Politoloq Vüqar Zifəroğlu Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Sizcə, HƏMAS-ı İsrailin üstünə kim göndərdi, məqsəd nə idi?
- Kifayət qədər dərin tarixə malik konfliktdən söhbət gedir. Bölgədə maraqları olan qüvvələr həmişə bu münaqişədən öz xeyirləri üçün yararlanmağa çalışırlar. Bu mənada, kökü dərinə gedən və uzun illərdən bəri həll edilə bilməyən problemdən danışırıq.
Bəli, münaqişənin yenidən məhz indiki məqamda partlaması ilə bağlı diqqətçəkən məqamlar var. Son 50 ildə bölgədə bu miqyasda eskalasiya olmamışdı. Bu, toqquşma və ya qarşıdurma deyil, müharibədir. Sonuncu dəfə belə bir müharibə 1973-cü il oktyabrın 6-da başlamışdı və 19 gün davam etmişdi. Maraqlıdır ki, bu dəfəki savaş da 19 günlük müharibənin əlli illiyində başladı. Bunun özü çox maraqlı məqamdır, heç bir halda təsadüfi hesab edilə bilməz.
Başqa bir məqam bu eskalasiya fonunda baş verən proseslərdir. Yaxın Şərqdə kifayət qədər təsiri və nüfuzu olan iki ölkə İsraillə diplomatik əlaqələrini bərpa etməyə və ya normallaşdırmağa başlamışdı. Hər iki ölkə İsraillə danışıqlar aparırdı və bu müzakirələr müsbət nəticə verirdi. Bu iki ölkənin Fələstin məsələsinə həssas yanaşdığı məlum həqiqətdir. İki ölkə ilə İsrail arasında aparılan qarşılıqlı danışıqlar müsbət nəticələr verə bilərdi. Hətta bu, Fələstin-İsrail probleminin həllinə müsbət təsir göstərmiş olardı. Söhbət Səudiyyə Ərəbistanı və Türkiyədən gedir.
Hər şeyin rəvan getdiyi vaxtda gözlənilmədən belə bir şey baş verdi, HƏMAS müharibəyə başladı. Artıq bu ölkədən biri – Səudiyyə Ərəbistanı müsbət nəticəyə doğru gedən danışıqları dayandırdığını elan edib. Sanki bölgədə maraqları olan qüvvələr buradakı problemlərin həllini istəmirlər.
İsrail-Fələstin məsələsi Yaxın Şərqin kilid problemidir. Bu məsələnin həlli Yaxın Şərqdəki bir sıra problemlərin həllində açar rolunu oynaya bilər. Amma bunun həllində maraqlı olmayan qüvvələr var. Bölgədə maraqları olan qüvvələrə Rusiya, Çin, ABŞ, İran və bölgənin bir sıra ərəb dövlətləri daxildir. Onların hər birinin spesifik maraqları mövcuddur. Zaman-zaman da bu problemdən istifadə edərək, öz maraqlarını təmin etməyə çalışırlar.
Hətta fikir verin ki, ərəb ölkələrinin bu qanlı müharibəyə münasibəti birmənalı olmadı. Məsələn, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Qətərin münasibəti bir-birindən fərqli oldu. Eləcə də Misir, İordaniya və Səudiyyə Ərəbistanının münasibəti... Müharibə ətrafında kifayət qədər maraqlı proseslərin getdiyini görürük.
- Qarşıdurmanın ilk günündən daha çox İranın adı hallanır, amma ABŞ mediası iddia edir ki, Tehranın bundan xəbəri olmayıb. Daha fərqli iddiada olanlar isə Rusiya və Çinin adını çəkirlər, bunu da bir müddət əvvəl Dehlidə razılaşdırılmış Hindistan-Yaxın Şərq-Avropa dəhlizi (IMEC) ilə əlaqələndirirlər. Siz necə düşünürsünüz?
- Ortada beynəlxalq nəqliyyat yolları ilə bağlı iki ciddi layihə var: bunlardan bir Çinin “Bir Kəmər, Bir Yol”, digər Hindistanın IMEC projesidir. Bəli, proses ətrafında bunlarla bağlı fikirlər səsləndirilir. Münaqişənin alovlanmasının səbəblərindən biri kimi Hindistandan Avropaya çəkilməsi planlaşdırılan dəhlizin İsrail və Fələstin ərazilərindən keçməsi göstərilir. Əslində, bu, ciddi qəbul edilməli fikirdir.
Bu müharibənin görünən və görünməyən iştirakçıları var. Çünki maraqların toqquşduğu məkandır, ciddi önəmə malik bir bölgədir. Bizi narahat edən bir başqa məsələ bu eskalasiyanın İsrail-Fələstin sərhədləri ilə məhdudlaşmayacağı ilə bağlıdır. Gedişat onu göstərir ki, müharibə qonşu ölkələrə də sıçraya bilər. Məsələn, Livan və Suriyaya.
İranın nüfuz etdiyi nöqtələr var ki, onlar da kifayət qədər fəaldır. Burada Yəmən məsələsi var. Bir neçə gün əvvəl maraqlı bir məlumat yayıldı ki, “Hizbullah”, “Həşd əş-Şabi” və “Ənsərullah”ın birgə müzakirəsi keçirilə bilər. “Hizbullah” Livan, “Həşd əş-Şabi” Suriya, “Ənsərullah” Yəmən deməkdir. Bəli, eskalasiyanın miqyasının genişlənməsi ehtimalı çox böyükdür.
- Müharibə İrana zərbələrin endirilməsi ilə müşayiət oluna bilərmi? Çünki İsrail rəsmilərinin İranın HƏMAS-ı dəstəkləməsi ilə bağlı konkret ittihamları var.
- Həmişə Yaxın Şərqdə assimterik savaşların şahidi olmuşuq. Qeyd edək ki, İran öz ətrafında “şiə hilalı” formalaşdırmağa müvəffəq olub. İsrailə ən böyük təhdid də həmin “hilal”a daxil olan ölkələrdən gəlir. Söhbət İraqdan, Livandan, Suriyadan gedir. Artıq Yəməni də müəyyən mənada bura daxil etmək mümkündür. Bu ölkələrin hər biri birbaşa olmasa da, dolayı yolla müharibənin içindədir.
Hazırkı məqamda Qərbin birbaşa dəstəyi ilə müdaxilənin olub-olmayacağı ilə bağlı danışmaq çətindir. Qərb müharibənin ilk günlərində HƏMAS-ın hücumunun arxasında İranın durduğunu bəyan edirdi. Amma iki gün sonra ard-arda bəyanatlar verildi ki, İranın iştirakı ilə bağlı sübutları yoxdur. Halbuki bir sıra mənbələrdə İranın bu və ya digər şəkildə iştirakı qeyd edilib. İranın dəstəklədiyi bəzi qüvvələrin burada iştirakı və ya iştirak istəyi də mənzərəni tam aça bilər.
Əsas məsələlərdən biri də budur ki, Qərb Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar kifayət qədər qüvvə xərcləyib. Hesab edirəm ki, İranı da daxil ediriksə, Yaxın Şərqdə belə bir miqyasda müharibə Qərb, eləcə də region ölkələri üçün son dərəcə ciddi itkilər və nəticələrə səbəb ola bilər.
- Yaxın Şərqdəki son gəlişmələr Cənubi Qafqaza necə təsir göstərə bilər?
- Təkcə Cənubi Qafqaza yox, ümumiyyətlə, regiona necə təsir göstərə bilər? Çünki Cənubi Qafqaz Yaxın Şərqin qapısıdır. Bəzi nəzəriyyələrə görə isə Cənubi Qafqaz Yaxın Şərqin bir hissəsi və ya qurtaracağıdır. Bəli, bu müharibənin bütün regiona bu və ya digər formada təsiri olacaq. Müharibə davam etsə, genişlənsə, yalnız İsrail-Fələstin sərhədləri ilə məhdudlaşmasa, çox ciddi təsir və nəticələri ola bilər.