Müəyyən beynəlxalq dairələr Cənubi Qafqazda vəziyyətin gərgin olaraq qalmasında maraqlıdır. Eyni zamanda, biz hələ də bir sıra dövlətlərin əsassız olaraq Ermənistanın maraqlarına uyğun formada çıxış etdiyini görürük. Noyabrın 15-də ABŞ-ın Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Avropa və Avrasiya altkomitəsində “Dağlıq Qarabağın gələcəyi” mövzusunda dinləmə keçirilməsi və dinləmələrdə çıxış edənlərin Azərbaycana qarşı qərəzli mövqeyi bunu bir daha təsdiqləyir.
Bunu Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, Azərbaycan 30 il ərzində Ermənistanın işğalından əziyyət çəkən zaman beynəlxalq birlik işğalçıya qarşı təsirli addımlar atmadı. Bu prosesdə dünyanın aparıcı dövlətləri xüsusilə susqunluq nümayiş etdiriblər. Vaxtilə ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olmuş ABŞ da Qarabağ münaqişəsinin həllində ikili standartlardan çıxış edib. Həmin dövrdə ABŞ və digər həmsədrlər təzavüzkarı heç vaxt öz adı ilə çağırmayıblar, əksinə verdikləri bəyanatlarda işğalçı Ermənistanın maraqlarına uyğun olub. Özünü dünyada beynəlxalq hüququn, insan haqlarının əsas qoruyucusu kimi təqdim edən ABŞ işğaldan əziyyət çəkən Azərbaycana heç vaxt ciddi dəstək nümayiş etdirməyib. Əksinə, Konqres tərəfindən qəbul olunmuş 907-ci düzəliş ölkəmizə qarşı ədalətsizliyin bariz nümunəsidir.
Millət vəkilinin sözlərinə görə, beynəlxalq səviyyədə ədalətsizliklə üzləşən Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsində öz torpaqlarını işğaldan azad etdi. Bu tarixi hadisədən sonra rəsmi Vaşinqton Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üçün vasitəçilik təşəbbüsləri ilə çıxış edib. Təsadüfi deyil ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sülh sazişi layihəsinin müzakirəsi üzrə keçirdiyi altı görüşdən üçü ABŞ-da baş tutub. Bu, ölkəmizin sülhə sadiqliyinin göstəricisidir. Amma sentyabr ayında ordumuzun Qarabağda keçirdiyi lokal antiterror tədbirləri nəticəsində dövlətimizin suverenliyini tam bərpa etməsindən, separatçı rejimin təslim olmasından sonra ABŞ-ın mövqeyində müəyyən dəyişikliklər yaranıb. Belə ki, ABŞ-ın bir sıra rəsmi şəxsləri Azərbaycanın öz suverenliyini təmin etməsini yanlış formada şərh edirlər. ABŞ Konqresindəki erməni lobbisinin nümayəndələri isə açıq-aşkar erməni separtizminə dəstək verir, ölkəmizə qarşı qərəzli mövqe sərgiləyirlər.
Sevinc Fətəliyeva qeyd edib ki, ABŞ-ın Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Avropa və Avrasiya altkomitəsində “Dağlıq Qarabağın gələcəyi” mövzusunda keçirilən dinləmələr də bunu təsdiqləyir: “Dinləmələrdə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Braynın fikirləri də obyektivlikdən uzaq və qəbulolunmazdır. Ceyms O’Braynın “Azərbaycanla münasibət 19 sentyabr hadisələrindən sonra adi qaydada davam etməyəcək” sözləri ciddi suallar doğurur. Belə çıxır ki, ABŞ Azərbaycanın beynəlxalq müstəvidə tanınmış ərazisində qanunsuz, separatçı rejimin mövcudluğunun tərəfdarıdır? Digər tərəfdən, ABŞ rəsmisi çıxışında Ermənistanın və separatçı rejimin işğal dövründə Azərbaycana vurduğu zərbələrə, yüzminlərlə insanın doğma yurdlarından qovulmasına toxunmur. Dövlətimiz 44 günlük müharibədən sonra Qarabağ erməniləri ilə məsələləri dinc yola həll olunmasına çalışıb. Lakin qanunsuz rejim buna qarşı çıxıb, əvəzində bir çox hərbi təxribatlar törədib. Ona görə də, dövlətimiz qanunsuz rejimin hərbi birləşmələrinə qarşı lokal antiterror tədbirləri keçirib və öz suverenliyini təmin edib. Dövlətimiz Qarabağın mülki erməni əhalisi üçün reinteqrasiya proqramı təklif edib. Lakin həmin ermənilərin əksəriyyəti könüllü surətdə Ermənistana köçüb. Təəssüf ki, ABŞ rəsmiləri bütün bunlara qərəzli yanaşır. Azərbaycanla yanaşı Ukrayna, Gürcüstan və Moldovada eyni problemdən əziyyət çəkir, onların da ərazi bütövlüyü və suverenlik problemi var. Amma nədənsə ABŞ birmənalı olaraq həmin ölkələrə açıq dəstək verir. Azərbaycana gəlincə, başqa mövqe ortaya qoyulur. Beynəlxalq hüquq bütün ölkələr üçün bərabər olmalıdır. ABŞ-ın ikili standartlarla çıxış etməsi isə ən azı təəssüf doğurur. Lakin Vaşinqtonun bu qərəzli mövqeyi Azərbaycanın beynəlxalq hüquqa və ədalət prinsiplərinə əsaslanan mövqeyinə təsir edə bilməz!”.