Prezident İlham Əliyev oktyabr ayının 26-da 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının açılış mərasimində iştirak edib. Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılışının olması ölkəmizin energetika sahəsində olduqca mühüm tarixi hadisədir. Təxminən ilyarımdan bir qədər çox müddət ərzində Abşeron yarımadasının boş hissəsinin yaşıl enerji mənbəyinə çevrildiyini görmək qürurvericidir. Bu, əlamətdar nailiyyətdir 230 meqavat gücündə olan bu stansiya ölkəmizin enerjiyə artan tələbatını ödəyəcək və Azərbaycanın ixrac imkanlarını genişləndirəcək.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
Deputat bildirib ki, Qaradağ Günəş Elektrik Stansiyası zəmanətli və etibarlı əməkdaşlığın nəticəsində ərsəyə gəlib: “Birləşmiş Ərəb Əmirlikləri ilə tərəfdaşlığımız və dostluğumuz yüksələn xəttlə davam edir. Qaradağ Günəş Elektrik Stansiyası regionda ən böyük günəş elektrik stansiyasıdır və bu, sadəcə, əməkdaşlığın başlanğıcdır. Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələri uğurla inkişaf etməkdə davam edəcək. Birlikdə daha çox layihələr icra olunacaq. 1 qiqavat bərpaolunan enerji istehsalına yol açacaq üç investisiya sazişinin imzalanması Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında əlaqələrin parlaq nümunəsidir. Birgə əməkdaşlıq təkcə Azərbaycanın gələcək inkişafına deyil, həm də iqlim dəyişikliyi ilə bağlı məsələlərə töhfə verəcək. Qarşıdakı dövrdə mərhələlərlə 10 qiqavata qədər bərpaolunan enerji istehsal etmək üçün birgə əməkdaşlıq formalaşıb. Bu isə sözsüz ki, regionun enerji təminatında inqilab olacaq. Çünki Azərbaycan dünyada ilk dəfə XIX əsrin ortalarında neftin istehsal olunduğu ölkədir. Dənizdəki yataqlardan ilk neft ötən əsrin ortalarında istehsal olunub. Buna baxmayaraq ölkəmizin zəngin enerji ehtiyyatları olsa da yaşıl gündəliklə bağlı konkret hədəfləri mövcuddur”.
Deputat vurğulayıb ki, Azərbaycan xam neft, təbii qaz, neft məhsulları və elektrik enerjisini ixrac edən ölkədir: “Ölkəmizdə elektrik enerjisinin ixracı nöqteyi-nəzərdən böyük potensial var. Bu mənada Azərbaycan dörd qonşu ölkəyə enerji ixracını təmin edib. Gələcəkdə ölkəmiz digər bazarlara da elektrik enerjisi ilə çıxmağı hədəfləyib. Bu kontekstdə yeni stansiyanın inşa olunması ölkəmizin ixrac imkanlarını daha da artıracaq. Sözsüz ki, bərpaolunan enerji növlərinin inkişafı Azərbaycan üçün prioritet sahələrdəndir. Azərbaycanda mövcud olan sabitlik, iqtisadi inkişaf, qonşu ölkələrlə münasibətlər, nəqliyyat, kommunikasiyalar, elektrik xətləri nöqteyi-nəzərdən region ölkələri ilə sıx təmaslar unikal vəziyyət yaradıb. Qarşıdakı dövrdə Azərbaycan nəinki xam neft, neft məhsulları və təbii qaz, eyni zamanda, elektrik enerjisinin böyük istehsalçısı və ixracatçısı olacaq”.
Millət vəkili hesab edir ki, bu gün qonşu ölkələrlə yanaşı Avropa qitəsində elektrik enerjisinə böyük ehtiyac var: “Avropa ölkələrində yaranan enerji böhranının artdığı zamanda bərpaolunan enerji növlərindən istifadə bütün dünya dövlətləri üçün prioritetdir. Ölkəmizdə mövcud olan siyasi sabitlik şəraitində günəş, külək, su mənbələrindən istifadə alternativ enerji istehsalını artırır. Azərbaycan elektrik enerjisini yalnız ekoloji cəhətdən təmiz mənbələrdən istehsal edir. Ölkəmizdə bərpaolunan enerji növlərinin potensialı həddindən artıq böyükdür. Bu isə aparıcı enerji şirkətlərini Azərbaycanla əməkdaşlıq etməyə sövq edir”.
Tamam Cəfərova bildirib ki, Azərbaycanın bərpaolunan enerji gündəliyi təkcə günəş, külək elektrik stansiyaları ilə məhdudlaşmır: “İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda hidroenerji potensialı fəal şəkildə inkişaf etdirilir. Artıq 170 meqavat gücündə olan hidroelektrik stansiyalarını istismara verilib və bu ilin sonuna kimi bu, 270 meqavata çatacaq. İki-üç ildən sonra hidroelektrik stansiyaların gücü 500 meqavat olacaq. Bu da yaşıl enerjiyə keçid prosesinə digər mühüm bir töhfə olacaqdır. Sözsüz ki, bütün bu uğurlar Prezident İlham Əliyevin davamlı inkişaf və tərəqqiyə hesablanmış siyasətinin növbəti təzahürüdür”.