Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması ilə ermənilərin “miatsum” yolu bağlanmışdı. Sentyabrın 19-da Azərbaycanın antiterror tədbirləri ilə isə “miatsum ideyası” bitmiş oldu. Amma buna baxmayaraq Azərbaycan dövləti həmişə ayıq-sayıq olmalıdır. Burada söhbət prosesin perspektivindən gedir. 20-30 ildən sonra Ermənistanda radikal qüvvələr baş qaldıra bilər. Ona görə də, diqqətli olmalıyıq.
Bunu Teleqraf.com-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.
O qeyd edib ki, Azərbaycan iqtisadiyyatı daha da güclənməlidir: “Neftdən asılılığın azaldılması ilə bağlı tədbirlər davam etməlidir. Eyni zamanda bir çox zəruri addımlar atılmalıdır. Sözsüz ki, son 25 ildə Azərbaycan mütəmadi olaraq məqsədlərinə nail olur. Bundan sonra bu proses davam etməlidir”.
Mərkəz sədrinə görə, “miatsum ideyası” sona çatdı: “Ermənilər bundan sonra orada hansısa qeyri-qanuni qurumu inkişaf etdirə bilməyəcəklər. Dinc ermənilər Azərbaycanda qalıb yaşaya biləcək. Azərbaycan burada etnik təmizləmə aparmır və aparmayacaq. Etnik təmizləməni ermənilər azərbaycanlılara qarşı aparıb. Sözsüz ki, bu məsələlər də gündəmdədir və bir daha qaldırılmalıdır. Azərbaycanlıların vaxtilə yaşadığı tarixi torpaqlarında Ermənistan ərazisində yaşamaq hüququ təmin edilməlidir”.