Azərbaycan Respublikasının ərazi bütövlüyünə və suverenliyinə müdaxiləyə yönəlmiş açıq-aşkar şou və manipulyasiya fonunda Ağdam-Xankəndi yolunun 33 ildən sonra humanitar daşıma üçün açılması Azərbaycanın diplomatik müstəvidə növbəti uğuru olmaqla bərabər beynəlxalq hüququn aliliyinin təmin olunması baxımından tarixi hadisədir. Bununla Azərbaycan bir daha şərtləri diqtə edən tərəf olduğunu dünyaya nümayiş etdirdi. Rusiya Qırmızı Xaç Cəmiyyətinin Qarabağda yaşayan ermənilərə yardımı bu yol vasitəsilə çatdırması iyul ayından başlayan beynəlxalq konfrantasiyanın Azərbaycanın lehinə həll olduğunun sübutudur. Sülh prosesində Ermənistanın destruktiv yanaşmasından irəli gələn ləngimə olmasına bxmayaraq, Ağdam-Xankəndi yolunun açılması Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə reinteqrasiya prosesinin başlanması baxımından mühüm əhəmiyyət kəsb edir.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
Deputat bildirib ki, Ağdam-Xankəndi yolunun açılması Qərbin ermənipərəst dairələrinin mövqeyinin tamamilə iflası deməkdir. Azərbaycan mərhələli şəkildə strateji hədəflərinə çatmaqda davam edir. Azərbaycan dövlətinin qətiyyəti sayəsində bütün hədəflərə doğru uğurla irəliləyirik. Onu da qeyd edək ki, ötən ilin 12 dekabrından start götürən aksiya Laçın yolunda sərhəd-buraxılış məntəqəmizi bərqərar etməklə nəticələnib. Məsələyə qarşı olan daxili və xarici qüvvələr, hətta UNİCEF-in rəhbəri bəyan edib ki, "Azərbaycanın mövqeyi qalib gələrsə, yəni Ağdam-Xankəndi yolunun açılması, 10 noyabr 2020-ci il bəyannaməsinin müddəalarından irəli gələn 5 km-lik zolaqdan ibarət Laçın yolunun işləməsi Qarabağın Ermənistanla daimi kontaktda qalması məsələsinin üzərindən tamamilə xətt çəkəcək. Bu yolun açılması Azərbaycanın beynəlxalq siyasi arenada gücünün təsdiqi olmaqla bərabər, humanist və sülhpərvər mövqeyinin nümayişidir. Azərbaycan Ağdam-Xankəndi yolunun açılması istiqamətində yaranan maneələri və orada toplanan ünsürləri hərbi yolla aradan qaldıra bilərdi. Faktiki olaraq, beynəlxalq hüquq da Azərbaycanın tərəfində idi. Ermənistan və onun havadarları da çox yaxşı başa düşürdü ki, hərbi əməliyyatlar baş verərsə daha əvvəl olduğu kimi Azərbaycanın üstünlüyü ilə başa çatacaq. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan məsələnin siyasi yollarla həllinə nail oldu. Bununla da regionda şərtləri diiqtə edən tərəf olduğunu bir daha təsdiqlədi.
Fikirlərinin davamı olaraq millət vəkili Tamam Cəfərova qeyd edib ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yardımlarının da Xankəndiyə çatacağına heç bir şübhə yoxdur. 33 ildən sonra Ağdam-Xankəndi yolunun açılmasına nail olan Azərbaycan Qarabağda yaşayan ermənilərin ehtiyaclarının ödənməsi üçün də bütün lazımi addımları atır və bundan soonra da belə olacaq. Ümid edirik ki, Qarabağda məskunlaşan erməni əhali də seperatçı və revanşistlərin əlaltısına çevrilmədən Azərbaycan vətəndaşlığını tezliklə qəbul edərək, sülh, əmin-amanlıq və rifah içərisində yaşayacaqlar. Əks halda Qarabağdakı seperatçı rejimin qurbanına çevriləcəklər. Qarabağın erməni əhalisi Azərbaycan vətəndaşlarıdır. Bu reallığı onlar da nə qədər tez qəbul etsələr onların özü üçün bir o qədər yaxşı olacaq. Əks halda, yollar açıqdır, istədikləri yerdə gedib yaşaya bilərlər. Millət vəkili Tamam Cəfərova belə deyib.