11 Noyabr 2023 20:36
324
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalqın təkidli istəyi və tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər dövlət müstəqilliyinin möhkəmləndirilməsini, xalqın birliyinin təmin olunmasını və ictimai-siyasi sabitlik və iqtisadi inkişaf üçün münbit imkanların yaradılması prioritet istiqamətlər kimi müəyyənləşdirdi. Həmin dövrdə ən əsas məsələlərdən biri də zamanın tələblərinə cavab verən yeni qanunvericilik bazasının formalaşdırılması idi. Keçmiş SSRİ-dən miras qalmış hüquq sistemi və qanunlar müstəqil hüquqi və demokratik cəmiyyət quruculuğuna, qanunun aliliyinə, insan hüquq və azadlıqlarının müdafiəsinə təminat vermirdi. Cəmiyyətin gələcək inkişafı hüquq sahəsində islahatların həyata keçirilməsini, tamamilə yeni, mütərəqqi və demokratik dəyərlərə əsaslanan hüquq, məhkəmə və qanunvericilik sisteminin formalaşdırılmasını tələb edirdi. Bunun üçün isə qanunvericilik bazasının əsasını təşkil edən müstəqil dövlətin yeni Konstitusiyasının qəbul edilməsi artıq zərurətə çevrilmişdi.

Müstəqil Azərbaycan dövlətinin yeni Konstitusiyasının hazırlanaraq qəbul edilməsi Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı ən böyük xidmətlərindəndir. Yeni Konstitusiya layihəsinin hazırlanması kimi çox ciddi və məsuliyyətli vəzifəni bilavasitə öz üzərinə götürən dahi şəxsiyyət Heydər Əliyev Komissiyanın 1995-ci il avqustun 16-da keçirilən iclasında çıxışı zamanı qeyd etmişdir ki: "Bu gün mən tam qətiyyətlə deyirəm və bütün dünyaya bəyan edirəm ki, Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət qurmaq üçün Azərbaycan Respublikasını öz tutduğu yol ilə - demokratiya yolu ilə aparmaq üçün biz ciddi iş görmüşük, böyük addım atmışıq və bununla da müstəqil dövlətimizin hansı yolla getdiyini dünyaya bir daha sübut edirik".

Müstəqil dövlətin ilk Konstitusiyasının qəbulu ölkənin inkişafında tamamilə yeni mərhələnin başlanğıcının qoyulmasının göstəricisi idi. Bu mərhələ öz növbəsində siyasi sistemin mərkəzində insan hüquq və azadlıqlarının, demokratik və hüquqi dövlət ideyalarının olması ilə səciyyələnir. Müəllifi Ulu Öndər Heydər Əliyev olan Əsas Qanunda müasir cəmiyyətin əsas inkişaf istiqamətlərini müəyyən edən dəyərlər geniş şəkildə əks olunmuşdur. Belə ki, dövlət hakimiyyət orqanlarının demokratik qaydada formalaşdırılması, insan şəxsiyyətinə və ləyaqətinə hörmət, insan hüquq və azadlıqlarının effektiv müdafiə mexanizmlərinin mövcudluğu, hakimiyyət bölgüsünün təmin edilməsi, sosial ədalətə nail olmaq, milli qanunvericiliyin beynəlxalq hüquqa uyğunlaşdırılması kimi və digər mühüm müddəalar Konstitusiyada öz əksini tapmışdır. Bu sənəd heç bir ayrı-seçkiliyə yol vermədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir.

Azərbaycan Konstitusiyasında qadınların kişilərlə bərabərhüquqlu olması təsdiq edilib və qeyd olunub ki, ölkədə kişi ilə qadının eyni hüquq və azadlıqları vardır. Bununla da, demokratik cəmiyyət quruculuğunda qadınların iştirakının hüquqi bazası yaradılıb. Bu isə öz növbəsində ictimai-siyasi həyatımızın bütün sferalarında gender siyasətinin güclənməsinə gətirib çıxarmışdır. Hüquq bərabərliyi bir sıra məcəllələrlə, o cümlədən, Ailə, Mülki, Əmək, Cinayət, İnzibati Xətalar Məcəllələrlə və digər qanunlarla təsbit olunmuşdur. Ümumiyyətlə, Azərbaycan Respublikası Konstitusiyasının təxminən üçdə biri (24-71-ci maddələr) məhz birbaşa insan hüquq və azadlıqlarının təsbitinə və qorunmasına həsr olunmuşdur. “Əsas insan və vətəndaş hüquqları və azadlıqları” adlanan III fəsil məhz bu barədədir. Orada insanlara doğulduğu andan mənsub olan toxunulmazlıq, pozulmaz və ayrılmaz hüquq və azadlıqların hər biri ətraflı şərh edir, onların reallaşdırılmasına təminat verir, müdafiəsi təsbit olunur. Azərbaycan Konstitusiyasında dövlətin əsas nüvəsi olan ailənin mahiyyəti, ailə üzvlərinin vəzifə və hüquqları xüsusi maddələrlə müəyyən edilmişdir. Dövlət və cəmiyyətin Əsas Qanunu olması ilə bərabər, ölkədə gedən ictimai inkişaf və sosial-iqtisadi dəyişikliklər, həmçinin qloballaşan dünya tələbləri Konstitusiyanın özünün mətnində də dövrün nəbzinə uyğun əlavə və dəyişikliklərin edilməsini tələbata çevirdi. Belə ki, Əsas Qanunun mətninə 2002-ci il 24 avqust, 2009-cu il 18 mart və 2016-cı il 26 sentyabr tarixlərində keçirilmiş referendumlar nəticəsində əhəmiyyətli əlavə və dəyişikliklər edilmiş və bu əlavə və dəyişikliklər insan hüquq və azadlıqlarının müdafiəsi mexanizmlərinin daha da təkmilləşdirilməsinə və bu sahədə dövlət orqanlarının fəaliyyətinin inkişaf etdirilməsinə yönəlmişdir.

Bu sənədin əsas dəyəri ondan ibarətdir ki, məzmunca xalqın iradəsini ifadə edir, Azərbaycan dövlət quruluşunun təsisatını, hüquqi əsaslarını göstərir. Azərbaycanda dövləti idarəetmənin prinsiplərini, dövlət və xalq arasında münasibətləri əks etdirir, hüquqi, demokratik dünyəvi dövlətin qurulması üçün bütün hüquqi əsasları yaradır. Konstitusiya mahiyyətcə ölkənin tam müstəqilliyini, ərazi bütövlüyünü, Azərbaycan xalqının, vətəndaşlarının hər birinin hüquqlarının toxunulmazlığını, respublikamızın bölünməzliyini, hakimiyyətin heç bir qüvvə tərəfindən mənimsənilə bilməzliyini təmin edir.

Xalqımız Əsas Qanunun qəbulunun 28-ci ildönümünü qalib xalq kimi ikiqat sevinc hissi ilə qeyd edir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində tarixi Qələbənin qazanılması və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması Konstitusiyamızın ölkəmizin bütün ərazisində tətbiqinə imkan yaratdı. Məhz bu Tarixi Qələbə sayəsində 30 ilə yaxın müddətdən sonra beynəlxalq hüququn prinsip və tələbləri yerinə yetirərək işğaldan azad edilmiş ərazilərdə Konstitusiyanın hüquqi qüvvəsi təmin olundu.

Azərbaycan Prezidenti 28 il bundan əvvəl qəbul olunan bu Ali Sənədlə bağlı bildirmişdi ki, “Xalqımızın Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış Konstitusiya müasir dünyanın sivil dəyərləri və qanun yaradıcılığı təcrübəsinə, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə, milli və ümumbəşəri prinsiplərə söykənərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaratmışdır.” Bəli, biz bu möhkəm təməl üzərində dövlətimizin hərtərəfli güclənməsini və vətəndaşlarımızın hüquq və azadlıqlarının müdafiəsini daha da inkişaf etdiririk.

Milli Məclisin Komitə sədri, professor Hicran Hüseynova


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər