Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Səməd müəllim, ABŞ Dövlət Departamenti Azərbaycanla münasibətlərə son vaxtlara qədər bir qədər balanslı yanaşırdı. Amma anidən bu mövqe dəyişəsi oldu. Sizcə, buna səbəb nə idi?
- Çox təəssüf ki, bu proses ABŞ Dövlət Departamentinə qədər yeridilib. Artıq buna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyi öz etirazını bildirdi. Bunun kökünü sözsüz ki, yalnız ABŞ-Azərbaycan münasibətlərində axtarmaq düzgün olmaz. Bu, Amerikanın dünyada və xüsusi ilə bu regionda apardığı siyasətlə bağlıdır. Görünən odur ki, ABŞ-ın apardığı siyasət ciddi problemlərə gətirib çıxarır. Yaxın Şərqdə, Rusiya-Ukrayna müharibəsi fonunda bunu görmək olur. Məhz bu kontekstdə Azərbaycanın əldə etdiyi qələbə yalnız işğalçı, ərazilərimizi işğal edən Ermənistan üzərində deyil.
- Bunu hansı səbəblərlə izah etmək olar?
- 30 il ərzində Azərbaycan xalqı Avropadan, ABŞ-dan birbaşa dəstək görməyib. Bunun əksinə bədnam “907-ci” düzəliş, Qarabağa, oradakı separatçı rejimə ABŞ-ın pul yardımı ayırması faktları yaddan çıxmayıb. Ona görə də, Azərbaycan tərəfindən tez-tez vurğulanır ki, keçmiş Qarabağ problemi bəzi qüvvələr tərəfindən alət kimi istifadə olunaraq regionda nüfuzlarını saxlamaq üçün istifadə edilib.
- Qarabağ məsələsi bitibsə, Azərbaycana qarşı bu təzyiqlər nə ilə bağlıdır?
- Elə reallıq da ondadır ki, Azərbaycan həmin qüvvələrin əlindən regionda təsir kimi istifadə etdiyi aləti alıb. İndi məhz bu reallığın dərk prosesi gedir. Artıq onlar başa düşürlər ki, Azərbaycanla başqa tərzdə danışmaq lazımdır.
- Ermənistana ABŞ və Qərbdən olan bu dəstək hansı məqsədlərə xidmət edir?
- Bu qüvvələr iki dəfə kapitulyasiya (10 noyabr 2020 və 20 sentyabr 2023-cü illər) aktına imza atmış Ermənistanı sülh prosesindən “qalib” çıxartmaq istəyir. Paradoks da məhz bundan ibarətdir. Məqsədləri sülh danışıqlarında Ermənistanın üstünlüyünə nail olub ərazidə nəzarət imkanı qazanmaqdır.
- Bu necə mümkün olacaq?
- Həmin qüvvələrin ədalətsiz sülhü yeritmək istəyini unutmamışıq. Bu o vaxt baş verirdi ki, torpaqlarımız işğalda idi. Azərbaycana həmin qüvvələr işğal faktı ilə barışın tezisini diktə edirdi. Amma bu alınmadı. Azərbaycan öz gücünə ərazilərini azad etdi, torpaqları üzərində suverenliyinin bərpasına nail oldu. Belə olan halda birtərəfli sülh anlayışı ortaya atıldı.
- Birtərəfli sülhlə bağlı əsas yanaşma necədir?
- Misal üçün Nikol Paşinyan Qranadaya gedib birtərəfli qaydada sülh istədiyini açıqlayır. Avropa Parlamentində də o, birtərəfli sülh tərəfdarı kimi bəyanatlar verir. Sözsüz ki, bu tezisin arxasında Qərb dayanır. Çünki onlar sülhü hər iki tərəf üçün deyil, ancaq Ermənistan üçün axtarır. Təbii ki, bu “planları” da baş tutmadı.
- İndi ortaya atılan yeni “üsul” nədən ibarətdir?
- Həmin proseslərdən sonra Qərb Azərbaycan və Ermənistan üçün separatçı sülh planı təklif etməyə başlayıb. Həmin “planla” Azərbaycan və Ermənistanı sanki regiondan çıxarıb burada Türkiyə, Gürcüstan, Rusiya, İran nəzərə alınmadan “sülh” təklif edilirdi. Təbii ki, bu da baş tutmadı. Ona görə də, indi yeni bir “oyun” qurublar.
- Sizcə, Azərbaycanı az qala hər gün sanksiyalarla hədələyən qüvvələrin “sülh prosesinə də sadiq qalmışıq” deməklə indi hansı mərhələni başlatmaq niyyəti var?
- Növbəti mərhələdə Qərb sanksiyalar və hədə-qorxu vasitəsi ilə sülhün əldə olunmasını istəyirdi. Avropadan Azərbaycana qarşı sanksiyalarla bağlı gündəmə gətirilən məsələlər də məhz buna xidmət edir. Sözsüz ki, bu, yeni “siyasətdir”. Amma bu da alınmayacaq. Çünki ədalətli, məsuliyyətli, Azərbaycanın, regionun maraqlarını, ölkəmizin yaratdığı reallığı nəzərə alan sülh olmasa, bu baş tutmayacaq. Onlar hazırda məhz “4-cü mərhələdə” bunu reallaşdırmağa çalışır. Bu da sözsüz ki, mümkün deyil.