Bu gün Azərbaycan ərazisində mövcud olan xristian abidələri ilə bağlı erməni tərəfinin və digər qrupların qaldırdıqları məsələlərin heç bir mənası yoxdur. Burada əslində məsələnin mahiyyəti tamam başqadır. Reallıq odur ki, xristian dünyasına qənim kəsilən, dini abidələri barbarcasına məhv edən ermənilər və Ermənistan dövlətidir. Qarabağda və hazırkı Ermənistan ərazisində mövcud olan xristian abidələri isə albanlara məxsusdur.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, ilahiyyatçı alim Ceyhun Məmmədov deyib.
O qeyd edib ki, Qarabağda ermənilərin özününküləşdirməyə çalışdığı və sahiblənmək istədikləri abidələr albanlara aid tarixi qalıqlardır:
“Burada söhbət tarixi abidələrdən gedir. Albanlara məxsus dini abidələrin tarixini saxtalaşdıran məhz Ermənistan olub. Azərbaycan dövləti və xalqı heç vaxt qeyri-islami dəyərlərə, xristian və digər dinlərin abidələrinə qarşı hər hansı ayrı-seçkilik etməyib”.
Deputat bildirib ki, Bakının mərkəzində erməni kilsəsi içərisində 5 minə yaxın dini ədəbiyyatı ilə birgə mühafizə edilir:
“Bu mənada ermənilərin etmiş olduqları vəhşilikləri Azərbaycanın adına çıxarmağa cəhd etməsi tamam başqa bir mətləbdən xəbər verir. Biz abidə dağıdan xalq deyilik. Əksinə onu tikən, quran, bərpa edən bir xalqıq. Bu gün Azərbaycanda provaslav, katolik kilsələri, sinaqoqlar mövcuddur ki, bunları dövlət qoruyur”.
Ceyhun Məmmədova görə, din məsələsi Ermənistanın Azərbaycana qarşı apardığı məkirli siyasətin tərkib hissəsidir:
“Azərbaycan haqlı olaraq uzun müddətdir ki, bu münaqişənin dini xarakter daşımadığını bildirir. Ermənistan xaricdə, daha çox xristian dövlətlərinin diqqətini cəlb etmək üçün bu addımları atır. İndi hər şey göz önündədir. Belə bir fakt olsa idi ərazidə monitorinq aparmış BMT missiyası bununla bağlı hansısa bir hesabat yayardı. Çünki Azərbaycan dövlətinin və xalqının qeyri-islami dəyərlərə və abidələrə qarşı hər hansı iddiası və iradı yoxdur. Əksinə Azərbaycan Qarabağda da kilsələri, dini abidələri qoruyur bərpa edir”.