Prezident İlham Əliyevin Gürcüstana səfəri və burada verilən mesajlar olduqca önəmli idi. Ölkə başçısı tərəfindən səslənən bu tezis Cənubi Qafqazda yeni bir situasiya yarada bilər. Hər hansı kənar təsir olmadan bu regionda sülhün və təhlükəsizliyin təminatı mümkündür. Bu, Qafqaz xalqlarının mənafeyinə xidmət edən təşəbbüsdür.
Bunu Teleqraf.com-a Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.
O qeyd edib ki, Prezident İlham Əliyevin üç Qafqaz dövlətinin sülh və əminamanlıq şəraitində vacibliyini və əhəmiyyətini önə çəkərək Ermənistanla Azərbaycan arasında mümkün sülhün əldə edilməsi təklifi olduqca önəmlidir:
“Bunun reallaşması daha çox Ermənistandan asılıdır. Fakt odur ki, Ermənistan müstəqil dövlət deyil. Onun indiki şəraitdə sülh niyyəti də açıq müşahidə edilmir. Erməni tərəfi indi daha çox Fransanın təsiri altında hərəkət edir. Nikol Paşinyan Ermənistanı Rusiyanın orbitindən çıxararaq Qərbə, Fransaya meyl edir. Onun məqsədi Fransanı Cənubi Qafqaza gətirməkdir”.
Deputat hesab edir ki, Gürcüstan platforması cəlbedicidir: “Burada hansısa tərəflərin kiminsə yanında yer alması sıfıra bərabərdir:
Münasibətlərin normallaşması iki və üçtərəfli danışıqların aparılması hər kəs üçün əhəmiyyətlidir. Sadəcə olaraq indi Ermənistanın mövqeyi ilə bağlı gözlənti var. Qarşı tərəfin bundan imtinası ehtimalı azdır”.
Fəzail Ağamalıya görə, Ermənistanın bu təşəbbüsdən birbaşa imtinası mümkün deyil:
“Erməni tərəfi sadəcə olaraq növbəti dəfə ikibaşlı mövqe sərgiləyə bilər. Görünən odur ki, Ermənistan Fransanın razılığını aldıqdan sonra prosesə dair yanaşma sərgiləyəcək. Həmçinin Avropa İttifaqı da öz platformasından kənar bu kimi məsələlərə elə də müsbət yanaşmaycaq”.