1990-ci ildə Azərbaycanın Dövlət Bayrağını ilk dəfə ulu öndər Heydər Əliyev Naxçıvandan ucaltdı. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cumhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edildi. Daha sonra Azərbaycan Ali Sovetinin qərarı ilə də üçrəngli bayrağımız dövlət bayrağı kimi qəbul olundu.
Bunu Teleqraf.com-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.
O qeyd edib ki, bu fenomen qürur mənbəyidir:
“Dövlətimizin əsas atributlarından biri bayraqdır. Azərbaycan Konstitusiyasının 23-cü maddəsində dövlət bayrağı, dövlət gerbi və dövlət himni haqqında qanun var. Hər üç vacib atribut Azərbaycanın suverenliyinin, müstəqilliyinin rəmzidir. Bayraq haqqında qanunda da bu öz əksini tapıb”.
Deputat bildirib ki, bayraq dövlətimizin atributu olmaqla yanaşı milli kimliyimiz və mənəviyyatımızın ifadəsidir:
“Bayraq hər bir Azərbaycanlı üçün müqəddəs bir rəmzdir. Çünki müstəqil dövləti, bayrağı, gerbi və himni ilə tanıyırlar. Bu gün Azərbaycan üzv olduğu bütün beynəlxalq təşkilatlarda bayrağımız dalğalanır”.
Ziyafət Əsgərov vurğulayıb ki, Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd edilməsi mühüm tarixi əhəmiyyətə malikdir:
“Sözsüz ki, bunun çox böyük tərbiyəvi mənası var. İnsanlarda dövlət və dövlətçiliyin aşılanmasında bu amil çox böyük amil hesab edilir. Dövlət atributlarının mənasını, mahiyyətini bilməyən adam dövlətçiliyi bilməyəcək. Dövlətçiliyi bilməyən adam isə dövlətin qədrini bilən deyil. Dövlətin qədri bilinmədiyi halda dövlət güclü ola bilməz. Ona görə də, ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev həmişə çalışıblar ki, insanlarımız dövlətçiliyi və dövləti mənimsəsin və ona sadiq olsun. Bu sadiqlik fenomenindən bir də şanlı üçrəngli bayrağımızdır”.