15 Sentyabr 2023 20:31
1 504
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya ölkələri ilə qarşılıqlı etimada əsaslanan bərabəhüquqlu münasibətlərin qurulması Azərbaycanın xarici siyasətində prioritet istiqamətdir. Bu siyasət nəticəsində ölkəmizin xarici əlaqələri, dostluq münasibətləri daim güclənir. Beynəlxalq münasibətlər sistemində çətin və mürəkkəb proseslərin getdiyi bir vaxtda ölkəmizin öz mövqeyini gücləndirməsi, həmçinin, geopolitik mərkəzə çevrilməsi Azərbaycanın qlobal siyasi güc olaraq nüfuzunu hər gün daha çox artırır. Dünyanın aparıcı dövlətlərinin, mühüm beynəlxalq təsisatlarının Azərbaycanla sıx strateji əlaqələr və əməkdaşlıqlar qurmaqda maraqlı olmaları bunun bariz nümunəsidir. Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı maraqlara söykənən tarixi əlaqələrin daha da möhkəmlənərək, strateji tərəfdaşlığa çevrilməsi xüsusi önəm kəsb edir. Bu baxımdan deməliyik ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Tacikistanda keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə ilk dəfə olaraq, fəxri qonaq qismində dəvət olunması Azərbaycanın regionun aparıcı dövləti olduğunun göstəricisidir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

Deputat bildirib ki, artıq bir neçə ildir Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən türk dövlətləri ilə münasibətlərində böyük canlanma müşahidə olunur. Son illər dünyada baş verən proseslər ölkələrdən birgə əməkdaşlıq, birlikdə hərəkət etməyi və ümumi səylər göstərməyi tələb edir. Prezident İlham Əliyevin son 1-2 il ərzində Mərkəzi Asiya, o cümlədən regionun türkdilli ölkələrinə ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri Türk dünyası üzvləri ilə əlaqələrimizin genişlənməsini, dərinləşməsini və strateji xarakter almasını şərtləndirir.

Azərbaycanın müstəqillik əldə etdikdən sonra Mərkəzi Asiya ölkələri ilə ikitərəfli və çoxtərəfli qarşılıqlı iqtisadi, siyasi, mədəni əlaqələri yüksək səviyyədə qurulub və fəal şəkildə inkişaf edib. Bu baxımdan deyə bilərik ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında münasibətlər yüksələn xətlə inkişaf edir. Hələ keçmiş SSRİ-nin tərkibində olan zaman bu ölkələr müttəfiq respublika olmuşlar. Azərbaycan Respublikası ilə Mərkəzi Asiya Respublikaları arasındakı mövcud əlaqələrin tarixi qədimdir. Mədəni sahədə qarşılıqlı əlaqələrin möhkəm təməli mövcuddur. Bu ölkələrin xalqları əsrlər boyu dostluq, həmrəylik şəraitində yaşayıb, dostluq ediblər. Bu mədəni bünövrə bu gün bütün istiqamətlər üzrə fəal qarşılıqlı əlaqələr üçün zəmin yaradır. Xüsusilə qeyd etməliyik ki, bu ölkələr arasında qardaşlıq münasibətlərinin uğurlu inkişafı 1990-cı illərdəki fəaliyyətin nəticəsində əldə olunmuşdur.

Qeyd etdiyimiz kimi cənab Prezident Məşvərət Şurasının işində ilk dəfə idi ki, iştirak edirdi. Şübhəsiz ki, regional əməkdaşlığın bu formatı ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşmasına böyük töhfə verəcəkdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan və Orta Asiya ölkələri arasında iqtisadi-siyasi münasibətlərin bugünkü geopolitik durumda əhəmiyyətini artıran məqam nəqliyyat və logistika sahəsidir. Azərbaycanın tranzit ölkə statusu günü-gündən daha da böyük əhəmiyyət kəsb edir. Vətən müharibəsindən sonra Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişlənməsi, Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi ölkəmizi Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevirib. Təsadüfi deyil ki, bu gün Mərkəzi Asiya ölkələrindən Avropaya gedən ən qısa və təhlükəsiz tranzit daşımalar məhz ölkəmizin ərazisindən həyata keçirilir.Artıq hər kəs qəbul edir ki, tarixi İpək Yolu olaraq Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarları istiqamətində etibarlı tranzit ölkədir.

Fikirlərinin davamı olaraq millət vəkili Tamam Cəfərova qeyd edib ki, ölkələr arasında əməkdaşlığın inkişafında mühüm amillərdən biri qarşılıqlı ticarət dövriyyəsinin artım tempidir. Bu baxımdan deməliyik ki, ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 3 dəfədən çox, bu ilin 7 ayı ərzində isə daha 50 faiz artıb. Birgə sərmayə fondları yaradılıb, növbəti 3 il üzrə 1 milyard dollardan artıq qarşılıqlı sərmayələrin həcmi razılaşdırılıb. “Rəqəmsal İpək Yolu” layihəsi Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın inkişafı baxımınndan mühüm layihələridən biridir. Fiber-optik infrastrukturun yaradılmasına yönəlmiş və üzərində fəal iş aparılan bu layihə ölkələrimiz arasında əməkdaşlığın yeni sahəsidir.

Bütün bunlar Azərbaycanın iqtisadi gücünün günü-gündən daha da artdığını və ölkəmizin regional güc mərkəzinə çevrildiyinin göstəricisidir. Xüsusilə deməliyik ki, Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu Azərbaycanın Qafqaz regionu ilə yanaşı, bütövlükdə dünya miqyasında iqtisadi-siyasi güc kimi nüfuzunun daha da artmasına və regionda lider dövlət olmasına hədəflənmişdir. Millət vəkili Tamam Cəfərova belə deyib.


Müəllif: Tapdıq Qurbanlı