. Ölkəmiz hər zaman bu gündəliyə sadiqdir. Azərbaycanın istəyi odur ki, Qarabağda yaşayan erməni əsilli sakinlərlə danışıqlar aparılsın. Onların istəyinin nədən ibarət olduğu mütləq bilinsin. Çünki onlara Azərbaycanda rahat yaşamalı olduqları deyiləcək. Ölkəmizdə başqa xalqların təmsilçiləri rahat şəkildə yaşayır. Onlara da eyni hüquqlar təmin olunacaq. Ona görə də, Qarabağda yaşayan erməni əsilli sakinlər üçün əlahiddə bir üstünlük yaradıla bilməz. Bu mümkün deyil. Qarabağ erməniləri Azərbaycan dövlətində onların təhlükəsizliyinin tam təmin olunduğuna əmin olmalıdır. Gündəlikdə başqa məsələ ola bilməz. Dünya birliyi də Azərbaycanın bu gündəliyindən məlumatlıdır. Bu görüş Bərdədə, Yevlaxda, Bakıda və Azərbaycanın digər ərazilərində baş verə bilər. Digər bir ölkə ərazisində bu müzakirələrin aparılıması mümkün deyil. Azərbaycan buna razı olmayacaq. Çünki bu həmin ermənilər üçün başqa bir üstünlüyün qazandırılması anlamına gələ bilər.