Sülh prosesi öz təbii axarı ilə gedir. İndi beyinlərdə uzun illər formalaşmış yanlış təsəvvürlər, maneələr silinir. Eyni zamanda gerçək müşküllər qarşılıqlı şəkildə həll olunmağa çalışılır. Bu kontekstdə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması ötən ilə nisbətən bu il daha real görünür.
Bunu Teleqraf.com-a politoloq Zərdüşt Əlizadə deyib.
O qeyd edib ki, sülhlə bağlı tələskənliyə də yol vermək olmaz:
“Tərəflər müharibədən sonra öz mövqeyindədir. Amma sülh müqaviləsi hər iki tərəf üçün faydalı olar. Burada iqtisadi-siyasi sabitliklə bağlı vacib elementlər var. Sözsüz ki, kommunikasiyaların açılması Azərbaycanla yanaşı Ermənistan üçün daha əlverişli imkanlar yaradacaq”.
Politoloq hesab edir ki, Ermənistan tərəfi Azərbaycanın son çağırışı, yəni 8 kəndin azad edilməsi məsələsinə də adekvat reaksiya verməlidir:
“Təbii ki, burada Qazağın kəndləri ilə bağlı daha bir məsələ gündəmə gəlir. Bu kəndlərin Ermənistanı Gürcüstanla birləşdirən, nəhayət Rusiyaya çıxış qapısıdır. Bununla bağlı erməni tərəfinin narahatlıqları aydın şəkildə hiss olunur”.
Zərdüşt Əlizadəyə görə, Zəngəzur dəhlizindən keçəcək kommunikasiya xətləri ətrafında iş gedir:
“Eyni zamanda İrandan keçən yeni bir xətt açılıb. Araz çayı üzərindən körpünün əsası qoyulub. Hələlik şosse yolu olsa da İran Araz çayının sağ sahili ilə Azərbaycanı İran ərazisindən keçməklə Naxçıvanla birləşdirəcək dəmir yolu xəttinin də çəkilməsində maraqlıdır. Ona görə də, erməni tərəfinin Zəngəzur dəhlizi ətrafında manipuliyasiya qurmaq imkanları getdikcə daralır”.