ABŞ Dövlət katibi Entoni Blinkenin Prezident İlham Əliyevə telefon zəngi bir çox məqamlara aydınlıq gətirilməsi baxımından önəmli idi. Dövlət katibinin köməkçisi Ceyms O`Braynın Vaşintondakı dinləmələrdə çıxışı əslində erməni diasporunun istəklərinin və sözlərinin ifadəsi olmuşdu. Bu isə Amerikanın milli maraqlarına zidd olan fikirlərdir.
Bunu Teleqraf.com-a Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə deyib.
“Bunu anlayandan sonra ABŞ Dövlət katibinin Azərbaycan Prezidentinə telefon zəngini yanlışlığın, səhvin etirafı kimi qəbul etmək lazımdır. Burada ABŞ-Azərbaycan münasibətlərini yenidən bərpa etmək istəyi ifadə olunub”, - deyə o qeyd edib.
Millət vəkilinə görə, erməni diasporası Azərbaycan və ABŞ-la yanaşı Ermənistanda yaşayan erməniləri də zərbə altında qoyur:
“Çünki erməni diasporasının istəyi müharibələr, faciələrlə bağlıdır. Növbəti 100 il yenə də saxta soyqırımı mahnılarını oxumaq niyyətləri var. Bunun müqabilində də çoxlu maliyyə toplamaq planları qurublar”.
Asim Mollazadə hesab edir ki, Blinkenin Azərbaycan Prezidentinə telefon zəngi geriyə doğru atılmış addımdır:
“Ümidlər var ki, ABŞ bundan sonra ona qarşı çalışanların və dostunun kim olduğunu ayırd edə biləcək. Amma ümumi mənzərə odur ki, Azərbaycanın yaratdığı reallığa qarşı ritorika dəyişir. Faktiki olaraq “907-ci” düzəlişin tətbiqi ABŞ-ın öz maraqlarına zərbə idi. Azərbyacan ABŞ-ın antiterror tədbirlərinə hər zaman böyük dəstək verib. Erməni diasporası isə ancaq öz maraqlarını güdüb”.