Politoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Gərginlik uzun illər vardı, ara-sıra toqquşmalar olurdu, bəs niyə İsrail-HƏMAS münaqişəsi indi partladı? Həm də bu miqyasda...
- HƏMAS çox böyük səhvə yol verdi. Uzun müddətdir HƏMAS-ı hüquqi cəhətdən susdura bilmirdilər. İllərdir özlərini dünyaya “İsrail tərəfindən təqibə məruz qalan”, “dövlətləri əlindən alınan” sırımağa çalışırdılar. Özlərini “erməni statusu”nda görürdülər. Ermənilər bizə qarşı necə çıxış edirdilərsə, HƏMAS da eynisini İsrailə qarşı edirdi. İsrail də gözləyirdi.
Mümkün deyil ki, İsrail kimi müasir, inkişaf etmiş texnologiyası olan bir dövlət uzunluğu 40-45, eni 25 kilometr olan bir əraziyə tankların, topların gətirilməsindən xəbərsiz olsun. İsrail hər şeyi görürdü. Necə ki, Prezident İlham Əliyev baxırdı, gözləyirdi, Paşinyan da ağlına gələnləri edirdi. Sonda nə baş verdi? Bizim polislərimizi şəhid etdilər və antiterror tədbirlərinə qərar verildi. İsraildə də eynisi oldu.
Biz məsələni ildırım sürəti ilə bitirdik. Bu taktika İsrailə sərf eləmir. Düşünürəm ki, İsrail müharibəni uzadacaq. Qəzzada gələcəkdə İsrail əleyhinə işlər görə biləcək adamların hamısını təmziləyəcəklər. Buna şübhə yoxdur. Yəni tələyə HƏMAS-ın özü düşdü.
- Toqquşmanın daha geniş regional savaşa çevrilməsi ehtimalı nə qədərdir? Artıq HƏMAS-a dəstəyini bəyan edən İrandan da yeni cəbhə mesajları gəlməyə başlayıb.
- Bu ehtimal var. İrana gəlincə, ağlı olsa, bu işə qarışmaz. Amerikanın İranı parçalayıb beş dövlətə bölmək planı var. 2025-ci ildə bu plan başa çatmalıdır. Mənə elə gəlir ki, bu, dərin dövlətin hazırladığı layihədir, mərhələli həyata keçirəcəklər. İndi də bunu reallaşdırmağa çalışırlar.
Savaş İrana sıçraya bilər. Çünki Amerika gəmiləri Aralıq dənizinə elə-belə gəlməyiblər. İstənilən vaxt İranı vura bilərlər. İranın vurulması Üçüncü Dünya Müharibəsinə təkan verə bilər. İnanmıram ki, belə bir durumda kimsə İranı dəstəkləyəcək. Çünki İran özündə belə bir üz qoymayıb, müsəlman dünyasından dəstək görməyəcək. Başqaları isə heç etməyəcək.
- ABŞ rəsmilər tez-tez İranın HƏMAS-ın hücumunda roluna dair sübutların olmadığını deyirlər. Son belə bir açıqlamanı dövlət katibi Entoni Blinken verib. Sizcə, bu açıqlamaların anlamı nədir?
- Əslində, belə faktlar var. Amerikanın özü bu faktları açıqlamaq istəmir. Elə məsələlər var ki, o anı gözləyirlər. Məsələn, Ermənistan bir aydır iddia edir ki, Qarabağdan “100 mindən çox erməni” çıxıb. Amma Azərbaycan Dövlət Sərhəd Xidməti hələlik heç bir açıqlama vermir. Gözləyirlər, bunun öz vaxtı var. Qarabağda təxminən 40 minə yaxın erməni yaşayırdı. Azərbaycanın aidiyyəti qurumlarının hamısında pasport göstəriciləri var. Hələlik biz bunun zamanını gözləyirik. İndi bunu HƏMAS-la bağlı İsrail gözləyir. Ola bilməz ki, ən münasir texnologiyası olan bir ölkə bunu sakitcə bir kənara qoysun.
İsrailin təkidindən sonra İranın özü boynuna aldı ki, hücumda iştirak edib. Ölkənin dini liderinin (Əli Xameneyi) özü dedi ki, mən onların əllərindən öpürəm. Hazırda bununla bağlı İsrail üçün hüquqi müstəvi yaradılır. Bunun başqa izahını görmürəm.
- ABŞ Prezidenti Co Bayden deyir ki, Türkiyənin Suriyadakı əməliyyatları Amerikanın xarici siyasət və milli təhlükəsizliyinə təhlükə yaradır. Yaxın Şərqdə gərginliyin artdığı vaxtda ABŞ-ın Türkiyəni ittiham qarşısında qoymaq cəhdləri nə ilə əlaqəlidir?
- Baydenin ittihamlarına fikir vermək lazım deyil, adamın psixoloji problemləri var. Adam xəyalatla söhbət edir, salamlaşır. Belə birinin bəyanatına nə qədər ciddi yanaşmaq olar? İkincisi, ABŞ-ın Suriyada iqtisadi maraqları var, bunu “milli maraq” adıyla sırımağa çalışırlar. ABŞ bu termini 1904-cü ildə Panamanı işğal edib kanalı ələ keçirəndə ortaya atmışdı. ABŞ-ın Yaxın Şərqdə də heç bir milli təhlükəsizlik maraqları yoxdur, iqtisadi maraqları var. “İqtisadi təhlükəsizlik” desəydi, doğru olardı. ABŞ Suriyanı talayıb aparır. Buna görə də, ABŞ-ın Türkiyəyə qarşı irəli sürdüyü iddialar əsassızdır. Türkiyə elə-belə dövlət deyil.
Baydendir də, deyir, yaşlı, xəstə adamdır. Fikir verməyin, nə istəyir, desin.
- Yaxın Şərqdəki gərginlikdən kim necə çıxacaq?
- İsrail tam qələbə qazanacaq. Fələstinin bir dövlət kimi mövcudluğu gündəmdən çıxacaq. Ramallahda bir balaca yer qalacaq. Qəzzada yaşayan fələstinlilərin əksəriyyəti İsrail vətəndaşlığını qəbul edəcək. Hamısı İsraildə ən yüksək səviyyədə yaşayacaq. Yəni Qəzza gündəmdən çıxacaq.
İran bölgəni tərk edəcək. İsrail Livan və Suriyanı da vurmağa başlayıb. Bu, Amerikanın da maraqlarına uyğundur. Bölgədə uduzanlardan biri də elə Suriya və Livan olacaq. Dediyim kimi, İran da çıxacaq. Artıq İranın sonu başlayır.