“Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması ölkəmizin suveren hüquqları çərçivəsində atılmış legitim addımdır. Laçın ölkəmizin ərazisində olduğundan burada həyata keçiriləcək tədbirlər, o cümlədən sərhəd-buraxılış məntəqəsinin yaradılması da müstəsna olaraq ölkəmizin daxili işidir. Ermənistanın və onun havadarlarının bu məsələ ilə bağlı apardığı çirkin kampaniyanın məqsədi bölgədə vəziyyəti gərginləşdirməkdir".
Bunu Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, sərhədimizin toxunulmazlığının təmin olunması məsələsi ölkəmizin milli təhlükəsizliyi ilə yanaşı, qanunun aliliyinin də tələbidir. Dövlət təhlükəsizliyinin pozulmasına yönəlik təhdidlərə qarşı suveren ərazimizdə sərhəd-buraxılış məntəqəsinin yaradılması beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq tam qanuni addımdır. “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması yaxın gələcəkdə Qarabağda qanunsuz yerləşdirilmiş erməni silahlı birləşmələrinin çıxarılması, həmçinin separatçıların tərksilah olunması baxımından böyük önəm daşıyır. Sərhəd-buraxılış məntəqəsi Azərbaycanın suverenliyini və təhlükəsizliyini təmin edir;
Millət vəkilinin sözlərinə görə, Sərhəd-buraxılış məntəqəsi Qarabağ separatçılarına silah, sursat, mina və xarici terrorçuların daşınmasının qarşısını alır. Eləcə də, bu post vasitəsilə ərazidən təbii sərvətlərimizin qanunsuz çıxarılmasının qarşısını alınır.
Sevinc Fətəliyeva deyib ki, "Laçın” sərhəd-buraxılış məntəqəsinin beynəlxalq legitimliyi öz təsdiqliyini tapır:
"Belə ki, Beynəlxalq Ədalət Məhkəməsinin 2023-cü il 6 iyul tarixli yekdil qərarı Ermənistanın nəzarət-buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı müvəqqəti tədbir görmək tələbini rədd edərək, Ermənistanın “Laçın” keçid məntəqəsinin qanunsuz olması ilə bağlı iddialarını qəti şəkildə təkzib edib.
Digər tərəfdən, Azərbaycan humanitar məqsədlər üçün Ağdam Xankəndi yolunu təklif edir. Ermənistan həqiqətən də bölgənin sadə sakinlərini düşünsəydi, heç vaxt Ağdam-Xankəndi yolundan Qarabağ bölgəsinə yüklərin çatdırılmasına etiraz etməzdi. Bu fakt onu göstərir ki, “humanitar” bəhanələrlə edilən manipulyasiyalar vasitəsilə Ermənistan hərbi təxribatlar üçün süni səbəblər yaradır. Hadisələrin gedişatı və erməni siyasətinin xisləti onu aşkar edir ki, Xankəndidə vəziyyətin pisləşməsi rəsmi İrəvanın və Fransa kimi ölkələrin marağındadır. Amma kimin nə deməsindən asılı olmayaraq, Azərbaycan öz prinsipial mövqeyində haqlıdır və heç bir qüvvə dövlətimizin iradəsinə təsir edə bilməz!