5 Oktyabr 2023 14:25
2 766
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün həbs edilərək istintaqa cəlb edilənlərin hamısı hərbi canilər, separatçılar, terrorçulardır. İnsanlığa, bəşəriyyətə dinc insanlara qarşı amansızlıq etmiş qatillər bu gün mühakimə olunur. Onların siyahısı genişdir. Vaxtilə Xocalıda azərbaycanlılara divan tutmuş, soyqırımı törətmiş hərbi cani Vitali Balasanyan da Bakıya gətiriləcək. Onun başqa çıxış, qaçış yolu qalmayıb.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Məmmədov deyib.

O qeyd edib ki, Ermənistanda və Rusiyada, başqa ölkələrdə gizlənmiş canilər də istintaqa cəlb ediləcək:

“Heç bir hərbi cani törətdiyi əməllərinə görə cəzasız qalmayacaq. Bu şəxslər müharibə cinayətləri, insanlıq əleyhinə ən qanlı əməllər törədib. Həmin canilər heç də hərbi qanunlarla deyil, cinayətkar aləmin qaydaları ilə dinc azərbaycanlılara amansızcasına divan tutub”.

Millət vəkili bildirib ki, Azərbaycan xalqına törədilmiş cinayətlərin heç biri cəzasız qalmır:

“Həmin hərbi canilər bu gün qolu qandallı, başı aşağı əyilmiş formada qanun qarşısında cavab verir. Artıq günahlarını etiraf etməyə başlayıblar. Elə bu canilərin birinin həbsi digərlərinin də yerləri və əməllərinin ifşası ilə nəticələnir”.

Deputat vurğulayıb ki, Xocalıda dinc insanlara qarşı amansızlıq etmiş Vitali Balasanyanın da bu günlərdə həbs edilib Bakıya gətirilməsi an məsələsidir:

“Xocalı ilə Əsgəran arasında 5 km-lik məsafə var. 1988-1989-cu illərdə Əsgəran rayon mərkəzi hesab edilirdi. O vaxt biz demək olar ki, hər gün rayon mərkəzinə gedib-gəlirdik. O dövrdə də hamı demək olar ki, bir-birini tanıyırdı. Vitalini də biz o vaxt tanıyırdıq. O Əsgəranda avara, sərkərdan gəzən küçə uşağından, xuliqanlardan biri idi. Daha sonra məlum hadisələr baş verəndə Vitali Əsgəranda silahlı quldur dəstələrindən birinə başçılıq edirdi. Daha sonra o Xocalı soyqırımının törədilməsinə birbaşa rəhbərlik edib”.

Elman Məmmədov Vitalinin əli günahsız azərbaycanlıların qanına batdığını, onun bunlara görə cavab verəcəyini söyləyib:

“Əsirlikdən, girovluqdan geri qayıdan vətəndaşlarımızın hamısı Balasanyan haqqında kifayət qədər məlumat verib. Onun insanlarımıza hansı işgəncələri verməsi, soydaşlarımızı necə qəddarlıqla qətlə yetirməsi ilə bağlı istintaqa kifayət qədər məlumatlar verilib. O həbs edilib Bakıya gətiriləndə bunların hamısını etiraf edəcək”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər