21 Sentyabr 2023 22:29
511
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Ruanda Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Vensan Biruta ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə, iki ölkə arasında ikitərəfli, habelə çoxtərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub.

Nazir Ceyhun Bayramov xüsusilə Qoşulmama Hərəkatına (QH) sədrlik dövründə ölkəmizin Afrika regionun bir sıra ölkələri, o cümlədən Ruanda ilə əlaqələrinin inkişaf etdiyini diqqətə çatdırıb.

Bu xüsusda, bir-birindən coğrafi baxımdan uzaqda yerləşmələrinə baxmayaraq, iki ölkə arasında əməkdaşlığın inkişafının mümkün olduğu bildirilib və bu istiqamətdə siyasi məsləhətləşmələr mexanizminin prosesə müsbət töhfə verə biləcəyinə dair inam ifadə olunub.

Nazir Vensan Biruta Azərbaycanın QH-ya uğurlu sədrlik təcrübəsini məmnunluqla xatırlayaraq, xüsusilə COVID-19 pandemiyası dövründə Hərəkata üzv dövlətlər, o cümlədən Afrika regionu ölkələrini əhatə edən mühüm təşəbbüslərin əhəmiyyətini qeyd edib.

Görüş zamanı, həmçinin “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Ruanda Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında anlaşma memorandumu” və “Azərbaycan Respublikası hökuməti və Ruanda Respublikası hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında saziş” imzalanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər