Terrorçu-separatçı Araik Arutunyanın ötən gün həbs edilməsi hər bir azərbaycanlı tərəfindən təqdirlə qarşılandı. Çünki bu təkcə bir terrorçunun, separatçının həbsi deyil. Bu erməni xisləti və təcavüzünə, Azərbaycana qarşı məkrli siyasət yürüdənlərə qarşı ölkə Prezidentinin həyata keçirdiyi prinsipial addımdır.
Bunu Teleqraf.com-a politoloq Zaur Məmmədov deyib.
Onun fikrincə, Azərbaycan Prezidentinin atdığı addımlar onu təsdiq etdi ki, torpaqlarımızın bir qarışını belə güzəştə getmək olmaz:
“Qarabağ xanlığı, Xalq Cümhuriyyəti, Azərbaycan SSRİ dövrünün 1920-1930-cu illəri ilə müqayisədə indiki dövr heç də daha asan deyil. Bəlkə də indi daha çətindir. Çünki hazırda Azərbaycan müxtəlif çağırışlarla üz-üzədir. Amma bütün bunlara baxmayaraq dövlətimiz sona qədər öz mövqeyini ortaya qoyub. Antiterror tədbirləri icra edildi, separatçılara zərbə vuruldu. Bundan sonra da hansısa bir formada separatizmə imkan verilməyəcək”.
Politoloqa görə, separatçı-terrorçu Arutunyan həbs edilib Bakıya gətirildikdən sonra o başa düşəcək ki, Azərbaycan ərazisində heç kimə diktə edə bilməz:
“Eyni zamanda heç kəs rəsmi Bakıya nəyi, necə edəcəyini deyə bilməz. Araik də Gəncəyə atdığı raketlərə görə cavab verəcək. Ruben Vardanyanlar da bilsinlər ki, milyardlar belə onları xilas etməyəcək”.
Zaur Məmmədov hesab edir ki, Vardanyanın həbsi son hadisələrlə bağlı bir çox məsələlərin agah olmasına gətirib çıxaracaq:
“Bütün terrorçuların-separatçıların həbsi onların dünyanın ayrı-ayrı ölkələrində müxtəlif siyasətçilərlə olan əlaqələrinin ifşa edilməsində böyük rol oynayacaq. Yaxın günlərdə biz onların yeni-yeni etirafları ilə tanış olacağıq”.