İrəvanda özünü qondarma rejimin rəhbəri kimi təqdim edən Samvel Şahramanyanın “hərəkətləri” heç bir məna kəsb etmir. Onun ətrafında toplaşanlar vaxtilə Qarabağda özlərini qondarma rejimin təmsilçiləri kimi təqdim edən hərbi canilər, separatçılardır. Həmin şəxslər haqqında Azərbaycan hüquq-mühafizə orqanlarında kifayət qədər material var. Zaman etibarı ilə bu hərbi canilər də Bakıya, istintaq təcridxanasındakı dostlarının yanına gətiriləcək.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Məmmədov deyib.
O qeyd edib ki, Şahramanyanı indi İrəvanda az qala Gevorkov (Boris Gevorkov 1973—1988-ci illərdə keçmiş Dağlıq Qarabağ vilayət partiya komitəsinin birinci katibi) kimi təqdim edənlər əslində nəyə xidmət etdiklərini fərqində deyillər:
“Özlərinin fitvası ilə Qarabağdan köçürüb apardıqları erməniləri İrəvanda başqa-başqa məqsədlər üçün istifadə edirlər. Həmin erməniləri aldatmaq üçün məhz bu kimi cəfəng məsələlər gündəmə gətirilir. Bu, əslində növbəti erməni fitnəkarlığıdır”.
Millət vəkili hesab edir ki, ermənilər xəyallarla yaşayan bir toplumdur:
“Şahramanyan kimi separatçıların indi İrəvanda nəsə deməsi heç nəyi dəyişmir. Onlar sadəcə olaraq öz maraqlarını güdürlər. Dünənə qədər Nikol Paşinyanla maaş davası aparan Şahramanyan indi özünü az qala Qarabağ ermənilərinin “lideri” kimi göstərir. Bu kimi məsələlərin, separatçıların davranışlarının isə Azərbaycanın apardığı işlərə heç bir təsiri yoxdur. Ərazi bütövlüyümüz və suverenliyimiz bərqərar edilib. Sərhədlərimizdən kənarda oyun quranların planları isə növbəti dəfə alt-üst olacaq”.
Elman Məmmədova görə, separatçılar və terrorçulara Azərbaycan ərazisində yer yoxdur:
“Onlar üçün qatar getdi. Bəzən Qarabağda, dağlarda və mağaralarda hansısa terrorçunun qalması ilə bağlı xəbərlər eşidilir. Belə ehtimallar var. Amma onlar da Azərbaycanın müvafiq qurumları tərəfindən ərazidən təmizlənəcək”.