Ermənilərin 200 illik layihəsi bitdi. Azərbaycan torpaqlarında erməni fitnəkarlığına son qoyuldu. Separatizmin, faşizm ideyasının, təcavüzkar missiyanın kökü kəsildi. Artıq Azərbaycan cəmiyyəti özünün yeni bir tarixi dönəmini yaşayır. Kimlərinsə içimizdə bizə qarşı illərdir formalaşdırmağa çalışdığı iddialar alt-üst oldu.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Məmmədov deyib.
O qeyd edib ki, cəmiyyətimiz bir daha belə təhlükələrlə üzləşməmək üçün ayıq-sayıq olmalıdır:
“Çünki erməni hiyləgərliyi bitməyib. İndi də Azərbaycana qarşı əsassız iddialar səsləndirir, absurd ittihamlar irəli sürürlər. Hazırda erməni diasporunun köməyi ilə Azərbaycana qarşı növbəti riyakar təbliğat aparılır. “Etnik təmizləmə" və bir çox absurd iddialar səslənir. Ona görə də, proses hələ bitməyib. Xalq, dövlət olaraq daha güclü və mütəşəkkil olmalıyıq”.
Millət vəkili hesab edir ki, bu gün Azərbaycan ərazisindən könüllü şəkildə gedən ermənilər öz seçimlərinə uyğun hərəkət edirlər:
“Azərbaycan ərazisində separatçı-xunta rejiminə son qoyuldu. Bir daha Azərbaycan ərazisində separatizmin baş qaldımasına imkan verilməyəcək. İndi yeni bir şərait formalaşıb və bu reallıq beynəlxalq hüququn prinsiplərinə tam uyğundur”.
Elman Məmmədov Ruben Vardanyan kimi separatçının həbsinin digərləri üçün dərs olduğunu söyləyib:
“Bu, digərləri üçün də nümunə olmalıdır. Başqaları da bundan nəticə çıxartmalıdır. Çünki separatizmin, ölkənin Konstitusiya quruluşuna qarşı üsyan qaldırmağın sonu bu cür bitir. Təbii ki, Azərbaycanın hüquq mühafizə orqanlarının əlində, xalqımıza, dövlətimizə, suverenliyimizə qarşı cinayət törətmiş terrorçuların konkret siyahısı var. Vardanyanın ardınca onlar da bir-bir Azərbaycan qanunları qarşısında cavab verəcəklər. Bu, tarixi ədalətin bərpasını, tökülən günahsız qanların yerdə qalmadığını göstərir”.