1 Noyabr 2023 14:26
2 957
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmiş rus sülhməramlıları ilə bağlı bəzi dəyişikliklər baş verir. Sülhməramlıların tərkibində xidmət müddəti bitən şəxslər ölkələrinə qayıdır. Həmçinin onlara məxsus texnikaların cari təmir adı altında ərazidən çıxarılması prosesi gedir. Üzərində sülhməramlıların emblemi həkk olunan hərbi texnikalar Rusiyaya göndərilir.

Bunu Teleqraf.com-a hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.

O qeyd edib ki, texnikaların göndərilməsi heç də sülhməramlıların ərazidən çıxması deyil:

“Onlar gec-tez ərazidən çıxacaq. Hazırda sülhməramlıların ərazidə görəcəyi bir iş qalmadığına görə, onlar yol çəkilişi, işıqlandırma proseslərinə qoşulub. Amma bülletenlerində qeyd edirlər ki, atəşkəs rejimi pozulmayıb. Orada atəşkəsi pozacaq kimsə olmadığına görə, bu məlumatın yayılması birmənalıdır. Ərazidə gizlənmiş silahlıların aşkarlanması ilə bağlı sülhməramlılar nə iş gördüklərini açıqlamır”.

Polkovnik hesab edir ki, antiterror tədbirlərindən sonra ərazidə terrorçuların qalması real təhlükədən xəbər verir:

“Hələ də ərazinin relyefinə sığınaraq gizlənən silahlıların olması ehtimalı böyükdür. Onların təminatının, qida ehtiyatının nə qədər olduğu bəlli deyil. Təminatları bitəndən sonra üzə çıxmağa məcbur olacaqlar. Ona görə də, ərazidə arama-tarama işləri aparılmalıdır. Təmizləmə işləri aparılsa da onu dərinləşdirmək lazımdır”.

Üzeyir Cəfərova görə, yüksəkliklərdə və mağaralarda terrorçuların bir müddət qalmasını nəzərə alaraq bunu heç də şansa buraxmaq olmaz:

“Silahlı şəxs varsa, o mütləq hadisə törədəcək. Məsələni diqqətdən kənarda qoymaq olmaz. Separatçılar da geri dönüşdən və sair məsələlərdən danışır. Görünür nəyəsə, kiməsə ümid edirlər. Vaxt itirmədən ciddi tədbirlər görülməlidir. Elə gizlin hərbi anbarlar ola bilər ki, silahlılar orada bir neçə ay yaşaya bilər”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər