44 günlük Vətən müharibəsində Azərbaycanın hərbi-siyasi yolla qazandığı misilsiz qələbədən ötən 3 il onu göstərdi ki, ölkəmizin bu uğuru dünyanın bir çox hegemon dövlətləri, güc mərkəzləri tərəfindən qısqanclıqla qarşılanır. Ötən müddətdə Azərbaycan qazandığı qələbəni dünyaya qəbul etdirməklə yanaşı, bir çox güclərin ölkəmizə və milli maraqlarımıza zidd olan çıxışları, bəyanatları ilə çox ciddi mübarizə apardı. Əminliklə deyə bilərik ki, Azərbaycan hərb meydanında olduğu kimi, beynəlxalq siyasi arenada da bütün mübarizə meydanlarından qalib çıxmışdır.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
O qeyd edib ki, son günlər Ermənistan və Azərbaycan arasında mövcud olan gərginlik fonunda ABŞ-nin ölkəmizə qarşı riyakarlıq, ikili standartlardan yanaşır: “Bu amilllər ABŞ-ın yürütdüyü siyasətin təməlində yalnız öz maraqlarının dayandığı, riyakarlığın, xəyanətin və satqınlığın dövlət siyasəti səviyyəsinə yüksəldiyini göstərir. Ukraynanın, Moldovanın, Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyən, Abxaziya və Cənubi Osetiyanı Gürcüstanın, Dnestryanını Moldovanın, Donbası və Krımı Ukraynanın ayrılmaz hissəsi kimi görən, bütün beynəlxalq platformalarda bu ölkələrə dəstək verən ABŞ 30 ilə yaxın ərazisinin işğal altında olduğu Azərbaycana heç bir dəstək vermədi, daha çox işğalçı Ermənistanın maraqlarına cavab verən addımlar atdı. Bu gün Ukraynaya verilən dəstəyin cüzi hissəsi Azərbaycana verilsəydi, torpaqlarımız uzun onilliklər işğal altında qalmazdı. ABŞ-ın ermənipərəst mövqeyi Brüssel formatı ilə paralel gedən Vaşinqton formatının tərəfsizliyini də şübhə altına alır. Misal üçün, sonuncu Vaşinqton görüşündə əldə olunmuş razılığa əsasən, sentyabrın 1-də bölgədə yollar açılmalı və Ağdam-Xankəndi marşrutu işə düşməli idi. Bundan başqa ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycan rəhbərliyi ilə danışıqlar zamanı həm Laçın, həm Ağdam yolunun açılmasını xahiş etmişdi. Lakin ABŞ razılaşmaya müqavimət göstərən Ermənistan rəhbərliyi və Qarabağdakı separatçılara təzyiq göstərmək əvəzinə, öz mövqeyindən geri çəkildi. ABŞ bir qrup separatçını razı sala bilmədi, Əslində, "razı salmaq istəmədi" desək, daha doğru olar. Çünki, Azərbaycandan başqa bütün ölkələrə bu məsələni uzatmaq daha sərfəlidir”.
Deputat bildirib ki, bu gün ABŞ Dövlət Departamentində, Konqresdə yalnız Laçın yolunun açılmasının zəruriliyindən danışılır: “Bu ölkədəki erməni lobbisinin aktiv fəalliyyəti hər saniyə özünü büruzə verir. Qarabağda keçirilmiş "seçkilər"ə münasibət və ya münasibətsizlik də ABŞ riyakarlığının nümunələrindən biridir. 9 sentyabrda "keçirilmiş seçkilər"dən sonra aparıcı dövlətlər və təşkilatlar qanunsuz rejimi və onun "seçkilərini" tanımadığını bəyan etdiyi halda, Vaşinqton susmağı seçdi. ABŞ mövqeyini dəyişməklə separatçılara dəstəyini göstərmiş oldu. Burada təəccüblənməli nəsə yoxdur, çünki, bu ölkə illərdir ikili siyasət yürüdür, dovşana qaç, tazıya tut deyir. Faktiki olaraq bu gün ABŞ Fransa ilə yanaşı Qarabağ ermənilərinin reinteqrasiya prosesinə imkan verməyən və Ermənistandakı revanşist qüvvələri stimullaşdıran tərəf qismində çıxış edir. Fransanın belə açıq ermənipərəst siyasəti sayəsində bu gün Paris regional proseslərdən tam təcrid olunub və vasitəçilik ümidlərini itirib. Belə getsə eyni aqibət özünü bölgədə xristian missioner kimi aparan ABŞ-ı da gözləyir. Reallıq odur ki, Azərbaycan da uzun illər ABŞ-ın geosiyasi oyunlarından əziyyət çəkib, ölkəmizdə bu və ya digər hakimiyyət çevrilişinin reallaşdırılmasına cəhdlər göstərilib. Siyasi müxalifətin maliyyələşdirilməsi, təlimatlandırılması, QHT sektorunun, medianın siyasi oyunlara cəlb edilməsi, bir sözlə ölkədə vətəndaş itaətsizliyi mühitinin yaradılması istiqamətində ardıcıl iş aparılıb. Bunun əsas məqsədi də o idi ki, Azərbaycanda ABŞ-ın maraqlarına sözsüz itaət edən hakimiyyət formalaşdırılsın və onun əli ilə Azərbaycan ərazilərinin işğalı legitimləşdirilsin. Lakin bu cəhdlər, çoxsaylı planlar baş tutmadı”.
Tamam Cəfərova hesab edir ki, 44 günlük müharibədən sonra Azərbaycanda iqtidar-xalq birliyinin daha da gücləndiyini anlayan ABŞ bu gün taktikasını dəyişib: “Ələbaxan müxalifətdən yox, milli dəyərlərə böyük təhlükə olan LGBD, əxlaqsızlığı təbliğ edən “feministlər”, Vətən Müharibəsindəki Zəfəri dəyərsizləşdirməyə çalışan “NO WAR”çılardan istifadə etməyə çalışır. Eyni zamanda qatı ermənipərəst və antitürk, anti-azərbaycan düşüncəli Samanta Pauerin rəhbəri olduğu USAİD xətti ilə bu qruplara maliyyə ayırır. Bütün bunlara baxmayaraq, Azərbaycan bütün təzyiqlərə müqavimət göstərməyi bacardı və öz gücünə torpaqlarını işğaldan azad etdi. Şübhəsiz ki, xalq- dövlət-ordu birliyi bütün xarici və daxili düşmənlərə qarşı mübarizədə qələbənin ən mühüm amilidir. Azərbaycanda mövcud olan siyasi, iqtisadi sabitlik dövlətin gücünün ən vacib elementidir. Bu sayədə dövlət olaraq bütün mübarizələrdən qələbə ilə çıxacağımıza heç bir şübhə yoxdur”.