Azərbaycan Xankəndidə yaşayan erməni əsilli sakinlər üçün humanitar yardım göndərib. Bu, Azərbaycanın öz ərazisində yaşayan əhaliyə olan diqqətidir. Bütün vətəndaşlarımıza, ölkəmizdə yaşayan insanlara qarşı həmişə belə olub, belə də olacaq. Vətən müharibəsindən sonra Azərbaycan Qarabağ İqtisadi zonasında yaşayan erməni əsilli sakinlərin problemləri ilə bağlı təkliflərini dəfələrlə irəli sürüb. Amma buna baxmayaraq Qarabağda hələ də mövcud olan separatçılar guya burada erməni əsilli sakinlərin humanitar böhran yaşadıqlarını iddia edirlər.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
O qeyd edib ki, faktiki olaraq Azərbaycan öz yardımını təklif edir:
“Çox istərdik ki, bu yardım qəbul edilsin. Digər zəruri ehtiyaclar üçün də yardımların edilməsi mümkündür. Azərbaycan ora kommunikasiya xətləri vasitəsi ilə də kömək etmək fikrindədir”.
Millət vəkilinə görə, onlar Azərbaycanın bu yardımından imtina etsələr, özlərini ifşa edəcəklər:
“Azərbaycanın bu addımı ilə Ermənistanın və Fransanın çirkin niyyətləri bir daha ifşa olundu. Bir daha göstərilir ki, onların etdikləri siyasi manipulyasiya və şoudur. Onların niyyəti erməni sakinlərin problemlərinin deyil, Azərbaycana qarşı təxribat törətməkdən ibarətdir”.
Aydın Mirzəzadə bildirib ki, Azərbaycanın humanitar yardım karvanı artıq yoldadır:
“Bu gün yardımı Xankəndiyə çatdırmaq mümkündür. Çünki Bərdə-Ağdam-Əsgəran yolu hazırdır. Bunun ardınca digər yardımlar göndəriləcək. Separatçı rejimin indi necə hərəkət edəcəyi də bilinəcək. İstənilən halda artıq siyasi oyunları ifşa olunub. Humanitar böhran deyirdilərsə, Azərbaycanın yardım konvoyu Əsgəran yolunda olanda görək nə addım atacaqlar".