Fransa Prezidenti Emmanuel Makron Fransanın TF1 kanalına müsahibəsi zamanı növbəti dəfə bölgəmizdəki mövcud vəziyyətlə bağlı yalan danışıb. Fransa kimi bir dövlətin başında duran şəxsin Ermənistanın qeyri-qanuni iddialarını dəstəkləmək üçün hər şeyə hazır olması, hətta yalan danışmağı özünə rəva görməsi təəssüf doğurmaqla yanaşı, həm də təəccüblü bir haldır.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.
O qeyd edib ki, 30 il ərzində Azərbaycan torpaqlarının 20 faizinin işğal altında qalmasını, münaqişənin dinc yolla həll olunması üçün ermənilərin bütün mümkün variantlardan imtina etməsini və 30 il ərzində 1 milyon məcburi köçkün və qaçqınların insan haqlarının kobudcasına tapdalandığını Emmanuel Makron bilməmiş deyil. O da yaxşı məlumdur ki, bütün bu müddət ərzində Fransa siyasi rəhbərliyi heç vaxt Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, məcburi köçkünlərin və qaçqınların hüquqlarının qorunmasını tələb edən hər hansı bir bəyanat səsləndirməyib. Vətən müharibəsi zamanı isə Fransa Prezidenti açıq-aşkar Ermənistanın təcavüzkar və haqsız mövqeyini dəstəkləməklə hətta işğalın aradan qaldırılmasına mane olmağa da ciddi cəhdlər göstərirdi. Vətən müharibəsindən sonra ərazidə vəziyyət xeyli dəyişmişdi. Bütün dünya yeni reallıqları qəbul etmişdi. Emmanuel Makron isə Ermənistanın məğlubiyyəti ilə barışmayan beynəlxalq səviyyədə tanınan yeganə siyasətçi kimi qalmaqdadır.
"Keçən həftə Qarabağ ərazisində separatçıların qeyri-qanuni qurumuna və qanunsuz olaraq hələ də Azərbaycan ərazisində saxlanılan erməni terrorçu qruplarına qarşı keçirilən antiterror tədbirləri də demək olar ki, bütün dünya tərəfindən anlayışla qarşılandı. Separatçı qurumun təslim olması və silahları təhvil verməyə başlaması bütün dövlətlər tərəfindən təqdirlə qarşılandı və nəhayət bölgədə sülhün və təhlükəsizliyin bərqərar olacağına ümid yarandı. Amma yenə də baş verənlərdən narazı qalan tək siyasətçi Fransa Prezidenti Makron oldu. Azərbaycan Ordusu tərəfindən Qarabağ ərazisində həyata keçirilən antiterror tədbirlərinin müharibə qanunlarına və humanitar qaydalara əməl edilməklə aparıldığı bütün dünya tərəfindən təsdiq edildi. Hətta Ermənistan baş naziri özü ordumuz tərəfindən guya mülki əhalinin hədəf alınması haqqında iddiaların həqiqəti əks etdirmədiyini və Qarabağda yaşayan mülki əhali üçün heç bir təhlükənin olmadığını etiraf etdi. Bütün bunlara baxmayaraq, Emmanuel Makron hələ də ermənilərdən daha çox erməni olmaq üçün dəridən qabıqdan çıxır. Belə bir davranış bölgədə yaşayan və ya ən azı bölgədəki mövcud durumdan yaxşı xəbərdar olan siyasi təhlilçilərdə, eləcə də Fransa hüquq-mühafizə orqanlarında sual doğurmaya bilməz. Makronu erməni separatizmini dəstəkləməyə və bunun üçün hətta Ermənistanın siyasi rəhbərliyindən “daha çox çalışdığını” dilə gətirməyə vadar edən nədir? Bu Fransa Prezidentinin ermənilərə platonik sevgisidir, yoxsa bu canfəşanlığın arxasında başqa mətləblər dayanır?
Liviya diktatorunu dəstəkləməyə çalışan keçmiş Fransa prezidentlərindən birinin tarixçəsi Emmanuel Makronun ermənilərə sonsuz məhəbbətinin səbəbi haqqında müəyyən ehtimallar irəli sürməyə zəmin yaradır. Görünür, Makron seçkilər ərəfəsində ermənilərə onların “baş lobbiçisi” rolunda çıxış etmək vədini verib. Maraqlıdır, bəs ermənilər Makrona nə veriblər? Bu haqda hələlik açıq məlumatlar yoxdur. Amma gizli olan hər şey bir gün aşkar olur. Aşkarlıq günü isə yalnız Makronun hakimiyyət kürsüsündəki həyatı başa çatdıqdan sonra gələ bilər", - deyə Cavanşir Feyziyev vurğulayıb.