Rusiya Qızl Xaç Komitəsinin göndərdiyi yük maşınının Ağdam yolu ilə Xankəndiyə daxil olması Azərbaycan dövlətinin Qarabağdakı ermənilərin reinteqrasiyası ilə bağlı yürütdüyü siyasətə tam uyğundur. Artıq bütün dünya gördü ki, heç kəs rəsmi Bakının beynəlxalq hüquqa və milli maraqlara söykənən iradəsinə, humanitar siyasətinə təsir göstərə bilməz. Ağdam yolunun açılması Azərbaycan dövlətinin yürütdüyü prinsipial və ardıcıl siyasətinin uğurlu nəticəsidir.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Ramiz Alıyev bildirib.
Onun sözlərinə görə, Ağdam-Xankəndi yolunun açılması bütün bəhanələrə, əsassız ittihamlara tutarlı cavabdır: “Daha heç kəs “Azərbaycan Qarabağ ermənilərini blokadada saxlayır” kimi absurd fikirlər səsləndirməyəcək. Əksinə Qarabağ erməniləri özlərini blokadada saxlamaq istəyirdilər. Bundan sonra nə Qarabağ erməniləri “un, kartof yoxdur”, “acımızdan ölürük” kimi ifadələr işlədə bilməyəcəklər. Eyni zamanda Ermənistan və havadarları da Qarabağda humanitar böhran barədə danışa bilməyəcəklər. Dövlətimiz bütün bu problemləri aradan qaldırdı. Revanşist qüvvələr deyirdilər ki, Ağdam yolunun açılması onların sonunu yaxınlaşdıracaq, bir toplum kimi məhv olacaqlar və s. Ağdam yolu açıldı, indi onlar məhv oldularmı? Əksinə, pulsuz ərzaq əldə edəcəklər, həyatlarını davam etdirəcəklər. Özlərini qanunsevər kimi aparsalar, biz gələcəkdə onları digər ərzaq və dava-dərmanla da təmin edə bilərik. Bundan sonra biz “Laçın dəhlizi” ifadəsini leksikondan çıxarmalıyıq. Belə bir dəhliz yoxdur və olmayacaq. Heç bir kənar qüvvə Azərbaycan respublikasının daxilində özü üçün hansısa yol müəyyənləşdirə bilməz. Xankəndiyə gedən yol Ağdamdan keçir. Dövlətimiz bunu sübut etdi. Düşünürəm ki, o yol işlək olacaq. Təkcə Rusiyanın deyil, Azərbaycanın da yükləri həmin yolla Xankəndiyə, Şuşaya çatdırılacaq”.
R.Alıyev qeyd edib ki, Ağdam və Laçın yolları paralel işləyəcək: “Laçın yolu açıqdır. Ermənilər sərbəst şəkildə o yolla Ermənistana gedə bilirlər. Orada keçid məntəqəsinin mövcudluğu Laçın yolunun bağlı olması anlamına gəlməməlidir. Azərbaycanın bütün dövlətlərlə, o cümlədən, Ermənistanla sərhəddə keçid məntəqəsinin olması normaldır. Giriş-çıxışa sərhəd və gömrük nəzarətinin olması yerli və beynəlxalq qanunvericiliyə uyğundur. İndi Qarabağ ermənilərilərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası ilə bağlı digər məsələlər öz həllini tapmalıdır. Onlara Azərbaycan vətəndaşlığı pasportu paylanmalıdır. Vətəndaşlığımızı qəbul edənlər Qarabağda yaşayacaqlar, etməyənlərə isə Laçın yolu açıqdır. Hansı xarici ölkədə yaşamaq istəsələr, gedə bilərlər. Digər məsələ elektrik, qaz, su və digər kommunal xidmətlərin Azərbaycan dövləti tərəfindən həyata keçirilməsidir. Ermənistandan Qarabağa daxil olan xətlər dayandırılmalı, Azərbaycan özü Qarabağ ermənilərinin ehtiyaclarını təmin etməlidir. Təbii ki, Azərbaycan dövləti ölkədə yaşayan digər etnik xalqlar kimi ermənilərin də mədəni hüquqlarını tanıyır və onlara lazımi dəstəyi göstərəcək. Söhbət erməni dilində dərs vəsaitləri, mətbu orqanlar, teatr və s. sahələrin olmasından gedir. Əli dinc azərbaycanlıların qanına batmış, separatizmi körükləyənlər, barəsində cinayət işi açılmış Qarabağdakı ermənilər gec-tez məsuliyyətə cəlb olunacaqlar. Çətin ki, onlar məsuliyyətdən yaxa qurtara bilsinlər”.
R.Alıyev onu da əlavə edib ki, Ağdam-Xankəndi yolunun açılması ermənilər üçün ciddi siqnal olmalıdır: “Onlar hələ də təsadüflərə inanırlar, xəyallarla yaşayırlar. Düşünürlər ki, vəziyyət onların xeyrinə dəyişə bilər. Azərbaycan dövlətinin Qarabağ siyasəti kifayət qədər rasionaldır və hər şey plan üzrə gedir. Biz hətta təsadüflərə, gözlənilməz hallara da hazırıq. Dövlətin masasının üzərində “A”, “B”, “C” planları var. Bu gün Azərbaycan Ordusunun Cənubi Qafqazda dəf edə bilməyəcəyi maneə, həll edə bilməyəcəyi problem yoxdur. Ermənilər reallığı nə qədər tez dərk etsələr, bir o qədər onlara yaxşı olar”.