25 Noyabr 2023 09:28
14 747
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Tofiq müəllim, Azərbaycan Ermənistana ikitərəfli görüş təklif edib. Amma sülh müstəvisində aktivlik müşahidə edilmir. Sizcə, danışıqlara nə mane olur?

- Sülhdən öncə təbii ki, danışıqlar üçün heç bir maneə qalmayıb. Ermənistan və onların havadarları isə Azərbaycanın danışıqlardan imtina etdiyini iddia edir. Eyni zamanda Azərbaycanın Qərbin vasitəçiliyinə qarşı Rusiyanın prosesdə iştirakında maraqlı olduğu iddiası səslənir. Hazırda isə Azərbaycan mövqeyini açıqlayıb. Bununla da Qərbdən irəli sürülən tezislər neytrallaşdırıldı. Bundan sonra Ermənistanın danışıqları istəyib-istəməməsi gündəmə gələcək.

- Ermənistan danışıqların Qərb platformasında aparılmasında israrlı davranır. Azərbaycanın isə əks arqumentləri var...

- Burada danışıqlar Azərbaycanla Ermənistan arasında aparılır. Vasitəçinin isə burada mövqeyi o qədər də önəm kəsb etmir. Azərbaycanın arqumenti də odur ki, bu görüş Gürcüstanda, yaxud da birbaşa iki dövlət sərhəddində baş tuta bilər.

- Azərbaycanın Qərb platformasından imtinası hansı səbəblərlə izah olunur?

- Əsas məsələ Qərbdən olan mövqe ilə bağlıdır. Azərbaycan hesab edir ki, bu məsələdə Qərbin mövqeyi heç də balanslı deyil. Bu, ölkəmizin qərarı olmaqla yanaşı, onun əsas hüququdur. Azərbaycanın kimi vasitəçi olaraq qəbul edib-etməməsi onun seçimidir.

- Ayın sonu Azərbaycan-Ermənistan arasında sərhədlərin müəyyənləşməsi ilə bağlı yaradılmış komissiyanın görüşü olacaq. Bu görüşdə siyasi müzakirələrlə bağlı da gözləntilərin olduğu deyilir...

- Bu, sadə bir prosedurdur. Bir otaqda sərhəd komissiyası, digər otaqda isə siyasi danışıqları aparan şəxslər oturub müzakirə edə bilər. Söhbət burada şəraitin necə olacağından getmir. Müzakirə edilən otağın pəncərəsindən baxdıqda Vaşinqtonu, Moskvanı, Brüsseli görməyə ehtiyac yoxdur. Pəncərədən çölə baxmadan danışıqlar da aparmaq mümkündür.

- Əks arqumentlərdə Azərbaycanın narazı qaldığı məqamlar nədən ibarətdir?

- Azərbaycan birbaşa olaraq Fransanın, Avropa İttifaqının və Vaşinqtonun mövqeyindən narazıdır. Vaxtilə Rusiyanın da mövqeyindən narazı olmuşuq. Bu Azərbaycanın seçimidir. İstəmirik vəssalam! Azərbaycan onu deyir ki, mənə xoşa gələn təklif ver! Bu yoxdursa, biz də istəmirik! Çünki onların gəlib haradasa ağalıq etməsi şərt deyil.

- İndi elə bir fikir formalaşdırılır ki, Azərbaycan guya Zəngəzura hərbi müdaxiləyə hazırlaşır...

- Əslində Qərbdə bu fikirləri formalaşdıranlar məsələnin birini deyib, digərini demir. İddia edirlər ki, onların narahatlığı Azərbaycanın xüsusi bir əməliyyat keçirmə ehtimalı ilə bağlıdır. Amma bir müddət öncəyə qədər Qarabağda 8-10 min erməni hərbçisinin qalması, antiterror tədbirləri öncəsi Azərbaycan polislərinin şəhid olması, iki mülki şəxsin partalayış nəticəsində öldürülməsi, minadan zərərçəkənlərin sayını yəqin ki, Qərbdə həmin yalan məlumatları yayanlar görmür. Bunun əksinə Azərbaycanın mövqeyinə etiraz edirlər. Hər bir ölkənin öz vətəndaşlarının maraqlarını müdafiə etmək hüququ var. Ona görə də, Azərbaycan bu kimi məsələlərə fikir vermir.

- Bu iddiaların Zəngəzur dəhlizinin açılması və ona nəzarətlə bağlı əlaqəsini necə izah etmək olar?

- Ermənistan sərhəddə, o cümlədən Zəngəzur istiqamətində təxribata əl atacaqsa bu, cavabsız qalmayacaq. Əslində təxribatlarla Azərbaycanı oyuna çəkmək onun haqqında mənfi imic formalaşdırmaq və daha çox reaksiyalarla üz-üzə qoymaq ermənilərin köhnə taktikasıdır. Amma indi hamı başa düşür ki, Azərbaycan lazım gələndə zəruri addımı atacaq.

- Delimitasiya prosesinin nəticəsində Ermənistanın işğalında qalan kəndlərin təhvil verilməsi gözlənilirmi?

- Ermənistan vaxtilə Azərbaycana qarşı ərazi iddiaları irəli sürüb. Faktiki olaraq erməni tərəfi özünün köhnə sərhədlərindən imtina edib. İndiki halda iki ölkə arasında konkret sərhəd xətti yoxdursa, sovet dövründə və 1991-ci ildə qəbul edilmiş prinsip qəbul edilmirsə burada məsələ tamam başqa müstəviə yönəlir. Misal üçün Azərbaycan Rusiya ilə sərhədlərini məhz bu prinsip əsasında həll edib. Bununla da Azərbaycanın Qazax istiqamətində hələ də Ermənistanın nəzarətində qalan 7 kəndi vaxtilə qanunsuz olaraq ermənilərə verilmiş ərazilərin təhvil verilməsi ilə öz həllini tapacaq.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər