Noyabrın 20-21-də Bakıda keçirilən Qoşulmama Hərəkatının qadınların hüquqlarının təşviqi üzrə ilk konfransı bir neçə məqamı ilə yadda qaldı. Azərbaycan Qadınların Hüquqlarının İnkişafı və Gücləndirilməsi üzrə Konfransda hərəkatın bütün üzvləri tərəfindən birmənalı şəkildə dəstəklənən təkliflə çıxış etdi. İştirakçılar Qadınlar Platformasının yaradılması təklifinin yerində və zamanında verildiyini vurğuladılar. Bütün hallarda konfrans özlüyündə mühüm qlobal və siyasi hadisə kimi diqqət çəkdi. Qəbul olunan Yekun Bəyannamə mühüm siyasi sənəd olaraq qadınların hüquqlarının təmin edilməsi istiqamətində qlobal çağırış kimi qəbul edildi.
Bunu Teleqraf.com-a açıqlamasında Ramiz Alıyev bildirib.
Onun sözlərinə görə, Qoşulmama Hərəkatının üzvləri insan hüquqlarının təmin edilməsi və qadınların səlahiyyətlərinin artırılması üçün öhdəliklər götürüblər: “Ən mühümü odur ki, ölkələr Bəyannamədə öz əksini tapan məqamlarla bağlı siyasi iradənin mövcudluğunu bildiriblər. Qadınlara qarşı zorakılığın bütün formaları tamamilə aradan qaldırılana qədər ölkələr öz səylərini birləşdirəcək və mübarizəni davam etdirəcəklər. Qoşulmama Hərəkatının ən fəal üzvü olan Azərbaycan bu günə qədər qurum daxilində üç təşəbbüslə çıxış edib və onların hər biri dəstəklənib. Bakının təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Qoşulmama Hərəkatının Gənclər Təşkilatı da yaradılıb. Sonuncu konfrans, sözsüz ki, Qoşulmama Hərəkatının beynəlxalq imicini daha da möhkəmləndirəcək. Yekun sənəddə qeyd olunan məsələlər əslində qlobal xarakterlidir. Cəmiyyətin bütün sahələrində qadınların təmsil olunmasının vacibliyi vurğulanan Bəyannamədə üzv dövlətlərin siyasi sistemlərində qadınların bərabər iştirakının təşviqi xüsusi vurğulanıb. 9-cu bənddə göstərilib ki, üzv dövlətlər Qadınlar üzrə IV Ümumdünya Konfransı tərəfindən qəbul edilmiş Pekin Bəyannaməsi və Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 23-cü xüsusi sessiyasının “21-ci əsr əsr üçün gender bərabərliyi, inkişaf və sülh” çağırışlarına qoşulur. Düşünürəm ki, Bakının ev sahibliyi etdiyi bu konfrans təkcə qadınların hüquq və azadlıqlarının qorunması, gücləndirilməsi baxımından deyil, ümumiyyətlə insan hüquqlarının müdafiəsi istiqamətində atılan mühüm addımdır. Konfransı həmçinin Azərbaycan dövlətinin beynəlxalq insan hüquqlarının müdafiəsinin genişləndirilməsinə verdiyi mühüm töhfə kimi də dəyərləndirmək olar”.
R.Alıyevə görə, Bakının bu cür qlobal konfranslara ev sahibliyi etməsi artıq ənənəvi xarakter alıb: “Dünyada Bakı dedikdə beyinlərdə mühüm qlobal tədbirlərin keçirildiyi bir şəhər, paytaxt canlanır. Təbii ki, indiki məqamda Bakının insan hüquqları ilə bağlı beynəlxalq tədbirə ev sahibliyi etməsi Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır.
Qoşulmama Hərəkatının sədri olaraq Azərbaycan Prezidenti cənab İlham Əliyev konfransının iştirakçılarına ünvanladığı müraciətdə çox doğru olaraq iştirakçıların diqqətini vacib bir məqama çəkdi. Söhbət Qərbdəki bəzi imperialist düşüncəli dövlətlərin dekolonizasiya siyasətindən gedir. Ölkə başçısısının təşəbbüsü ilə keçirilən tədbirlər nəticəsində, xüsusilə də Fransanın yürütdüyü neokolonializm siyasətini qlobal səviyyədə ifşa edildi. Azərbaycan bu utancverici praktikaya son qoyulmasını tələb etdi. Cənab prezident bildirdi ki, kolonializm qadınların hüquqlarını kobud şəkildə pozur. Özlərini demokratiyanın beşiyi adlandıran ölkələr dekolonizasiya siyasəti ilə başqa ölkələrdə yaşayan insanların hüquq və azadlıqlarını əllərindən alır, sülh və sabitliyə zərbə vururlar. Bu mənada Bakıda keçirilən Qadınların Hüquqlarının İnkişafı və Gücləndirilməsi üzrə Konfrans bizə imkan verdi ki, öz mesajlarımızı bir daha dünyaya çatdıraq. Hesab edirəm ki, Azərbaycan bunu bacardı və bütün dünyaya göstərdi ki, dünyada qadın hüquqlarının qorunması və inkişaf etdirilməsində ən çox marağı olan ölkə elə bizik”.