10 Noyabr 2023 08:36
912
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Vətən müharibəsində Azərbaycanın qələbəsini, Ermənistanın isə hərbi kapitulyasiyasını rəsmiləşdirən tarixi 10 noyabr Bəyanatının imzalanmasından üç il ötür. Bəyanat uzun illər davam edən işğala son qoydu. Bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən qaytarıldı. Üçtərəfli bəyanatın imzalanması nəticəsində “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı qondarma ərazi adı tarixdəki yerini alaraq, tamamilə süquta uğradı. Şübhəsiz ki, Qarabağın bütün rayonları digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazimizdir. Azərbaycan Vətən müharibəsindən sonra mövcud status-kvonu özünə sərf edən şəkildə dəyişdi və itirilmiş əraziləri qaytardı.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

O qeyd edib ki, imzalanmış Bəyanat rəsmi İrəvanın regionun inkişafına təhdid yaradan işğalçı siyasətinə son qoydu: “30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi və “Böyük Ermənistan” planı fiaskoya uğradı. Ermənistanın və onun havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planları alt-üst oldu. “Dağlıq Qarabağ”ın statusunun müəyyən edilməsi məsələsi arxivə getdi. Regionda yeni siyasi reallıq yarandı. Rəsmi İrəvanın uzun illər ərzində ordu haqqında bəslədiyi mif puç oldu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Üçtərəfli Bəyanat status-kvonu dəyişdi. Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail oldu. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır. Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində imzalanan Bəyanat Azərbaycanın maraqlarına tam uyğun hazırlanıb. Üçtərəfli bəyanatın birinci maddəsində qeyd olunan tərəflərin hazırda tutduqları mövqelərdə qalması birbaşa Azərbaycanın maraqlarına xidmət edirdi. Xatırladaq ki, Ali Baş Komandan İlham Əliyevin israrlı mövqeyi nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmaq və bunun üçün çıxış qrafikini təqdim etməyə məcbur olmuşdur.

Millət vəkili onu da vurğuladı ki, Vətən müharibəsi nəticəsində ərazi bütövlüyümüz bərpa edildikdən sonra dövlət başçısı status məsələsinin artıq tarixdə qaldığını elan etmişdir. Prezident İlham Əliyevin 2021-ci il 7 iyul tarixli sərəncamı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi bölgələri yaradılmışdır. Bu bölgədə yaşayan ermənilər, əlbəttə, digər vətəndaşlarımız kimi, Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuş bütün hüquq və azadlıqlardan bərabər şəkildə istifadə edəcəklər. Odur ki, üçtərəfli bəyanatda bu məsələ ilə bağlı hər hansı bir müddəanın olmaması düşünülmüş siyasətin növbəti təzahürü idi.

T.Cəfərova bildirib ki, üçtərəfli bəyanat yaradılmış yeni reallığın hüquqi və siyasi bünövrəsini müəyyən etmişdir. Bəyanatın imzalanması ilə bir çox siyasi, diplomatik və iqtisadi uğurlar əldə olunmuşdur. Beləki, Ağdam, Laçın, Kəlbəcər rayonlarının, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin qan tökülmədən qaytarıldı. Azərbaycanla Türkiyə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoyan Şuşa Bəyannaməsinin 2021-ci il iyunun 15-də imzalandı. Azərbaycan tərəfindən sülh müqaviləsi üçün əsas olan beynəlxalq hüququn beş əsas prinsip irəli sürüldü. Sərhədlərin delimitasiyası ilə bağlı müvafiq komissiyalar yaradıldı. Prezident İlham Əliyevin 2022-ci 6 oktyabr tarixində Praqada Avropa İttifaqı Şurasının Prezidenti, Fransa Prezidenti və Ermənistanın baş naziri ilə görüşlərin nəticəsində imzalanmış Bəyanatla Azərbaycanın ərazi bütövlüyünün tanındı.“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılması prosesi həyata keçirilir. 2023-cü il 23 aprel tarixində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması ilə Azərbaycanın ərazi bütövlüyü təmin olundu. 2023-cü ilin sentyabr ayında antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyinin tam bərpa olundu.

Əminlikə deyə bilərik ki, qazanılmış bütün bu uğurların əsasında 10 noyabr Üçtərəfli Bəyanatının imzalanması dayanır. Hərbi əməliyyatlara son verən, bir çox mühüm məsələləri özündə ehtiva edən və bölgədə sülh və təhlükəsizliyin təmin olunması üçün zəruri çərçivəni müəyyən edən tarixi əhəmiyyətli üçtərəfli bəyanat Prezident İlham Əliyevin parlaq diplomatik qələbəsidir. Millət vəkili Tamam Cəfərova belə deyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər