27 Noyabr 2023 16:06
2 009
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Baş naziri Nikol Paşinyan növbəti dəfə xislətini ortaya qoydu. Son günlər bölgədəki aktivlik bir çox cavabsız suallar yaradıb: Müharibədən sonra Ermənistanın silahlanması hansı məqsədlərə xidmət edir, Rusiyadan sifariş verilən silahlar nə üçün lazımdır? Görünür, burada revanşizm və müharibə ilə bağlı ritorika dəyişməyib.

Bunu Teleqraf.com-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

O qeyd edib ki, Ermənistan tək Rusiyadan silah gözləmir:

“Fransadan verilən silahlar ciddi qəbul edilməsə də, planlarında var. Hələ ki, Fransadan “Bastion”lar göndərilib. Hindistandan da silah alınır. Maraqlısı odur ki, müharibədən sonra Ermənistanın bu qədər silahlanması nə məna kəsb edir? Əgər Ermənistan doğurdan da sülh müqaviləsi imzalamaq istəyirsə, bunun üçün də az qala hər gün bəyanatlar verilirsə, konkret addım atılmalıdır”.

Komitə sədri hesab edir ki, Eremənistan sülhə hazır deyil:

“Onlar sadəcə beynəlxalq ictimaiyyətdə belə bir görüntü yaratmaq istəyir. Erməni tərəfi özlərinin guya sülhə hazır olduğunu, Azərbaycanın sülh istəmir iddiasını ortaya atır”.

Ziyafət Əsgərova görə, sülh prinsiplərini irəli sürən Azərbaycan Prezidenti olub:

“Ona görə də bütün bunların hamısı Ermənistanın şousudur. Onlar Azərbaycanın Qələbəsini həzm edə bilmirlər. Amma erməni tərəfi nə qədər silahlansa da, nəticəni dəyişə bilməyəcək. Əslində, Ermənistanın bu qədər silah almağa pulu yoxdur. Diasporanın pulu ilə bu qədər silah almaq mümkün deyil. Sadəcə olaraq görüntü yaradırlar”.

Millət vəkili bildirib ki, Ermənistan silahlansa belə Azərbaycan Ordusu qarşısında duruş gətirə bilməyəcəklər:

“Müharibədə Ordumuz onlara elə zərbə vurub ki, uzun müddət özlərinə gələ bilməyəcəklər. Bundan sonra onların Azərbaycan Ordusu səviyyəsində silahlanması mümkün deyil. Ona görə də nə qədər gec deyil Ermənistanın gələcəyi, taleyi naminə danışıqlar masasına otursunlar”.


Müəllif: Tapdıq Qurbanlı